“Qirçi” partiyasının lideri Zurab Caparidze yeni ildə partiya fonduna ödəniş müqabilində beş ailəyə baş çəkməyə hazırdır" />

Gürcüstanda yeni il gecəsi prezidentliyə namizədi icarə götürmək mümkündür

“Qirçi” partiyasının lideri Zurab Caparidze yeni ildə partiya fonduna ödəniş müqabilində beş ailəyə baş çəkməyə hazırdır

“Qirçi” (“Qoza”) ultra-liberal partiyası qeyri-adi yeni il qabağı aksiya keçirir.

Partiya lideri Zurab Caparidze yeni il gecəsi pul ödəyib, onun “mekvle” olmasını istəyən beş ailəni ziyarət etməyə hazırdır.

Gürcü ənənəsinə görə, “mekvle” yeni il gələndən sonra evə ayaq basan ilk qonaqdır. Hesab olunur ki, növbəti ilin uğurlu və ya uğursuz olması məhz ondan asılıdır.

Niyə insanlar parlament qarşısında rəqs edirdi və bunun siyasətə nə dəxli var?

Gürcüstanda marixuana çəkmək olarmı? Yeni qanun nə deyir?

Salome Zurabişvili – Gürcüstanın yeni prezidenti kimdir?

“Qirçi”nin lideri Zurab Caparidze. Foto: “Qirçi”nin rəsmi Facebook səhifəsi

Zurab Caparidzenin ilk “uğurlu” qonaq qismində ziyarət edəcəyi ailələr 31 dekabr 23.30-a qədər davam edəcək  auksionda iştirak etməli olacaqlar.

Auksion artıq internetdə açılıb, bütün şərtlərlə bu linkdə tanış olmaq mümkündür.

Hazırda lider olan ilk üçlük Caparidzeni qonaq kimi qəbul etmək üçün 111 lari [40 dollar], 100 lari [37 dollara yaxın] və 50 lari [19 dollara yaxın] ödəməyə hazırdır.

Partiya beş qalibi müəyyənləşdirəcək. Hər ziyarət 35 dəqiqə davam edəcək.

“Qirçi” partiyasından dəqiqləşdirirlər ki, Zurab Caparidzenin “çatdırılması” ancaq Tbilisi civarında mümkündür.

“Qirçi” kimlərdən ibarətdir?

“Qirçi” lideri Zurab Caparidze 2018-ci il prezident seçkilərində iştirak edib və ilk turda 2,26 faiz seçici səsi toplayıb, bu da 36 min 034 səs deməkdir.

Partiya 2015-ci ildə vaxtilə iqtidarda olan Vahid Milli Hərəkat Partiyasından [Saakaşvilinin partiyası] uzaqlaşan bir qrup siyasətçi tərəfindən yaradılıb.

“Qirçi” liderləri sosial şəbəkələrdə fəaldırlar və zaman-zaman qeyri-adi aksiyalar keçirirlər.

Məsələn, 2016-cı ilin yeni il gecəsində “Qirçi” fəalları nümayişkəranə şəkildə öz ofislərində çətənə bitkisi əkiblər. Bir neçə ay əvvəl isə Tbilisidə kostyumlu marixuana festivalı təşkil ediblər.

“Qirçi” seçiciləri əsasən bu partıyanın ultra-liberal baxışlarını dəstəkləyən gənclərdən ibarətdir.

“Qirçi”nin əsas məqsədi narkotiklərin liberallaşdırılması, müqaviləli orduya keçilməsi və icbari hərbi xidmətin ləğvindən ibarətdir. Birlik həmçinin dövlət vəsaitlərindən və subsidiyalardan imtinanı, dövlətin iqtisadiyyata minimum müdaxiləsini və sairə də dəstəkləyir.

“Qirçi” təmsilçilərinin qaldırdığı iddia sayəsində 2018-ci ilin iyulunda Gürcüstanın Konstitusiya Məhkəməsi inzibati cəriməni ləğv edərək ölkədə marixuana istifadəsini faktiki qanuniləşdirib. Buna cavab olaraq Gürcüstan DİN-i marixuananın istifadəsi ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutan qanun layihəsi hazırlayıb.

2017-ci ilin aprelində “Qirçi” “Gürcüstan xristian yevangelist protestant kilsəsi – Bibliya azadlığı” dini təşkilatını qeydiyyatdan keçirib. Partiya liderləri bildiriblər ki, onlar bu yolla gənclərin ordudan azad edilməsinin leqal vasitəsini tapıblar. Sxem belədir – çağırışçı təşkilata gəlir, ona din qulluqçusu olduğu haqda arayış verilir və dövlət onu orduda xidmətdən azad edir.

Çünki Gürcüstan qanunvericiliyinə əsasən, əgər gənc din xadimidirsə və ya dini seminariyada təhsil alırsa, hərbi xidmətə çağırış təxirə salına bilər.

Təşkilatçıların ideyası uğurlu olub, orduda xidmət etmək istəməyən çox gənc onlara müraciət edib. “Qirçi”dən bildirildiyinə görə, belə “din qulluqçularının” sayı artıq üç min nəfərdən çoxdur.

Facebook Comments

More on JAMnews