Bakı küçələrində eksperiment: nə daha təhlükəsizdir? " />

Hicab və şort

Bakı küçələrində eksperiment: nə daha təhlükəsizdir?

Qarşınıza hicablı, ya da ancaq gözlərinin göründüyü tam qapalı çadrada bir qadın çıxanda özünüzü necə hiss edirsiz? Xoşunuza gəlir, yoxsa qorxursuz? Bəs müsəlman qadınların özlərinin nə hiss etdiyi barədə düşünmüsüz? Jurnalistlər bu cür eksperimentləri müxtəlif şəhərlərdə artıq keçiriblər: Sidneydə hicablı jurnalistlin başına bir iş gəlməyib, Moskvada da, Estoniyada isə eksperiment iştirakçılarını bütün gün ərzində təhqir edib, hətta az qala döyüblər.

Hicab

Bakıda da belə bir eksperiment keçirmək ideyası məndə parkda gəzərkən hardasa on yaşlı iki hicablı qızı görəndə yarandı. Onlar rus dilində danışır, özlərini kifayət qədər aktiv aparır, rolik sürür, ümumiyyətlə paltarlarından başqa digər uşaqlardan heç nə ilə fərqlənmirdilər. Məni onların cəmiyyətdə özlərini necə hiss etdikləri, nə düşündükləri maraqlandırdı.

Azərbaycanın dünyəvi ölkə olmasına baxmayaraq, əksəriyyətin dini İslamdır. Küçələrdə müsəlman paltarlı qadınlar çoxdur. Şübhəsiz ki, indi onların sayı on il bundan əvvəl olduğundan daha çoxdur. 

Elnarə ilə (ad qızın xahişiylə dəyişdirilib) sosial şəbəkələrdəki qruplardan birində tanış oldum. O, gülərüz və fəal qadın, iki uşaq anasıdır. Elnarə eksperimentim üçün mənə paltar verməyə razı oldu, bütün bunları necə geyinəcəyimi izah etdi, həm də özünün İslama necə tapınması barədə danışdı.

Elnarə o vaxt Moskvada yaşayırdı. “Səkkiz il əvvəl atam rəhmətə gedib. Çox sarsılmışdım, elə oldu ki, o vaxt yanımda heç kim olmadı və mən təskinlik tapmaq üçün məscidə getdim. Orada mənə dəstək oldular, sonra da qərar verdim: özüm etnik müsəlman olsam da, namazın sözlərini anlamıram. Bunu özüm üçün ayıb sayırdım. Dərslərə getməyə başladım. Evimizin yanındakı məsciddə də bazar məktəbinə adam yığırdılar. Biz dinin əsaslarını, ərəb qrammatikasını, peyğəmbərlərin həyat tarixini, Təcvidi öyrənirdik.

Öyrəndiyi birinci il Elnarə başını ancaq məsciddə dərs zamanı bağlayırdı. “Dərs zamanı imam deyirdi ki, elə müsəlman qadınları var ki, onlar başını ancaq məsciddə bağlayır, sonra da məsciddən çıxıb hicabı çıxarırlar, bu riyakarlıqdır, – Elnarə gülümsəyərək danışır. – Düşündüm ki, bu elə mənim haqqımdadır: axı mən də başımı ancaq dərslərdə bağlayıram. Və özümə söz verdim ki, uşağım dünyaya gələn kimi, başımı bağlayacam. Elə də oldu, doğum evindən artıq hicabla çıxdım.

Elnarənin sözlərinə görə, müsəlman geyimində heç bir narahatlıq hiss etmir. “Əvvəldən bir az öyrəşə bilmirdim, çoxlu təəccüblü baxışlarla üzləşirdim, amma sonra alışdım.

Bakıda müsəlman qadınlar bildirirlər ki, İslam onlara heç bir məhdudiyyət qoymur, yəni onlar normal həyat sürə – şəhərdə gəzə, əylənə, idmanla məşğul ola, işləyə bilirlər. İslamdakı ciddi məhdudiyyətlər dinin daha radikal qolları ilə bağlıdır, onlar Səudiyyə Ərəbistanı və bir sıra digər müsəlman ölkələrində yayılıb. Misal üçün, orada qadın küçəyə əri və ya kişi cinsinə aid başqa bir qohumunun müşayiəti olmadan çıxa bilməz, bəzi ölkələrdə qadına maşın sürmək qadağandır (və ya ərinin icazəsi olmadan sürə bilməz), bundan başqa icazəsiz müalicə almaq, səyahət etmək, təhsil almaq olmaz.

Azərbaycanda müsəlman qadınların üstünlük verdiyi paltar forması sərbəst şəkildə seçilə bilər. Elnarə mənə başa saldı ki, hər şey geyinmək olar, əsası odur ki, ancaq üz və biləkdən aşağı əl açıq olsun. Bu da qızlara, deyərdim ki, kifayət qədər zövqlü görünmək imkanı verir. Elnarənin özü uzun qollu rəngbərəng bluz (qollar dar olmalıdır ki, onları qaldıranda paltar sürüşməsin) və uzun rəngbərəng ətəkdə idi, ayaqlarında rahat idman ayaqqabısı vardı.

Mənimsə planlarım başqaydı – mən tam mənasıylə müsəlman paltarı geyinmək istəyirdim və hicab yox, niqab geyinmək fikrinə düşdüm. Bu, üzü tam gizlədən, ancaq gözlər üçün deşikləri olan baş örtüyüdür. Mən niqabı hardan tapacağımı bilmirdim, amma Elnarə çıxış yolu göstərdi – sən demə, niqab kimi adi qara şərf də taxmaq olar, onu elə bərkitmək lazımdır ki, üzün görünməsin. Obrazımı tamamlamaq üçün Elnarədən abaya da götürdüm. Bu da müsəlman paltarı, qara rəngli boş dondur. Gözəllik vermək üçün onun yaxası və qollarının qıraqları rəngli ornamentlə bəzədilir – bu, naxış, biser və hətta straz da ola bilər.

Nəhayət, hər şey hazır idi. Bu paltarda evdən çıxaraq qonşularda boş yerə çaşqınlıq yaratmamaq üçün paltarımı “28 mall ticarət mərkəzinin ayaqyolunda dəyişmək qərarına gəldim. Təəccüb doğurmamaq üçün tualetin içində deyil, “analar üçün otaqda (bu otaqdan uşaq əmizdirmək və bələmək üçün istifadə olunur) əynimi dəyişəsi oldum. Amma burada da iki qız makiyaj edirdi. Bir qədər tərəddüddən sonra paltarımı elə buradaca dəyişdim.

Ən çətini xırda iynə-sancaqla örpəyi başında bərkitməkdir, elə etmək lazımdır ki, yaylıq başından düşməsin və Allah eləməmiş, saçın açıqda qalmasın. Sonra da yaylığı üzünə tutub, sancaqla elə bərkitməlisən ki, ancaq gözlərin görünsün. Təəssüf ki, müsəlman qadınların yaylığın altından taxdığı baş örtüyü almamışdım – bu, başa kip oturan və saçları tamamilə gizlədən hamar papaqdır. Uzun saçlar da toplanıb, onun altında gizlədilir. Ən pis halda saçları gizlətmək üçün alnına qədər çəkilən hamar lentdən də istifadə etmək olar.

Qızlar maraqla mənə baxırdılar. Bir qulağımla birinin sözlərini eşitdim: “Amma bədən quruluşu pis deyil… Deyəsən, onlar məni paltarsız əylənmək qərarına gələn, indi də özünün həmişəki görünüşünə qayıdan “dönük qadın hesab etmişdilər.

Paltarımı dəyişəndən sonra çıxıb, elə həmin ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən böyük “Music Gallery mağazasına tərəf getdim. Niqablı qadının təkbaşına mağazaları gəzməsi adi hal deyil, adətən onlar ya qrup şəklində, ya da kişilərin müşayiəti ilə gəzir. Bir neçə nəfər mənə maraq və hətta ehtiyatlı baxışlarla baxdılar. Uşaqlar öz emosiyalarını gizlədə bilmədiyi üçün onların narahatlığı daha aydın hiss olunurdu; hardasa on yaşlarında bir oğlan yanımdan ötüb keçərkən, məndən uzaq olmağa çalışdı.

Paltarın özü onu təzə geyinən adam üçün çox narahatdır. Baş örtüyü xüsusilə problem yaradır: niqabın aşağı hissəsi enli olduğu üçün ətrafını yaxşı görə bilmirsən – bir-iki dəfə eskalator və pilləkəndə ayağım dolaşdı, adəti üzrə başımı aşağı əyib, çantadan nəsə götürmək də çətin idi.

Mağazanın içində rəflərin arasında gəzişməyə başlayanda vəziyyət təxminən bayaqkı kimi davam edirdi – ətrafdakılar gözlərini bir anlıq mənə zilləyir, sonra tez çəkirdilər. İndiki “statusumda kişi konsultantlara yaxınlaşmaq mənə yasaq olduğu üçün mağazada gəzişməklə kifayətləndim. Maraqlıdır ki, yekəpər mühafizəçi gözlərini çəkmədən məni müşahidə edirdi. Onu bir az da narahat etməmək üçün mağazadan çıxdım.

Planımın növbəti hissəsi metroya minmək idi. Girişdəki polis əməkdaşı ümidlərimi doğrultmadı, yəni mənə tərəf heç baxmadı da. Görünür, ərəb turisti olduğumu düşündü. Bu dəfə metroda kiminləsə ünsiyyətə girmək qərarına gəldim, əlimdə 20 qəpiklə gənc oğlana yaxınlaşıb, məni də kartı ilə keçirməsini xahiş etdim. O da təbii ki, başını razılıqla yelləyərək, keçirdi.

Eskalatorda camaat maraqla məni nəzərdən keçirirdi. Kimsə açıq-aşkar gözlərini zilləyir, hələ yanındakını da dümsükləyirdi ki, o da baxsın. Təəssüf ki, baxış, göz vurma və pıçıldaşmaların bütün spektrini qiymətləndirmək üçün imkanım olmadı – bu imkanı mənə nə paltarım, nə də statusum verirdi.

Marşrutum İstiqlaliyyət küçəsi boyunca aşağıya doğru davam edirdi. Yay qurtarsa da, havalar artıq isti keçməsə də, bağlı libasda mənə isti idi. Vəziyyətimi üzümdəki örtük bir az da ağırlaşdırırdı. Bir qədər sərinlənmək üçün şirə almaq fikrinə düşdüm, təbii ki çubuqlu şirə aldım, çünki başqa cür necə içə biləcəyimi təsəvvür etmirdim. Kiçik dükanın satıcısı da özünü kifayət qədər təmkinli apardı, üzündə heç bir emosiya hiss etmədim. Ola bilsin, ərəb turistlər artıq onun mağazasında olub.

Gəzməkdən yorulub, Fəvvarələr meydanındakı skamyalardan birində oturdum. Yanımdan ötüb keçənlər maraqla mənə baxırdılar, mənim üçünsə bu, artıq adət halını almışdı.

Şirə içmək məsələsi çətin oldu, şirə qutusunu şərfin altına keçirdim. Düzü, bu cür geyimdə yemək yeməli olsaydım, necə hərəkət edəcəyimi bilmirəm. İnternetdə oxuduğuma görə (bu haqda informasiya çox azdır), aşağıdakı kimi yemək lazımdır: niqabın aşağı tərəfini bir qədər qatlayaraq, yeməyi kiçik porsiyalarla ağzına qoyursan.

Ümumilikdə, bu cür paltarı geyinməyə təbii ki, alışmaq lazımdır. “Adi müsəlman qızları hicabda özlərini daha rahat hiss edirlər. Və artıq yuxarıda dediyim kimi, Elnarənin sözlərinə görə, əvvəlcə müsəlman paltarını geyinməyə içində ehtiyac yaranmalıdır. Küçələrdə hicablı qadınlar çox olsa da, niqab geyinənlərə nadirən rast gəlmək mümkündür. Elnarənin dediyinə görə, Quranda yalnız bir tələb var – ancaq biləkdən aşağı əl və üz açıq olmalıdır. “Niqab artıq sənin öz istəyin və ya ailənin, ərinin tələbi ola bilər, – o deyir. Ümumilikdə isə, internetdəki mənbələrdə deyildiyinə görə, niqab geyinmək vacib deyil.

Elnarənin sözlərinə görə, hicab ona özünü rahat hiss etmək imkanı verir: “Mən küçələrdə gedərkən əmin ola bilirəm ki, heç kim mənə ədəbsiz baxışla baxmayacaq və ya söz atmayacaq. Misal üçün hicablı qıza, bir də qısa ətəkli qıza necə baxıldığına fikir verin.

Bununla belə, Bakıdakı bir çox müsəlman qadınlar tək xidmət sahəsində deyil, ofis vəzifələrinə də işə götürülərkən ayrı-seçkiliklə üzləşdiklərindən şikayət edirlər.

Uşaqların paltarına gəlincə, Elnarə deyir ki, islam qanunlarına görə, qız hicabı on yaşından geyinməlidir. Mənim “Bəs əgər qız istəmirsə? – sualım qadını əməlli-başlı təəccübləndirdi. “Qız dindar ailədə böyüyürsə, anasının necə geyindiyini görürsə, bu onun üçün çox təbii və normal olmalıdır. Niyə o başqa nəsə istəməlidir ki? Xüsusən də müsəlman ailələrində qıza erkən yaşlarından həm paltarında, həm də davranışında əxlaqlı olmağı öyrədirlər, o açıq başlı qız kimi özünü açıq-saçıq aparmayacaq.

Şort

– Ay qəhbə! – mağazadan qarşıma çıxan uzun, güllü ətəkli yaşlı qadın mənə müraciətlə dedi.

Mağazaya evdən, yayın ortasında, tam mövsümə və ev geyiminə uyğun paltarda çıxmışdım – əynimdə mayka və heç də qısa olmayan şort vardı. Amma Bakının kənar rayonlarında başqa cür geyinirlər. Burada qızlar qarşılarına oğlan çıxanda utancaqlıqla gözlərini aşağı dikir, qonşu kişilər heç vaxt birinci salam vermir ki, onları təcavüzdə suçlayan olmasın.

Buna görə də bu dəfəki eksperimentimi – kənar rayonların birindən başlayaraq, şəhərin mərkəzinə qədər şortda gəzintini kifayət qədər riskli hesab etmək olar.

Düzünü deyim ki, şəhərin kənar və mərkəzi hissələri bir-birindən o qədər də fərqlənmədi. Qadınlar tez-tez baxışlarını mənə dikir, yaşlılar xüsusi narazılıqla baxır, cavanların üzündən istehzalı təbəssüm oxunurdu. Kişilər isə çalışırdılar ki, nə mənə, nə də şort tərəfə baxsınlar.

Metroda mənimlə üzbəüz əlli yaşlarında kişi oturmuşdu. Bir-iki dəfə mənə elə gəldi ki, kişi mənə göz vurur. Amma sonra belə başa düşdüm ki, bu əsəbi tikdir.

Şəhərin mərkəzində qısa şorta münasibət daha loyaldır. Gənc qızlar daha qısa paltarda da rahat gəzir. Gənc oğlanlar isə “yuxarı və “aşağı hissənin bir-birinə uyğun olmasının tərəfdarıdırlar: qız o qədər də qəşəng deyilsə, qısa ətək və ya şort qınağa səbəb olacaq; yox, əgər gözəldirsə, çılpaq ayaq onlar üçün əlavə “bonus kimi bir şeydir.

Hicab məsələsində çətin tərəf işə düzəlməklə bağlıdır. Amma əgər hicablı qızı iş adamı özünün ofisində görmək istəmirsə, şort geyinən qızın başqa bir problemi var – əksər azərbaycanlı kişilər onu övladlarının anası qismində görə bilmir. Əhalinin neçə faizinin şort geyinən qızları pozğun hesab etməsilə bağlı mübahisə etmək olar, amma bu cür stereotipin mövcudluğu heç kimdə şübhə doğurmur.

Küçədəki təhlükəsizlik məsələsinə qayıtsaq, qısa paltarlı qıza mütləq ilişməlidirlər kimi stereotip özünü doğrultmur. Birincisi, şəhərdə çoxlu sayda turist var. İkincisi də artıq yuxarıda dediyim kimi, ünvanıma açıq qınaq eşitmədim, daha doğrusu, məni sadəcə iqnor edirdilər.

Şortun geyinilməsi ilə bağlı hiss isə onun hansı şəraitdə geyinilməsindən asılı olaraq dəyişir. “Şərq qadını mentaliteti hər gün daha “abırlı paltarda meyvə-tərəvəz aldığım xırda mağazaların yanından ötüb keçərkən özümü bir qədər narahat hiss etməyimə səbəb olurdu. Şəhərin mərkəzində isə bu hiss ümumiyyətlə yoxuydu.

Ümumilikdə isə – axı bunu niqaba da aid etmək olar – istisnasız hər bir paltara alışmaq olar. Əsəbi halda (bir də niqabda bu daha az hiss olunur), qeyri-əmin addımlarla, paltarının bu və ya digər detalını düzəldərək gedirsənsə, bu mütləq ətrafdakıların diqqətini cəlb edir və hətta onları narahat etməyə başlayır. Yox, əgər sən rahat və özünə əminsənsə, sənin məhz bu daxili sakitliyin ətrafdakılara da sirayət edir.

Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Bakıda paltarla təhlükəli eksperiment aparmaq alınmayacaq. Bu şəhərin sakinləri artıq hər şeyə alışıb və “qəribə geyimdə olan adamı daş-qalaq etməkdən çox uzaqdırlar. Bizdə adamın qarderobu ilə bağlı stereotiplər var, bununla belə, heç kim sizə istədiyiniz kimi geyinməyə mane olmayacaq.

Dərc olunub 21.09.2016


More on JAMnews