İsgəndərin sayəsində dünya ədəbiyyatı Abxaziyanı dərhal və qeyd-şərtsiz tanıdı" />

Ibrahim Çkadua, Suxum

İsgəndərin sayəsində dünya ədəbiyyatı Abxaziyanı dərhal və qeyd-şərtsiz tanıdı

Dünya ildən ilə bir az daha çox daralır və qarşılıqlı asılı vəziyyətə düşür. Saxara səhrasının qum fırtınaları bəzən Abxaziyaya qədər gəlib çıxanda və səhər Suxum bir qədər sarı rəngə boyananda uzaq Afrikanın o qədər də uzaq olmadığını anlayırsan. Mən hələ Suriya barədə danışmıram, axı burada baş verən müharibə mühacirlərin nəvə-nəticələrini vətəninə qaytararaq, bununla da Qafqaz müharibəsinin tarixi dövrəsini bağladı.

İyulun 31-də Fazil İsgəndərin vəfatı haqqında xəbəri dünya mətbuatı dünyaya sayılı dəqiqələrdə çatdıraraq, Abxaziyanın ABŞ, Rusiya və ya Türkiyə qədər xatırlanmasına səbəb oldu. 

Bu, biz abxazlar üçün kədərli bir səbəb olsa da, çox əlamətdardır. Abxaziya öz tarixi boyu əksər vaxtlarda hansısa imperiyanın ucqar nöqtəsi, orta əsrlərdə isə çarlıq olub. Sovet imperiyası dövründə statusumuz getdikcə düşməyə başladı, sonda da Abxaziya ittifaq respublikasından yerli əhalisinin on yeddi faiz təşkil etdiyi muxtariyyətə çevrildi. 

Məhz onda da İsgəndərin Abxaziyası yarandı. Nijni Çeqem kəndinin yolunda Stalinə rast gələn Fazilin Sandro əmisi təkcə dünya tarixini  deyil, həm də Abxaziyanın taleyini dəyişdi. O, tam hüquqlu ədəbiyyat məkanına çevrildi. Bu ölkəni dünya ədəbiyyatı dərhal və qeyd-şərtsiz, blokada və sanksiya tətbiq etmədən qəbul etdi.

60-70-ci illərdə az sayda abxaz nə vaxtsa Sovet İttifaqının dağılacağını və bizim yer üzündən silinmək və ya müharibədə qalib gələrək, dövlətə çevrilmək kimi dilemma qarşısında qalacağımızı düşünə bilərdi. İsgəndərin Abxaziyası isə artıq o vaxtlar öz əxlaq qanunları və patriarxal düzəni olan harmoniya adası kimi mövcud idi.

Bu ölkə utopiya kimi görünürdü. Müstəqil və heç kimdən asılı olmayan Abxaziya modeli tam mənası ilə 1992-1993-cü illərdə yarandı. Müharibədə tək abxazların Abxaziyası deyil, həm də İsgəndərin Abxaziyası məhv ola bilərdi, bu da dünya üçün iki qat əvəzedilməz bir itki olardı.

İsgəndər abxazca düşünərək, rus dilində yazırdı ki, bu da həm siyasət, həm də mədəni mənsubiyyət məsələsində bu günkü durumu əks etdirir.

Fazil öz həyat və yaradıcılığı, indi isə təəssüf ki, dünyadan gedişi ilə sübut etdi ki, müxtəlif mədəniyyətlərə və müxtəlif xalqlara aid olmaq, eyni zamanda onları və özünü zənginləşdirmək olar.  Məlum oldu ki, abxaz kimi doğulub, rus dilində yazmaq və bütün sivil dünya tərəfindən başa düşülmək olar.

O, bizə axirətə qədər, dünyanın ədəbi xəritəsi durduqca mövcud olacaq Abxaziyanı qoyub getdi. Bizə həm də real Abxaziya qalıb və onu da gələcək nəsillərimiz üçün dünya xəritəsində qoruyub saxlamaq lazımdır. 

İndi hamı multikulturalizmin böhranından və qloballaşmanın zərərindən danışır. Amma eyni zamanda həm universal, həm də həddən artıq milli dəyərləri olan İsgəndərimiz də var. Onun reseptləri bəzən sadəlövh görünsə də, çox müdrikdirlər.  

Müsahibələrindən birində Fazil Abduloviç dedi: “Şər məhvedilməzdir… bəlkə ancaq dini mənada, qiyamətdə… normal insan həyatında isə onunla mübarizə aparmaq lazımdır… Şərin sıxışdırılması şübhəsiz ki, bütün dövrlərin və bütün zamanların vəzifəsidir. Şərlə sonsuz mübarizə zəncirinin bir halqası olmaq bizim xoşbəxtliyimizdir…

Fazil İsgəndər yəqin ki, bu halqada dövrümüzün ən yaxşı halqalarından biri olub.

Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc olunub 05.08.2016


More on JAMnews