Yerevan zooparkının abadlaşdırılması davam edir" />

Heyvanların xoşbəxt olması üçün nə lazımdır

Yerevan zooparkının abadlaşdırılması davam edir

Səhər saat 9-dur. Yerevan zooparkının 86 işçisi ilə birlikdə zooparka giririk. Amma bunu onlarla birlikdə heyvanlara qulluq etmək və ya onların sağlamlıq durumlarına diqqət yetirmək üçün etmirik. Bizə sadəcə, yenilənmiş və bərpa olunmuş parkda günün necə keçdiyi maraqlıdır.

Park dünən və bu gün

Yerevanda zoopark yaratmaq ideyası 1940-cı ildə reallığa çevrilib. Onda orada cəmi iyirmi heyvan varıydı: heyvanlar və quşlar 3 hektar ərazidə yaşayırdılar.

Bu gün də Yerevan zooparkını ən iri parklardan biri hesab etmək olmaz. Amma indi ərazisi xeyli daha böyüyüb, 34 hektar olub. Bu ərazinin yarıdan çoxu hələ ki istifadə olunmur, həmin yerin yeni volyerlər üçün istifadə olunması nəzərdə tutulur.

Bu gün zooparkda 133 növ heyvan – ümumilikdə 930 heyvan yaşayır. Onların arasında 180 növ vəhşi heyvan, 40-dan çox quş növü, 30-a yaxın balıq növü, təxminən 20 növ sürünən heyvan və bir o qədər də dırnaqlı heyvanlar var. Hamı tərəfindən sevilən primatlar, müxtəlif gəmiricilər, cəmi üç növ şəbpərələr və bir xortumlu – fil Qrand var.

Zooparkın girişində adamın qarşısında iki yol açılır: bir yol zooparkın indiki vəziyyətini, ikincisi isə keçmişini nümayiş etdirir.

Sağa getsən

Sağa getsən saymiri meymunlarına rast gələcəksən. Onlar primatlar fəsiləsinin ən ağıllı nümayəndələri hesab olunurlar. Bu heyvanların beyninin xüsusi çəkisi bədənlərinin çəkisindən artıqdır. Bu nadinc heyvanlar həm də çox ünsiyyətcildir. Onlara necə qulluq edildiyini görəndə, zooparkın son zamanlarda necə təkamül etdiyini anlamaq olar.

Saymiri meymunlarının yaşayış ərazisi parkın nəyə can atmasının parlaq nümunəsidir: burada hesab edirlər ki, heyvanlar azad həyata bənzər şəraitdə – yəni volyerlərdə yaşamalıdırlar. Əslində heyvanlar sanki həm açıq, həm də qapalı məkanda yaşayırlar. Qəfəs yoxdur, amma heyvanlar hər tərəfdən su ilə əhatə olunmuş adacıqda yaşayırlar ki, bu da onların buradan qaçmaq ehtimalını sıfıra endirir – onlar sudan qorxurlar.

Sola getsən

Əks tərəfdə, saymiri meymunları ilə üzbəüz quzuqapan qartal yaşayır. Onun qəfəsi burada 40-cı illərdən qalıb. Yeri gəlmişkən, parkın bir sıra inşaat işlərində hələ İkinci Dünya Müharibəsinin hərbi əsirləri iştirak edib.

Quzuqapan qəfəsdə yaşasa da, zoopark işçiləri onun üçün rahat bir güşə yarada biliblər, nəticədə də möcüzə baş verib: 2000-ci ildən yumurtlamayan quşun iki balası olub.

Təmir işləri

2011-ci ildən zooparkda abadlaşdırma işləri gedir. Maliyyələşdirmə müxtəlif ekoloji proqramlar çərçivəsində müxtəlif mənbələrdən, o cümlədən də zooparkın əsas tərəfdaşı olan Təbiət və Mədəni Sərvətlərin Mühafizəsi Fondundan gəlir.

2013-cü ildən Yerevan zooparkında paytaxt meriyası tərəfindən maliyyələşdirilən yeni çoxmərhələli abadlaşdırma proqramına start verilib. Təmirə qədər zoopark ərazisinin yalnız 7 hektar sahəsi təyinatı üzrə istifadə olunurdu.

“Park Yerevan meriyasının tabeliliyindədir. Çox vacibdir ki, bütün dəyişikliklərdə bir nömrəli tərəfdaş məhz Yerevan meriyasıdır, o da xarici tərəfdaşları ilə birlikdə parkın abadlaşdırılması üzrə uzunmüddətli proqramları işləyib hazırlayır və realizə edir – Yerevan zooparkının direktoru Ruben Xaçatryan danışır.

İşlərin müəyyən hissəsini müştərilər sadəcə sezməyə bilər, çünki ilk növbədə parkda daxili komunikasiyaların, o cümlədən də kanalizasiya sisteminin yeniləndirilməsi həyata keçirilib. “Avropa Zoopark və Akvariumlar Assosiasiyasının tamhüquqlu üzvü olmaq üçün biz hələ çox ciddi iş görməliyik, – Ruben Xaçatryan danışır.

İslahatlar və yeni standartlar

Əsas yenilik volyerlərin tikintisi sayılır. Əgər saymiri meymunları üçün qəfəs rolunu su oynayırsa, bəzi hallarda elektrik gərginliyi tətbiq olunur. Bəzi dırnaqlı heyvanlar taxta hasar arxasında yaşayırlar. Sual yaranır ki, bəs onda niyə onlar qaçmır? Cavab şəkillərdədir.

Bəzi heyvanlar şüşə çəpər arxasında yaşayırlar ki, bu da zooparka gələnlərin adi qəfəs haqqında təsəvvürlərini alt-üst edir.

Yeniliklər arasında heyvanların çipləşdirilməsi də var. Bu, heyvanın cinsi, yaşı, xəstəlik tarixini öyrənmək, heyvan yeni yerə köçdüyü zaman lazım ola biləcək bütün informasiyanı əldə etmək imkanı verir. Faktiki olaraq, heyvan öz “tərcümeyi-halını özüylə gəzdirir.

Abadlaşdırmadan sonra zoopark Yerevanda inklüziv oyun meydançası olan çox az sayda ictimai qurumlardan birinə çevrilib. Əslində bütün parkı inklüziv hesab etmək olar, çünki hər bir insan heç bir çətinlik olmadan bura gələ və buranı nəzərdən keçirə bilər. Bundan əlavə, parkda cıdır meydanı da var, burada da həftədə bir neçə dəfə əlillər üçün ippoterapiya kursları keçirilir.

Parkın daha bir mühüm nailiyyəti öz baytar klinikasının olmasıdır. O, təkcə zooparkın heyvanlarına deyil, tibbi yardıma ehtiyacı olan bütün başqa heyvanlara da qulluq edir, özü də pulsuz.

Baytarlıq klinikası

Zooparkın baş baytarı Arutyun Ohanesyan hər səhər öz pasientlərini müayinə edir. O, təxminən beş ildir ki, burada yaşayır və bu müddət ərzində çoxlu sayda cərahiyyə əməliyyatı keçirib.

Ən çox yadında qalan da marala etdiyi əməliyyat olub: hamilə maralda yırtıq aşkar edilib. Heyvanın həyatı təhlükə altında idi. Baytar əməliyyatı düz volyerin içində etməli olub. Nəticədə dölü çıxardılar, heyvansa sağ qaldı.

“Heyvanın davranışı onun sağlamlıq vəziyyətini dəqiq şəkildə əks etdirir. Sadə bir misal: heyvan qrupundan ayrılırsa, deməli nəsə qaydasında deyil, – baytar danışır.

İndi baytarlara işləmək daha asandır, heyvanlara qulluq üçün bütün lazımi şərait yaradılıb: öz cərahiyyə otaqları var, məsafədən yuxugətirən maddələrin yeridilməsi üçün şprislər, qaz narkoz aparatı və əvvəllər ancaq arzulana bilən çoxlu sayda digər alətlər var.

Bizə baytarların qamış pişiyi və uzunqanada necə qulluq etməsinə baxmağa icazə verdilər.

Fil Bunka və onun dostu Qevorq

Qriqoryan Qevorq dırnaqlılar şöbəsinin rəhbəridir. O, filə – Kiçik Qranda qulluq edir. Qevorq onun dərisi, ayaqlarına qulluq edir, təlim edir və qarmonda ifa etməyi öyrədir. O, artıq 22 ildir ki, zooparkda işləyir və son 8 ildə üç filə qulluq edib.

“Fil çox ağıllıdır. O, bizim oğlumuzdur, bizi sevir və hörmət edir, biz də onu sevirik, – Qevorq deyir.

Fili o Qrand deyil, Bunka deyə çağırır. Fil onlara Gürcüstandan köçüb, orada ona Bunka adını veriblər, heyvan da bu ada hay verməyə öyrəşib.

Qevorq sevinclə dekabrın 30-da, ilin son iş günündə sevimli heyvanının ad gününü necə qeyd etdiyini danışır: ona qış budaqları və meyvələri gətirir, dostunu sevindirmək üçün vəhşi təbiət ab-havasını yaradır.

“Bizim oğlana qız lazımdır, yoxsa özünü tənha hiss edir. İndi ürəyi tam sakit deyil, – Qevorq narahatlıqla danışır.

Peşəkar əməkdaşlıq

Yerevan zooparkının əməkdaşları tərəfdaş təşkilatların mütəxəssisləri, o cümlədən də Amsterdamın “Artis Kral zooparkından olan həmkarları ilə təcrübə mübadiləsi edirlər. Təcrübə mübadiləsi birgə gündəlik iş zamanı baş verir – həmkarlar vaxtaşırı olaraq bir-birinə qonaq gədirlər.

Virtual əməkdaşlıq isə daimi baş verir. Heyvanlarla bağlı olan istənilən problemlə bağlı yerli mütəxəssislər təcrübəli xarici həmkarlarının məsləhətlərini alırlar.

Dinc yaşayış 

Eyni zamanda bir neçə növ heyvanın yaşadığı sahələr var. Deyirlər ki, bu zaman kiçik ailədaxili mübahisələrsız də ötüşmür. Misal üçün, nadinc saymiri meymunları volyerlərini qu quşları ilə bölürlər və ara-sıra quşların qoyduğu yumurtaları oğurlamağa cəhd edirlər.

Ağbaşlı Qrif isə dovşanlarla birlikdə yaşayır. Və nə qədər qəribə olsa da, bu balaca heyvanlar üçün heç də təhlükəli deyil. İş orasındadır ki, qriflər ancaq leşlə qidalanırlar.

Gözləntilərin siyahısı

Parkın müəyyən bir hissəsi hələ ki “qəfəs formasını saxlayıb və bəzi heyvanlar bir qədər rahatsız şəraitdə yaşamalı olurlar. Belə ki, Afrika şirinin bəxtinə xeyli dar qəfəs düşüb, meymunlar isə yaşayış şəraiti qışda da, yayda da dəyişməyən heyvanların sırasına daxildir. Pişik lemurlarının isə artıq rahat yay və isti qış volyerləri var.

Bununla belə zooparka gələn bir nəfər də olsun adam sıxıntılı şəraitdə yaşayan şir və pələngə baş çəkmədən buradan getmir.

Əsası odur ki, zooparkın yenidən tikilməsi layihəsi artıq işlənib hazırlanıb və durmadan həyata keçirilir.

Dərc edilib: 11.06.2016


More on JAMnews