Miranda Paqava deyir ki, Gürcüstanda transgenderlərin vəziyyəti dözülməzdir və o, ölkəni tərk etmək niyyətindədir" />

Gürcüstanda transgender qadın hücuma uğrayıb

Miranda Paqava deyir ki, Gürcüstanda transgenderlərin vəziyyəti dözülməzdir və o, ölkəni tərk etmək niyyətindədir

Tbilisidə 23 yaşlı transgender qadını – Miranda Paqavanı döyüblər.

Məruz qaldığı hücum haqda o özü Facebook səhifəsində yazıb.

Paqava bildirib ki, hadisə sübh vaxtı Tbilisinin mərkəzində Vake parkında, o, pul xırdalamaq üçün mağazanın yanında taksidən enərkən baş verib. Bir qədər kənarda dayanan maşının içindəki tanımadığı kişi onu görüb. Həmin şəxs ona kompliment söyləyib, ardınca isə onunla getməsini tələb edib. Rədd cavabı alandan sonra kişi qışqırmağa, onun bioloji cinsi haqda suallar verməyə başlaylb və qadına hücum edib.

Miranda Paqava Facebook-a öz şəklini də qoyub:

O deyir ki, yaxınlıqdakı mağazanın işçilərindən kömək istəyib, amma heç kim yardımına gəlməyib.

“Rustavi-2” telekanalına müsahibəsində o, bildirib ki, bu, ona və digər transgenderlərə qarşı ilk hücum deyil. Onun sözlərinə görə, bu vəziyyət onun üçün dözülməzdir və o, ölkəni tərk etmək niyyətindədir.

“Mən ali təhsilliyəm. Bundan başqa hüququ da bitirmək və karyeramı bu istiqamətdə qurmaq istəyirəm. Gürcüstanda mənim gender kimliyimə görə insanlar ünvanıma aqressiya ifadə edirlər. Buna görə də iş tapa bilmirəm, hətta təhsilimə və bacarığıma baxmayaraq. Yaxın zamanda hansısa Avropa ölkəsinə qaçqın statusu almaq üçün müraciət etmək niyyətindəyəm. Bu qədər zəhərli insanlara qarşı mübarizə edəcək gücüm yoxdur artıq”, – o, “Rustavi-2” kanalına deyib.

Olayla əlaqədar olaraq DİN Gürcüstan CM-nin 126-cı maddəsi (zorakılıq) ilə istintaqa başlayıb. Paqavanın sözlərinə görə, ona hücum edən şəxs saxlanılıb.

Gürcüstan postsovet ölkələri arasında LGBT birliyi üzvlərinin diskriminasiyasının qanunla qadağan olunduğu azsaylı respublikalardan biridir. Amma bu, məişət zorakılığından və təqibdən xilas etmir.

Bu hadisə qadın transgenderin ilk döyülmə halı deyil – 2017-ci ilin fevralında dörd transgender Tbilisinin mərkəzində fiziki zorakılıq qurbanı olmuşdu. Qadınlara dəyənəklərlə, taxtalarla və batıcı alətlərlə silahlanmış 10 nəfər hücum edib.

2016-cı ilin oktyabrında Tbilisidə transgender Zizi Şekiladze zorakılıq qurbanı olub. Onu xəstəxanaya çatdırsalar da, həkimlər Zizinin həyatını xilas edə bilməyiblər, bir ay sonra o, xəstəxanada həyatını itirib.

2014-cü ilin noyabrında 23 yaşlı Sabi Beriani Tbilisi rayonlarının birindəki kirayə mənzildə ölü tapılıb. İstintaqın müəyyən etdiyinə görə, qadın transgender bıçaq yarasından vəfat edib.


More on JAMnews