Qafqaz cəmiyyətlərində 9 may gününü necə qeyd edirlər, veteranlar necə yaşayır, həmin gün və həmin vaxt barədə nə düşünürlər?" />

İkinci Dünya Müharibəsinin Qələbə Günü – Qafqazda onu necə xatırlayır və qeyd edirlər

Qafqaz cəmiyyətlərində 9 may gününü necə qeyd edirlər, veteranlar necə yaşayır, həmin gün və həmin vaxt barədə nə düşünürlər?

 

Fotonun müəllifi: Ed Westcott. ABŞ-ın Tennesi ştatının Oak Ridge şəhərinin sakinləri İkinci Dünya Müharibəsinin bitməsini bayram edir. Foto WikiCommons-un açıq arxivindən götürülüb

İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbə bütün dünyada 8 və 9 may günləri qeyd olunur.

Almaniyanın silahı yerə  qoyub müttəfiqlərə təslim olması ilə bağlı sənəd isə  (The German Instrument of Surrender) 1945-ci il mayın 8-də gecəyarısı imzalanıb. O vaxkı Sovet İttifaqı ilə saat qurşağı fərqinə görə, bu artıq 9 may idi, sovet xalqına da rəsmən mayın 9-u səhər elan edildi.

Ona görə də, faşist Almaniyası üzərində Qələbə günü Avropa ölkələrində mayın 8-i, post-sovet ölkələrində isə mayın 9-u bayram edilir. Almaniyada isə mayın 8-i nasional sosializmdən qurtuluş günü kimi qeyd olunur.

Qafqazın bütün regionlarında da 9 may bayram və istirahət günüdür. Bir çox şəhər və kəndlərdə hələ də İkinci Dünya Müharibəsinin veteranları yaşamaqdadır.

JAMnews regiondan bir neçə əsas məqam haqda danışır, yerlər həmişə olduğu kimi əlifba sırası ilə təqdim edilib.

9 may necə qeyd edilir?

Аbxaziyada 9 may böyük təntənəylə qeyd olunur. Səhər tezdən təmtəraqlı şəkildə naməlum əsgərin heykəli önünə gül dəstələri qoyulub, elə oradaca mitinq keçirilib. Bundan sonra Abxaziya və Rusiya silahlı qüvvələrinin təntənəli marşı baş tutub. Prezident Raul Xadjimba Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb [burada İkinci Dünya Müharibəsi Sovet İttifaqında qəbul edilmiş kimi adlanır- JAMnews]. Suxuminin dənizkənarı parkına çox sayda insan gəlib, orada səhnələr qurulub, bayraqların üzərindən Georgi lentləri asılıb. Abxaziyanın hər bir şəhərində “Ölümsüz alay” aksiyası keçirilib, aksiya iştirakçıları əllərində İkinci Dünya Müharibəsində həlak olan doğmalarının portlertlərni tutaraq, şəhər boyu yürüş ediblər. Qudaut rayonunun Duripş kəndində mayın 8-9-da ənənəvi at yarışı baş tutub.

Bakıda 9 may bayramı ümumilikdə çox da təmtəraqlı qeyd olunmur. Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı veterenlarla görüşüb, onları təbrik ediblər. Səhər Rusiyanın “Ölməz alay” hərəkatı tərəfindən marş keçirilib. Çoxları bugünkü gün məzarlığa gedir. Axşam Bakıda hərbi orkestrin konserti olacaq.

Bakı, 9 may. Foto JAMnews

Yerevanda mayın 9-u üçqat bayram hesab edilir. İlk növbədə bu gün Böyük Vətən Müharibəsində qazanılan qələbə günüdür [Ermənistanda bu bayram belə adlanır, Sovet İttifaqı zamanı qəbul edilən addan istifadə olunur – JAMnews]. Bu gün həmçinin 1992-ci ildə (Qarabağ münaqişəsi zamanı) erməni hərbi qüvvələri tərəfindən Şuşa şəhərinin alınması da qeyd olunur. Bu həm də Ermənistanda geniş qeyd olunan Qarabağ Xalq Müdafiə Ordusunun yaranması günüdür.

9 may Ermənistanda emosional keçirilir, amma bu il hərbi parad olmayıb. Qələbə parkında qələbəlik olub, insanlar “daimi alovun” yanına gül aparıblar. Həmişə Qələbə Günündə olduğu kimi veteranlar da burada olub.

Yerevan, 9 may 2018. Foto JAMnews

Tbilisidə Naməlum Əsgər Memorialı önündə həmişə mayın 9-da olduğu kimi alov yandırılıb. Səhər tezdən Vake parkında İkinci Dünya Müharibəsi veteranları toplaşıb. Baş nazir, prezident, Tbilisi meri və digər siyasətçilər onları təbrik eləməyə gəlib. Rəsmi mərasimlərdən başqa bu il Gürcüstanda ilk dəfə üç şəhərdə – Tbilisi, Batumi və Qoridə “Ölməz alay” marşı keçirilib. Baxmayaraq ki, Gürcüstanda bu aksiyaya münasibət birmənalı deyil.

Tbilisidə Vake parkında “Ölməz alay” marşının iştirakçıları. Foto: Qvantsa Nemsadze /on.ge

“Ölməz alay” marşı Gürcüstanın rusiyayönlü təşkilatları – sosialistlər, kommunistlər və “Stalinistlər” ictimai birliyi tərəfindən təşkil edilib. Bu yürüşün lideri Valeri Kvaratsxeliya açıq rusiyayönlü və anti-qərb çıxışları ilə məşhurdur, o, Stalinə qarşı açıq sevgi ifadə edir.

9 maya bir neçə gün qalmış Gürcüstanın sosialistləri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən rəsmi məktub alıblar. Bu məktubda onlara qanunu pozmamaq və yürüş zamanı kommunist rəmzlərindən istifadə etməmək haqda xəbərdarlıq edilib. Azadlıq Xartiyası haqda qanuna əsasən sovet rəmzləri Gürcüstanda rəsmən qadağan olunub.

Amma yenə də yürüş zamanı rəmzlərdən istifadə edilib. Marş iştirakçıları çox olmayıb, yürüşə onlarla sayılacaq qədər adam, əsasən də gürcü sosialistlər və kommunistlər qatılıb. Onlar küçələrə sovet bayraqları və Stalinin portretləri ilə çıxıblar. İştirakçılar arasında üzərində “Stalin! Qələbə! Sosializm!” yazılmış transporatlar daşıyan pioner qalstuklu uşaqlar da olub.

Cənubi Osetiyada Rusiya hərbi bazasının orkestrinin müşayiəti ilə parad keçirilib. “Ölməz alay” aksiyası da baş tutub. Bütün kilsələrdə həlak olmuş döyüşçülərin ruhuna dualar oxunub. Axşam saat 7-də “bir dəqiqəlik sükut” elan olunacaq. Gün “Qələbə zeniti çiçəklənən may!” adı altında konsertlə və atəşfəşanlıqla başa çatacaq.  

İkinci Dünya Müharibəsi veteranları və onların həyatı

Abxaziyada 60 nəfərə yaxın İkinci Dünya Müharibəsi veteranı yaşayır. Onların hamısı Rusiya pensiyası alır, orta hesabla 200 dollara yaxın. Onlar Rusiyada veteranlar üçün tətbiq olunan güzəştlərdən faydalanırlar: pulsuz müalicə, tibbi preraratlar, pansionatlarda istirahət, nəqliyyatdan pulsuz istifadə.

Ermənistanda 400 nəfərə yaxın İkinci Dünya Müharibəsi veteranı var. 1999-cu ildən “Böyük Vətən Müharibəsi veteranları haqda” qanun qüvvədədir. Bu qanuna əsasən, onların pulsuz tibbi xidmət, şəhərdaxili və şəhərlər arası nəqliyyatdan pulsuz istifadə, pulsuz protez təminatı, sanatoriyalara pulsuz putyovka haqqı var. Elə bu qanuna müvafiq olaraq, onlar kommunal xidmətlərə görə xərcin yalnız yarısını ödəyirlər. Ümumilkdə bütün ölkə üzrə pensiyalar yüksək olmadığı üçün müharibə veteranlarının soaial vəziyyəti də ailələrinin və təminatlarının olub-olmamasından asılıdır.

Azərbaycanda 460 nəfər İkinci Dünya Müharibəsi veteranı var. Onların hər birinin pensiyası veteranın xidmət etdiyi yerdən asılıdır: məsələn, təyyarəçilər 600 dollar həcmində, sıravilər isə 100 dollara yaxın pensiya alır. O cümlədən də hər il mayın 9-da onlara birdəfəlik müavinət ödənir. Bu il döyüş iştirakçıları 600 dollar ekvivalentində, döyüş iştirakçılarının dul qadınları və arxa cəbhə işçiləri 300 dollar həcmində müavinət alıb. Onların başqa heç bir güzəşti yoxdur. Bəzən hökumət veteranlara hədiyyə edir – onlara ev və maşın verilir. Məsələn, 2012-ci ildə 695 nəfər İkinci Dünya Müharibəsi veteranına Azərbaycan istehsalı olan maşınlar verilib. Amma ümumilikdə veteranların vəziyyəti ailələrinin olub-olmamasından və onların gəlirlərinin həcmindən asılıdır.

Gürcüstanda 680 nəfərə yaxın İkinci Dünya Müharibəsi veteranı yaşayır. Onların pensiyası da xidmət yerlərindən asılı olaraq fərqli hesablanır – təxminən 80 dollardan 250 dollara qədər ekvivalentdə. Onlar kommunal xidmətlərə görə xərclərin ödənməsi üçün yardım da alırlar – təxminən 20 dollar ekvivalentində. Onlardan Tbilisidə yaşayanlar ictimai nəqliyyatdan pulsuz istifadə edir. Mayın 9-u ərəfəsində İkinci Dünya Müharibəsi veteranları ənənəvi olaraq birdəfəlik müavinət alırlar. Bu il 2017-ci ildə olduğu kimi bu müavinətin həcmi 240 dollar ekvivalentində olub. Prezidentin sərəncamına görə, bu il İkinci Dünya Müharibəsi veteranlarına tibbi preparatlar almaq üçün  55 dollar ekvivalentində vauçer də verilib.

Cənubi Osetiyada 24 nəfər İkinci Dünya Müharibəsi veteranı yaşayır. Onlar Rusiya veteranları üçün qüvvədə olan güzəştlərdən yararlanırlar: pulsuz müalicə, tibbi preparatlar, pansionatlarda istirahət, nəqliyyatdan pulsuz istifadə.

Cəmiyyətdə bu bayrama münasibət necədir?

Abxaziyada mayın 9-u çox geniş qeyd olunur, bu bayramı çoxları sevir və minlərlə insan məmnuniyyətlə tədbirlərdə iştirak edir. Məktəbdə uşaqlar tamaşa hazırlayır, şeir əzbərləyirlər. Mediada və cəmiyyətdə Abxaziyanın qürur duyduğu insanlar xatırlanır: Abxaziyadan çıxan 25 nəfər Sovet İttifaqı qəhrəmanı.

Ermənistanda bu bayrama pozitiv yanaşırlar. Və bu gün bu ölkədə həmişə İkinci Dünya Müharibəsi zamanı sovet ordusunda erməni mənşəli 64 general, dörd marşal və bir admiralın xidmət etdiyini xatırlamaq kimi qürur səbəbidir.

Azərbaycanda 9 may təmkinlə qeyd olunur. Mediada və cəmiyyətdə Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhvə müzakirə olunur. Bu günlə bağlı müzakirənin böyük hissəsi Ermənistanda 9 mayın Qarabağ müharibəsi zamanı Şuşa şəhərinin alınmasının bayram edildiyi günə çevrilməsi ilə bağlı qəzəbin ifadəsindən ibarətdir.

Gürcüstanda 9 may geniş qeyd olunmur. Bu gün çoxları veteranlar haqda xoş danışır, mediada Gütrcüstanın İkinci Dünya Müharibəsində qazanılan qələbəyə böyük töhvə verdiyindən bəhs olunur. Amma cəmiyyətdə Sovet İttifaqının da ən azı İkinci Dünya Müharibəsi qədər şər olduğu haqda da danışılır, bildirilir ki, Qələbə Gününü romantikləşdirmək lazım deyil. Ümumilikdə cəmiyyətdə “Rusiya layihəsi” adlandırılan Georgi lentləri və “Ölümsüz alay” aksiyasına xüsusilə pis münasibət bəslənilir.

Cənubi Osetiyada mayın 9-u əsas bayramlardan biridir, bütün cəmiyyət çox fəal şəkildə bayram tədbirlərində iştiak edir. O cümlədən də bir çox ailələr bu gün evində bayram süfrəsi açır.

Və qısaca olaraq Rusiya haqqında.

Rusiyada İkinci Dünya Müharibəsi veteranları 107 min nəfər qalıb. Ümumilikdə Rusiya veteranları kasıb yaşayır, orta pensiya alaraq, bütünlüklə qohumlarından asılı vəziyyətdədirlər, əgər qohumları varsa. Bu il Qələbə Günü ərəfəsində dövlət onlara 120 avro ekvivalentində birdəfəlik müavinət ayırıb.

Rusiya cəmiyyəti İkinci Dünya Müharibəsinə münasibətdə iki yerə parçalanıb. Bir qism hesab edir ki, 9 may qələbə bayramı kimi qeyd olunmalıdır, digərləri isə əmindir ki, bu gün çoxmilyonluq insan tələfatına görə matəm günü elan edilməlidir.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşalrının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews