Bundan bir neçə gün əvvəl bir Almaniya məmuru Gürcüstanla vizasız rejimin ləğv edilməsini tələb edib" />

Gürcüstanın 19 vətəndaşı Almaniyaya buraxılmayıb

Bundan bir neçə gün əvvəl bir Almaniya məmuru Gürcüstanla vizasız rejimin ləğv edilməsini tələb edib

Fevralın 13-də Kutaisi-Meminqen reysi ilə uçan Gürcüstanın 19 vətəndaşı Almaniya ərazisinə buraxılmayıb. Bu haqda Gürcüstan XİN-dən məlumat verilib.

“Gürcüstanın 10 vətəndaşı elə həmin gün Meminqen-Kutaisi reysi ilə geri göndərilib. 9 Gürcüstan vətəndaşı isə Münhen şəhər aeroportunun tranzit zonasına keçirilib”, – Gürcüstan XİN-in bəyanatında deyilir. Almaniya hökumətinin bu münasibətinin səbəbi bəlli deyil. Bu haqda Kutaisiyə qayıdan sərnişinlər də heç nə deməyib. Onlardan biri jurnalistlərə bildirib ki, onun mehmanxana bronu olmadığı üçün Almaniyaya girişinə qadağa qoymuş ola bilərlər.

Gürcüstan mətbuatı bir neçə gün əvvəl, fevralın 8-də Şimali Reyn-Vestfaliya torpağının Nazirlər Kabinetinin üzvü İoaxim Ştampın Gürcüstanla vizasız rejimin dayandırılmasını tələb etməsinə diqqət çəkiblər. Onun sözlərinə görə, son zamanlar Almaniyada qaçqın kimi qalan Gürcüstan vətəndaşlarının, o cümlədən də gürcülər tərəfindən törədilən cinayətlərin sayı kəskin artıb.

Gürcüstan artıq analoji xəbərdarlığı Avropa İttifaqından da alıb. Avropa Komissiyası açıq bildirib ki, gücü kriminal qruplaşmalar Avropa üçün böyük problemə çevrilib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir Giorgi Kvirikaşvili baş verən olayla bağlı Nazirlər Kabinetinin fövqəladə iclasını keçirib.

“Gürcüstan hökuməti Gürcüstan və Aİ arasında viza rejiminin liberallaşmasından sonra ölkə qarşısında duran çağırışlara cavab vermək üçün bir sıra sərt tədbirlər görməyi planlaşdırır”, – mətbuat xidmətinin məlumatında deyilir.

•  Aİ və Gürcüstan arasında vizasız rejim 2017-ci il martın 28-dən tətbiq olunur. Həmin gündən ötən ilin dekabrına qədər 170 min Gürcüstan vətəndaşı vizasız rejimdən yararlanıb. 

• Gürcüstan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, viza rejiminin liberallaşması məsələsinin yenidən gözdən keçirilməsini nəzərdə tutan “dayandırma mexanizmini” işə salmaq haqqını Avropa İttifaqı özündə saxlayır.


More on JAMnews