Amerikanın sanksiyalarının günahı varmı?" />

İranda təyyarə qəzası: səbəblərə dair versiyalar

Amerikanın sanksiyalarının günahı varmı?

2018-ci il fevralın 18-də Aseman Airlines aviaşirkətinin təyyarəsi Tehran-Yasuc reysi ilə uçub. Tehran aeroportundan havalanandan 50 dəqiqə sonra layner radarlardan yoxa çıxıb. Mənzil başına 22 kilometr qalmış təyyarə Dena dağı yaxınlığında qəzaya uğrayıb, BBC xəbər verir.

Aseman Airlines nümayəndələri bildiriblər ki, təyyarədə olan 66 nəfərin hamısı həlak olub. Daha sonra şirkət məlumat verib ki, təyyarənin qəzaya uğradığı ərazinin keçilməz olması üzündən xilasedicilər indiyə qədər ora gedib çıxa bilməyiblər, buna görə də sağ qalanların olmadığını əminliklə demək hələlik  mümkün deyil.

Aseman Airlines şirkətində hesab edirlər ki, qəzanın səbəbinə dair ilkin versiya pis hava şəraitidir. Şirkətin başqa bir təyyarəsi həmin gün eyni səbəbdən mənzil başına çatmadan fövqəladə eniş etməli olub.

Son illərdə İranda ard-arda bir neçə təyyarə qəzası baş verib. 2009-cu ildən bəri belə faciələr nəticəsində İranda 285 nəfər həlak olub.

İran hakimiyyəti bəyan edib ki, bu fəlakətlərin səbəbi ölkədə nüvə proqramının inkişafının qarşısını almaq məqsədilə Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar ola bilər. Bu sanksiyalar üzündən İranın aviaşirkətləri yeni Qərb təyyarələri və ya köhnələr üçün ehtiyat hissələri əldə edə bilmir.

Fevralın 18-də qəzaya uğrayan təyyarə 25 ildən bəri istifadədə olub.


More on JAMnews