Ömürlük həbsə məhkum olunan azadlıqda yaşayanlara məktub yazır. Növbəti məktub" />

Həbsxanadan məktublar. Azadlıq və əzilmiş həyat

Ömürlük həbsə məhkum olunan azadlıqda yaşayanlara məktub yazır. Növbəti məktub

Anastasiya Loqvinenkonun rəsmi

JAMnews-un “Həbsxanadan məktublar” layihəsi redaksiyaya ömürlük həbs cəzası almış məhkumdan məktub gələndən sonra başladı. Yuri Sarkisyan artıq 24 ildir ki, həbsxanadadır. O ürəyini boşaltmaq üçün bizə yazır, həm də düşünür ki, cəmiyyət “tikanlı məftilin o tərəfində” yaşananlardan xəbərdar olmalıdır. Biz onunla razılaşdıq, layihə də bu cür yarandı. Yuri Sarkisyan həm də 2016-cı ildə dərc olunan “Ən yüksək cəza tədbiri” sənədli romanının müəllifidir.

Bu, Yuri Sarkisyanın növbəti məktubudur

Əvvəlki məktublar:

Birinci məktub: tikanlı məftilin o yanı və bu yanı və bütün müqəssirlər 

İkinci məktub: Yuxunun reallıqdan üstün tutulduğu məkan        

Üçüncü məktub: Gələcək varsa, gözəldir 

Gələcəkdə dəyişikliklər istəyirsənsə, bu gün həmin dəyişiklik ol.

                                                             Mahatma Qandi  

E rmənistanda özbaşınalıq və qanunsuzluq on illiklər ərzində hakimlik edib. Ağzına qədər dolu həbsxanalar, boşalmış ölkə, məhv edilmiş canlar. İndi də xalq narazılığı dalğasında yeni lider yarandı. O, kimdir? Xilaskar? Göylərin elçisi? Yoxsa biz yenə də arzularımızı gerçəklik kimi qəbul edirik?  

Biz, ölümə məhkum olunanlar üçün bu suallar xüsusilə kəskin durur. Ermənistanın nisbətən azad vətəndaşları onu daha yaxşı yaşayış yeri axtarışı ilə tərk edə bildiyi halda, məhbusların belə bir alternativi yoxdur.

Üç prezidentin rejimi keçmiş ölümə məhkum olunanların işlərinə tabu qoyub, bütün aşağı instansiyalar da oradan gələn qaydalara ciddi şəkildə riayət edirdi. Biz xəstəlik və çıxılmazlıqdan məhv olur, ağlını itirir, son ümiddən yapışır, Göylərə dua edirdik… Bu gün biz hamıdan daha çox Yuxarıdan cavab kimi ildırım sürətli inqilaba inanmaq istəyirik.   

B u dünyada təsadüflər olmur. Nikol Paşinyan Ermənistanın ona ehtiyacı olan vaxt gəldi. Ermənilərin ona ehtiyacı olan vaxt. Bütün – bu və ya digər şəkildə məzlum olanların ona ehtiyacı olan vaxt. Dövrü keçən və özü özünün qarşısını ala bilməyən əvvəlki hakimiyyətin də ona ehtiyacı varıydı: cinayətkar manyak bu cür, getdikcə daha fərqli və həyasız hərəkətlərilə həbs olunmağa çalışır.

Ümumi məlumatlar əsasında insanı təsəvvüründə canlandırmaq çətindir: doğulub; oxuyub; xidmət edib\etməyib; işləyib\işləməyib; ailə vəziyyəti; məhkumluq… və s. Hər bir soyuq bəndin arxasında bir həyat dayanıb. Birinin digərindən asılı olması və növbətini müəyyən etməsi də mütləq deyil.  

Canlı tale gözlənilməzdir, nağıldakı kimi, həmişə də xoşbəxt sonluğa ümid edir. İstənilən tale. Hər birimizin taleyi.

Yaxşı bir hekayə yazın – körpənin gözlərindəki ilk şəfəqdən tutmuş, elə həmin gözlərin kirpiklərinin ömrün qürub çağında son titrəyişinə qədər. Ya da gözəl şer, mahnı yazın. Sonra da yazdığınız vərəqi əlinizdə əzib, zibil qutusuna atın. Bunu sabah, biri gün təkrar edin… İndiyə qədər məhkumlar və onların ailələri bu cür həyata məhkum edilmişdi: arzularımızı və planlarımızı keçmişin və həbsxana divarlarının ağırlığı altında dəfn edib, gələcəkdən məhrum etdilər.  

İldən ilə şəxsi işlər təfərrüatlar, imdad çağırışları, soyuq məmur imtinaları ilə dolub. Tikanlı məftil və qəddar humanizmin sarıdığı mövcudluq. İldən ilə.  

E lə bir təəssürat yaranır ki, o böyük dünyada azad insanlar deyil, həbsxana işçiləri yaşayır. Ədalətli məhkəmə ilə bağlı söhbətlər hakimlər və bu sahənin digər nümayəndələrinin rüşvətxorluğu ilə mübarizə, yeni həbsxanaların tikilməsi və onlarda rahat şəraitin yaradılması ətrafında gedir. Elə məhbusların özləri də orijinallığı ilə seçilmir.

Azadlıqda və ya həbsxanada insanların təcrid olunması zərurətinin tamamilə aradan qalxdığı cəmiyyətin yaradılmasını ciddi şəkildə müzakirə edən insana nadir hallarda rast gələrsən. Dünya əslində inkişaf etmir, artıq mövcud olanlara müxtəlif dəyişikliklər etməklə inersiya ilə yaşayır.  

Məhkəmə sisteminin qüsurluluğu insan amili ilə şərtləşir. Özlərinin taleyüklü qərarlarında hakimlər tək Qanun deyil, həm də öz şəxsi fikirlərinə əsaslanır, bu da ədalət hissindən daha çox, tamahkarlıqla bağlı olur.

A prelin on üçündə, ölkədə böyük dəyişikliklərin başlamasından bir neçə saat əvvəl [söhbət Ermənistanda aprelin 13-də başlayan itaətsizlik hərəkatından gedir, bunun nəticəsində də etirazların lideri Nikol Paşinyan baş nazir vəzifəsinə seçildi], hakim Artuş Qabrielyan mənim vaxtından əvvəl şərti azadlığa çıxma ərizəmi rədd etdi. Sonda da ondan inciməməyimi istədi, axı əvvəldən ömürlük həbsə məhkum olunanlardan istənilən kəs üçün müsbət cavabın mümkünsüzlüyü barədə xəbərdar etmişdi.

Biz də gözləyirik. Hansısa islahatları gözləyirik, əsaslı dəyişikliklərə hazırlaşırıq. Məsələmizin müsbət həllini gözləyirik. Doğmalarımız da gözləyir. Sadəcə gözləmir, hadisələrdə birbaşa iştirak edir, bir siyasətçiyə etiraz edib, ümidlərini başqalarına bağlayır. Ümid edirik ki, ölkədə qanunilik bərpa olunacaq, bizim də ailəmizin əhatəsində normal həyata məhdudlaşdırılmış hüquqlarımız bərpa olunacaq. Bütün sahələrdə gözlənilən tərəqqiyə inanmaq istəyirik.

90-cı illərdə ölümə məhkum olunan biz hər dəfə yeni gerçəkliyin girovlarına çevrilirik. Bizi elə öyrədiblər ki, siyasi oyunlarda azadlıqda və ya həbsxanada insanların problemləri oynanılan və heç də həmişə əsas olmayan oyun kartıdır. Hər şey bitəndən və qalib bilinəndən sonra həmin kartları elə köhnə taleləri gözləyir. Siyasətçilərin riyakarlığının həqiqətən də həddi-hüdudu yoxdur.

Qalibin ayaqlarının altındakı qırmızı xalça məğlub olmuş düşmənin qanını, real olaraq axıdılan qanı simvolizə edir. Birilərin yüksəlməsi mütləq digərlərinin alçaldılması, bəzən də məhv edilməsi hesabına baş verir. Ermənistanda on illiklər boyu bütöv bir xalq alçaldılıb.

D eyirlər ki, Nikol Paşinyan orta və aşağı instansiyalara dəyməmək şərtilə dövlət qurumlarının yuxarı hissəsində təmizlik aparmağı vəd etmişdi. Bunu necə başa düşmək olar? Hakimlərin qəddar qərarlarının birbaşa icraatçıları qalacaq? Mənim üçün bu o deməkdir ki, məhkumlara qarşı müxtəlif cinayətlər törədən həbsxana işçiləri əvvəlki kimi həbsxanada işləyəcək. Və heç nə dəyişməyəcək! Bu cür işçilər üçün işgəncələr, təhqirlər, insan haqlarının tapdalanması və digər cinayətlər adi haldır. Onları dəyişmək mümkün deyil: təzə çaxır və köhnə tuluq bir yerdə ola bilməz.    

Düzdür, ağılsız baş ayaqlara da sakitlik vermir. Amma şikəst ayaqla da uzağa gedə bilməyəcəksən. Yeni baş nazirin kadr islahatları, insan statusunu alçaldan qanunlar sistemini dəyişmədən və əksəriyyətin qul itaətkarlığının daxili vəziyyətini alt-üst etmədən heç bir nəticə verməyəcək.  

Bu gün BİR şey danılmazdır: vətəndaş itaətsizliyi Ermənistan XALQININ QƏLƏBƏSİ ilə nəticələndi! Buna qədər ümumi etirazlarla hökumətə təsir etmək cəhdləri uğursuzluqla nəticələnirdi. Bu isə həmişə tabutun qapağına vurulan daha bir mismardır. Amma canlanan  iradə azadlığını satqın siyasətçilər asanlıqla oğurlaya bilər. Deməli, heç nəsiz qalmaq perspektivi hələ də üfüqdə görünür.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.

More on JAMnews