Ukraynanın baş prokuroru Qiya Tsertsvadzenin həbsdən azad ediəcəyinə zəmanət verib" />

Gürcüstanın sabiq xüsusi təyinatlısı sabah azad edilə bilər

Ukraynanın baş prokuroru Qiya Tsertsvadzenin həbsdən azad ediəcəyinə zəmanət verib

Gürcüstanın sabiq xüsusi təyinatlısı Qiya Tsertsvadze cümə axşamı həbsdən azad ediləcək. Bu haqda “Avropa Gürcüstanı” partiyasının üzvü Qivi Tarqamadze məlumat verib. Onun sözlərinə görə, bu zəmanəti ona Ukraynanın baş prokuroru Yuri Lutsenko verib.

Qivi Tarqamadze bildirib ki, Lutsenko “Gürcüstan legionu”ndan (Terror Əleyhinə Əməliyyatlar zonasında Gürcüstandan olan könüllüləri birləşdirən təşkilat) Qiya Tsertsvadzenin həqiqətən də anti-terror əməliyyatlarında iştirak etdiyinə dair yazılı təsdiq gözləyir. Məhz bu, Tsertsvadzenin ilkin istintaq müddətinə həbsdən azad edilməsi üçün əsas olacaq. Tarqamadze Yuri Lutsenko ilə yazışmalarının skrinşotunu Facebook-da paylaşıb.

Bunun ardınca vitse-polkovnik Tsertsvadzenin məsələsi ilə bağlı Gürcüstanın baş nazirinin mətbuat xidməti də bəyanat yayıb və siyasətçiləri bu mövzuda spekulyasiyadan çəkinməyə çağırıb.

“Gürcüstan öz vətəndaşlarını satmır və bu bizim qanunvericilikdə də aydın qeyd olunub. Baş nazir də bu mövqeyi tamamilə bölüşür”, – hökumət başçısının mətbuat xidmətindən bildirilib.

Tsertsvadzenin məsələsilə bağlı müxalifət hakimiyyəti sərt tənqid edir və fəaliyyətsizlikdə günahlandırır. Parlamentdəki azlıq dDaxili İşlər, Xarici İşlər və Ədliyyə nazirlərinin parlamentə çağırılmasını tələb edib.

Hökumət isə öz növbəsində bildirir ki, Tsertsvadzenin şəxsi məlumatları etibarlı qorunur, Rusiya güc strukturları üçün əlçatmazdır. Ədliyyə nazirinin sözlərinə görə, Tsertsvadzenin maraqlarının müdafiəsi üçün artıq dövlət səviyyəsində lazımi addımlar atılıb.

“Bundan ötrü ucadan qışqıranların çağırışlarına ehtiyac yoxdur… Öz adımdan və hüquq-mühafizə bloku adından xahiş edirəm ki, bu mövzu ətrafında ajiotaj yaratmayasız”, – Teya Tsulukiyani bəyan edib.

Tsertsvadzenin həbsilə bağlı Tbilisi və Kiyevdə etiraz aksiyaları keçirilib.

“Tsertsvadzeni Rusiyaya verməyin”, – Tbilisidə DİN binası önündə etiraz aksiyası bu şüar altında baş tutub və həmin aksiyada nümayişçilər və polis arasında qarşıdurma yaşanıb.

Kiyevdə gürcü diasporasının nümayəndələri və Terror Əleyhinə Əməliyyatların iştirakçıları Gürcüstan səfirliyi qarşısına toplaşıb. Onlar diplomatik nümayəndəlikdən Gürcüstan vətəndaşının maraqlarını qorumağı tələb ediblər.

Gürcüstan DİN xüsusi təyinatlı dəstəsinin sabiq vitse-polkovniki Georgi Tsertsvadze bir neçə gün əvvəl Rusiyanın tələbi ilə Kiyevin Julyanı aeroportunda saxlanılıb. Abxaziya və 2008-ci il Rusiya-Gürcüstan müharibələri veteranı Tsertsvadze Rusiya hakimiyyəti tərəfindən 2003-cü ildə baş vermiş qətldə günahlandırılır. Amma onunla bağlı beynəlxalq axtarış yalnız 2016-cı ilin dekabrında elan edilib. Vəkilinin və müxalifət nümayəndələrinin bildirdiklərinə görə, Gürcüstan hakimiyyəti Tsetsvadzenin şəxsi məlumatlarını Rusiyaya ötürüb.


More on JAMnews