Azərbaycanda selektiv abortlar gender balansını pozmaqda davam edir" />

Heç vaxt doğulmayacaq qızlar: köhnə mövzu, yeni hekayələr

Azərbaycanda selektiv abortlar gender balansını pozmaqda davam edir

Azərbaycanda bu problem USM aparatları peyda olandan bəri mövcuddur – evli cütlüklər “uşağın cinsiyyətini seçir”, qız olduğu halda döldən canlarını qurtarırlar. 2011-ci ildə AŞPA assambleyasında təhlükəli tendensiya müzakirəyə çıxarılmışdı – Gürcüstan, Ermənistan, Azərbaycan və Albaniyada selektiv abortlar gender balansını pozub. Həmin vaxt Azərbaycanda 100 yeni doğulan qız uşağına 112 oğlan uşağı düşürdü. İndi 114 olub.

Bu mövzuda bütün məqalələr əkizmiş kimi bir-birinə bənzəyir. Hər birində hüquq müdafiəçiləri qızlara “ikinci sort uşaq” kimi yanaşıldığından şikayət edirlər, məmurlar deyir ki, maarifləndirmə işi aparırlar, sosioloqlar hər şeyi insanların geridəqalmışlığı, təhsil səviyyələrinin aşağı olması ilə izah edirlər. Məsələnin qanunvericiliklə bağlı tərəfi də müzakirə olunur: bəlkə abort birdəfəlik qadağan edilsin? Bu yerdə ekspertlər hər dəfə eyni cavabı verirlər: qadağa ilə heç nəyə nail olmaq mümkün deyil. Yalnız maarifləndirmə.

İldən ilə hər şey olduğu kimi qalır. Yeni olan onlarla qadının və bu qadınların dünyaya gətirmədikləri qızlarının hekayələridir.

“Yeddi oğul istərəm, bircə dənə qız gəlin”. Azərbaycan toylarında ta qədim zamanlardan bu sözləri dilə gətirirlər. Toyda gəlinin qucağına oğlan uşağı qoyurlar ki, ilk övladı məhz oğlan olsun.

Kəmalə

Bu yay Şamaxıda qadın doğuşdan sonra vəfat etdi. Kəmalə Bəkirovanın hekayəsi sadəcə ana ölümü ilə bağlı statistikada növbəti rəqəm ola bilərdi, amma olayın istintaqı zamanı bu ölümün sıradan olmadığı üzə çıxdı.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının məlumatına görə, bu, qadının səkkizinci hamiləliyi olub. Kəmalə iki qız və üç oğlan doğub. Oğlanların üçü də doğuşdan az sonra ölüb. Ölümündən bir qədər əvvəl qadın ən azı üç dəfə abort eləyib, həm də hamiləlik müddəti 12 həftədən çox olduğu halda – hamiləliyin bu dövründə USM cinsiyyəti müəyyən edə bilir.

Sonuncu abortdan sonra həkimlər ona hamilə qalmağı qadağan edib, amma nə olursa olsun oğlan doğmaq arzusunda idi. İndi ailə uzun zaman gözlədiyi varisinə qovuşub, amma o, anasız böyüməli olacaq.

2016-cı ilin məlumatına görə, Azərbaycanda hər yeni doğulan 100 qız uşağına 114 oğlan uşağı düşür (BMT Əhali Fondunun araşdırması).

Bioloji norma 100 qıza 106 oğlandır.

Ümumilikdə kişilər və qadınlar arasındakı nisbət də dəyişir:

1989-cu ildə min kişiyə 1051 qadın düşürdü,

1999-cu ildə – 1048,

2009-cu ildə – 1021.

“Azərbaycanda qadınlar qoruyucu vasitələrdən ancaq oğlan dünyaya gətirdikdən sonra istifadə edirlər. Oğlan olan qədər qadınlar dəfələrlə hamilə qalmaqdan, abortdan çəkinmir. Çünki ailədə ancaq oğlan anası olduqda yerlərini möhkəmləndirəcəklərini düşünürlər. Kişilər üçün də oğlan nəslin davamı, maddi dəstək, hətta ölüm günü cənazəsini çiynində aparacaq şəxs deməkdir”,- bunu Bakıdakı qadın sığınacağının direktoru Elnurə Zeynalova deyir.

Azərbaycanda “Reproduktiv sağlamlığın qorunması və ailə planllaşdırması haqda” qanun layihəsi qüvvəyə minməlidir, amma proses hələ ki yubanır. Qanun layihəsində selektiv abortlara konkret qadağa, o cümlədən də bununla pul qazanan həkimlərin cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub

Prinsipcə, elə indi də hamiləliyin 12-ci həftəsindən sonra aborta yalnız tibbi tələb olduğu zaman icazə verilir. Odur ki, daha erkən dövrdə körpənin cinsiyyətini müəyyən edə bilən həkimlər xüsusilə məşhurdurlar.

Yox, əgər körpənin dəqiq cinsiyyəti “çox gec” müəyyən olunubsa, qadınlar ev şəraitində abort edirlər və bu “özfəaliyyətləri” böyük problemlərə yol açdığı zaman xəstəxanaya üz tuturlar.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədova:

“Anada və döldə hər hansı bir problem, aborta tibbi – sosial göstəriş yoxdursa, hamiləlik pozula bilməz. Dölün cinsi mənsubiyyəti nə tibbi, nə də sosial göstərişdir. 12 həftədən sonra abort edilirsə, ciddi sənədləşdirmə aparılmalıdır. Əgər hər hansı bir həkimin həqiqətən selektiv abort etməsi ilə əlaqəli məlumat daxil olarsa, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılacaq, fakt təsdiqlənsə, tədbir görüləcək”.

Aysel

Aysel Əhmədovanı qızı olduğu üçün evdən qovublar.

Əvvəlcə USM oğlunun olacağını göstərib. Sonra məlum olub ki, həkim yanılıb – Ayselin qızı olub.

Əri deyib ki, qız övladı onun namusuna xələl gətirəcək və qadını uşaqla birlikdə evdən qovub.

Qadın qızı ilə birlikdə ata evinə qayıdıb. Orda da qardaşı tələb edib ki, qızını internata versin, yalnız bu şərtlə onu geri qəbul etməyə razı olduqlarını deyiblər.

Nəticədə qadın sığınacağa gəlib çıxıb.

2016-cı ildə Azərbaycanda 34569 qadın abort eləyib.

Bu abortların nə qədərinin selektiv olduğunu ortaya qoyacaq statistika aparılmır.

Problemin miqyası haqda yalnız ginekoloqların danışdıqları əsasında müəyyən etmək mümkündür. Onlar isə bildirirlər ki, selektiv abortların payı bu statistikada böyükdür, doğulan körpələrin say nisbəti də bunu göstərir.

“Yeddi oğul istərəm, bircə dənə qız, gəlin” – rejissor Əli İsa Cabbarovun sənədli filmi (2002) belə adlanır. Filmin sonunda qadın məsləhətxanasının dəhlizində qıza hamilə olan qadınlardan biri niyə abort etdirmək istədiyini izah edir: “Azərbaycan cəmiyyətində kişi olmaq qadın olmaqdan daha asandır: işə düzəlmək asandır, ailədə və məişətdə asandır, ümumiyyətlə yaşamaq daha asandır”,- o deyir.

Sevinc

Sevinclə qadın məsləhətxanasında tanış olduq. Yanında üç yaşlı qızı vardı. Sevinc təxminən hamiləliyinin dörd-beşinci ayında idi.

Qadın məsləhətxanasında olanlar buranın ən müxtəlif mövzularda söhbət üçün də əla yer olduğunu bilirlər. Burada qadınlar hamiləlikdən tutmuş, ən son dünya xəbərlərinə qədər hər şeyi müzakirə edirlər. Bu söhbətlər olmasa uzun növbələrdə saatlarla gözləmək çətin olardı.

Amma Sevinc söhbətlərə qəti maraq göstərmirdi.

USM otağından çıxan hamilə qadınları müşahidə eləmək çox maraqlıdır. Qadının üzündən oğlunun, yoxsa qızının olacağını anlamaq mümkündür. Bu dəhlizlərdə oğlan üçün sevinənlər qız üçün sevinənlərdən daha çox olur.

Sevinc otaqdan çıxanda gözləri heç nə ifadə eləmirdi, sanki özü də burada deyildi. Ayaq üstə güclə dayanmışdı. Ona su verdim, içdi, təşəkkür etdi, qapıda dayanan qızı işarə ilə yanına çağırdı. Ondan nəsə soruşmaq istədim, amma bu vəziyyətdə nə soruşasan? Görünür, mənim susqunluğum onu dilə gətirdi, danışmağa başladı.

“Anam bizə nifrət eləyir. Mənə və bacıma. Qız olduğumuz üçün bizi sevmir. Hətta uşaqlıqda da sevmirdi. Yedirirdi, içirirdi, geyindirirdi, oxudurdu, amma sevmirdi.

Bacımın bir qızı var, əməliyyat vaxtı uşaqlığını çıxarıblar, onun daha uşağı olmayacaq. Mənim də bir qızım var, ikinci də qız olacaq. Anam uşaqlarımızı da sevmir, tək ümidim bu uşağa idi (əli ilə qarnını göstərir), bu da belə…”

Ana necə öz övladını sevməyə bilər? – deyə soruşuram.

“Atam bizə görə onu atıb. Anam onun üçün oğlan doğa bilməyib, o da başqası ilə evlənib”.


More on JAMnews