Hökumət xüsusi qanunun köməyilə dağ kəndlərindən miqrasiyanı dayandırmağa çalışır " />

Gürcüstanda tarixi Şatili kəndi – dağlar necə insansız qalır

Hökumət xüsusi qanunun köməyilə dağ kəndlərindən miqrasiyanı dayandırmağa çalışır

შატილი Şatili, Gürcüstan

Gürcüstan ərazisinin 70 faizə qədəri dağlardır. Son onilliklər insanlar tədricən bu regionları tərk edir. Çətin təbii şəraitlə yanaşı burada yaşayanlar işsizlik, yoxsulluq, yolsuzluq, köhnəlmiş infrastruktur, məktəb, uşaq bağçaları çatışmazlığı və ümumilikdə perspektivsizlikdən qaçırlar. Hökumət bu prosesi dayandırmağa çalışır. Bundan nə alınır? Qafqaz dağlarının şımal yamacında, Xevsureti regionunda, hündur dağlarda yerləşən qədim Şatili kəndindən reportaj.

Şatili, Gürcüstan. Sentyabr 2019-cu il. Foto: David Pipia,  JAMnews

Təxminən üç kvadrat metr sahəsi olan sinif otağına bir-birinin ardınca dörd uşaq daxil olur, otaq dərhal dolur. 

Bu gün məktəbə gələn Ani, Manqia, Kote və Keti Şatil dövlət internat məktəbinin şagirdlərinin yarısıdır. 

Ani onuncu, Manqia yeddinci, Kote doqquzuncu, Keti isə üçüncü sinifə gedir. 

Gürcüstanın kəndi Cənubi afrikalı burların yeni evinə necə çevrildi 

Gürcü oliqarxın doğma kəndi – gürcü arzusu haqqında əfsanə 

Müəllim bütün məktəbi yeni ilin başlaması ilə təbrik edəndən sonra, uşaqlar öz otaqlarına gedir. Hərəsi bir sinifə. 

Ən kiçikləri Ketidir, bu il üçüncü sinifə gedib. Onun Mutso kəndi Şatilidən 12 kilometr aralıda yerləşir. Bəzən o, məktəbə evdən gəlir, bəzən də bir neçə günlük məktəbdə qalır.

Qışda, qar yolları bağlayanda, ailə ilə ayrılıq daha uzun çəkir. Ketinin ailəsinin başqa çıxış yolu yoxdur – Şatilidə məktəb 50 kilometr radiusda yeganə məktəbdir. 

Şatilidə məktəb şagirdləri, Gürcüstan. Sentyabr 2019-cu il. Foto: David Pipia, JAMnews

Rəngbərəng ev 

Yeni məktəb ili başlamazdan bir neçə gün əvvəl Şatili məktəbində çəkic səsi eşidilir, boya və tikinti materiallarının qoxusu gəlir. 

Şatili məktəbinin artıq bir neçə ildir ki, təmirə ehtiyacı varıydı. Yollar pis olduğuna görə bu kəndə tikinti materiallarının daşınması belə ciddi problemdir. 

— Açılışa qonaqlar gələcək?

— Qubernator gələcək? 

— Jurnalistlər buradadı?

Məktəbdə təmir, elə qonaqların gəlişi də burada böyük hadisədir. Şatili və 11 ətraf kənddə cəmi səkkiz uşaq yaşayır, hamısı da bu məktəbə gedir. 

Yenicə təmirdən çıxmış qonur-narıncı məktəb binası sanki Şatilinin boz landşaftını, qəhvəyi qüllələri və daş binalarını canlandırır, digər tərəfdən də kənd mənzərəsi ilə təzad təşkil edir, eynən qüllələrə dırmaşan turistlərin al-əlvan köynəkləri kimi.  

Bu il şagirləri yenilənmiş məktəb binası qarşıladı, burada onlar kimya, riyaziyyat və fizikanı öyrənə biləcəklər – məktəb direktoru Makvala Daiaurinin bizə dediyinə görə, heç də bütün müəllimlər buranın ağır qışına tab gətirmir. Bir neçə müəllim məktəbi tərk edib, onların əvəzinə də heç kimi tapa bilməyiblər.

Şatili 

Şatili özünün köhnə qalaları, orta əsrlərə aid mənzərələri, ancaq burada qorunub saxlanılan qədim ənənələri və gözəl təbiəti ilə “Pirikita Xevsureti”  regionunun ən gözəl kəndlərindən biridir. 

Demək olar ki, tamamilə boşaldılmış və tərk edilmiş qonşu kəndlərin fonunda Şatili regionun əhalisi çox olan mərkəzi sayılır. Burada səkkiz ailə yaşayır, məktəb, mobil əlaqə var, işıq yananda internet də olur. 

İlin böyük hissəsi burada gündə bir saatlıq işıq verirlər. 

Tbilisiyə gedən yeganə nəqliyyat miniavtobusdur. O da ancaq yay aylarında və həftədə cəmi iki dəfə gedir. 

Paytaxtdan bura gəlmək üçün dağları aşmaq, dərin dərəni və Baş Qafqaz dağ silsiləsinin bir aşırımını keçmək, dəniz səviyyəsindən üç min metr yuxarı qalxmaq və dağın yamacına düşmək lazımdır. Yol çınqıllıdır, bəzi yerlərdə böyük gölməçələr var.   

Bəzi yerlərdə dərənin kənarı ilə yol o qədər daralır ki, qorxudan ixtiyarsız gözlərini yumursan. 

Tbilisidən Şatiliyə yol 140 kilometrdir, amma bəzən səfər yeddi saata qədər çəkə bilər. 

Şatili, Gürcüstan. Sentyabr 2019-cu il. Foto: David Pipia,  JAMnews

Datvidcvari aşırımının yanında biz ağ mikroavtobusa çatırıq. Marşrut avtobusu yolu kəsən böyük gölməçənin qarşısında dayanıb. Sıraya düzülən sərnişinlər gölməçəni keçməyə çalışırlar. Bəziləri islanıb. Gölməçədə batıb qalmaqdan qorxan sürücü sərnişinləri avtobusdan düşürərək, bu təhlükəli yeri ayaqla keçməyi xahiş edib. 

Bu mikroavtobus Tbilisidən Şatiliyə həm sərnişinləri, həm də qış azuqəsini daşıyır. 

Qışda yol tamamilə bağlanır. Noyabrda qar Xevsuretini Gürcüstanın qalan hissəsindən təcrid edir. Heç bir maşın Şatiliyə gedib çıxa bilmir, hətta vertolyotlar belə ora gedib çıxmaq üçün havaların yaxşılaşmasını gözləməli olur. 

Heç kim yolu qardan təmizləmir, mayda qarın özü əriyənə qədər.

Şatili, Gürcüstan. Sentyabr 2019-cu il. Foto: David Pipia,  JAMnews

Şatilidən olan 61 yaşlı həkim Mixail Çinçarauli Tbilisiyə getməyə hazırlaşır və iki uzun siyahı hazırlayır. Biri ailəsi üçün ərzaq siyahısı, digəri isə qışda lazım olaacq dərmanlardır. 

Çinçarauli artıq 20 ildir ki, Xevsuretidə yeganə həkimdir. O, həm ağ ciyər iltihabını müalicə edir, həm kor bağırsağın əməliyyatını edir, sınıqlar da onun profilidir. 

«Mənim burada lazım olan 80 adda dərmanım var. Qışda ehtiyacı olanlara vermək üçün onları almalıyam. Hamını müalicə etməliyəm… Bunlar mayda yollar açılana qədər kifayət etməlidir». 

Xevsuretidə deyirlər ki, qışda bəxtin gətirməlidir ki, xəstələnməyəsən. Çıxılmaz vəziyyətlərdə insanlar kömək üçün sərhədçilərə müraciət edir, onlar da vertolyot çağırırlar. 

Şatili, Gürcüstan. Sentyabr 2019-cu il. Foto: David Pipia,  JAMnews

Miqrasiya 

Gürcüstanın hər yerində kəndlər eyni səbəblərdən boşalır: işsizlik, pis infrastruktur, çətin iqlim şəraiti, suyun və elektrik enerjisinin olmaması. 

Dağ rayonlarından insanlar adəti üzrə kənd təsərrüfatı və heyvandarlıqla dolanır. 

Şatilidə qalan ailələrin iribuynuzlu heyvanları və qoyunları var, bu da onların təsərrüfatının əsasını təşkil edir. Dağ yamaclarında otlayan qoyun sürüsü landşaftın ayrılmaz hissəsidir. 

Yerli sakinlər deyirlər ki, gənclər getdikcə daha az mala qulluq etməyə həvəs göstərirlər. 

Son illərdə neçə nəfərin dağ regionlarını tərk etməsi ilə bağlı dəqiq statistika yoxdur. Amma boşalmış kəndlər tam mənzərəni açır. 

Dağlardan dərələrə miqrasiya bu gün başlamayıb. Proses hələ 1960-cı illərdə başlayıb, 1990-cı illərdə isə kəskin şəkildə fəallaşıb. 

Sovet Gürcüstanında dağlardan inkişaf edən sənaye şəhərlərinə – xüsusilə də Rustavi və Kutaisiyə – miqrasiya hərtərəfli şəkildə təşviq və təbliğ olunurdu, o cümlədən də bədii filmlərdə. 

Daiauri ailəsinin Mutso kəndində evi, Gürcüstan. Sentyabr, 2019-cu il. Foto% David Pipia, JAMnews

«Dağların qanunu»

1 yanvar 2016-cı il tarixindən dağ regionlarının inkişafı haqqında qanun qüvvəyə minib, qanun dağ sakinlərinin kütləvi şəkildə köçünü dayandırmaq üçün qəbul olunub. Qanun yüksək dağlıq ərazilərində yaşayan insanlara sosial və iqtisadi imtiyazlar verilməsini təklif edir. 

Misal üçün, hər yeni doğulmuş körpəyə görə ailə il ərzində hər ay 100 lari [təxminən $34] alır. 

Pensiyaçılar başqa sakinlərdən 20 faiz çox pensiya və sosial yardım alır. Müəllimlər və həkimlər daha yüksək maaş alır. 

Kommunal xidmətlərin xərcləri qismən dövlət tərəfindən ödənilir. Dağ regionlarından olan məktəb məzunları ali məktəblərdə təhsillərini pulsuz davam etdirir. 

Burada biznes qurmaq da sərfəlidir – şirkətlər 10 il ərzində vergilərdən azaddır.  

Qanun təşəbbüskarlarının arqumentlərindən biri o idi ki, miqrasiya nəticəsində unikal gürcü dağ kəndi və onun yerli ənənələri itib batır. Mədəni irs isə yiyəsiz qalır. 

Eldar Daiauri özünün doğma Mutso kəndinə altı il əvvəl qayıdıb. Bu tarixi kəndin restavrasiyasında işləyir. Özünə ev də tikir – öz əlləri ilə, dədə-baba qaydası ilə, “quru üsulla”, yəni daşı məhlul istifadə etmədən qoyur. 

Ona kəndin mərkəzində rast gəldik, əlində Vergilinin kitabı ilə oturmuşdu.  

Daiauri bizə Mutsodakı həyatdan danışır. Xatırlayır ki, uçaq olanda burada 16 ailə yaşayıb.

 Bu gün orta əsrlərdən qalan unikal qala kənddə dörd ailə yaşayır. Onlardan birinin heç vaxt elektrik enerjisi olmayıb. Qalanları köhnə su elektrik stansiyasından təmin olunur. Elektrik enerjisi ancaq işıqlandırmaya, bəzən də televizora kifayət edir. 

«Pulsuz işıq nəyimizə lazımdır ki, əgər o, yoxdursa», – Eldar xəbər alır. 

Telefonla harasa zəng etmək üçün 12 kilometrlik yolu qət edərək, Anatori kəndinə getmək lazımdır, çünki “orada tutur”. İnternet isə Mutsoda heç vaxt olmayıb. 

İnsanları dağlara necə qaytarmalı? 

Şatili və Mutsoda deyirlər ki, adamları dağlarda saxlayacaq əsas şey pulsuz elektrik enejisi deyil, ümumiyyətlə işığın və digər əsas xidmət və infrastrukturun – yolun, suyun və s-nin olmasıdır. 

Yerli sakinlər hesab edir ki, bu, turistləri cəlb etməyə və iş yerləri açmağa kömək edəcək. 

Şatili, Mutso və ümumiyyətlə Gürcüstanın yüksək dağlıq əraziləri turistlərin sevdiyi yerlərdir. Burada heyrətlə köhnə qalaları və dağların fotosunu çəkən səyahətçilərə tez-tez rast gəlmək olar. 

Şatilidə bir neçə kiçik otel var. 

Əslən buradan olan, hazırda isə şəhərdə yaşayanların bir çoxları yayda turist obyektlərində işləmək üçün qayıdır. Amma kifayət sayda turist qəbul etmək alınmır. 

Turistləri pis infrastruktur, ən əsası da pis və təhlükəli yol hürküdür. 

Şatilidə doğulan, hazırda isə Tbilisidə təhsil alan 24 yaşlı Mindia Çinçarauli deyir ki, “inkişaf perspektivi” olsa, təhsilini bitirdikdən sonra mütləq Şatiliyə qayıdacaq və turizmlə məşğul olacaq.

İki il əvvə o, dövlət maliyyəsi vasitəsi ilə özünün ailə otelini təmir etdirib. 

«Məhz bu cür layihələr – maliyyə dəstəyi və imtiyazlar gənclərə dövlət tərəfindən ən yaxşı dəstək ola bilərdi», – Mindia deyir. 

Hökumət “Dağların qanunu”ndan tam razıdır. 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyində JAMnews-a bildiriblər ki, qanun ümumilikdə “dağ rayonlarının sakinlərinə müsbət təsir göstərib”. 

Şatili, Gürcüstan. Sentyabr 2019-cu il. Foto: David Pipia,  JAMnews

«Hazırda bütün problemləri tam həll etmək mümkün olmayıb, amma məsələn, təhsil və səhiyyənin çatımlığı məsələsi xeyli düzəlib», – nazirlikdə bildiriblər. 

«Ümumilikdə maaş, pensiya və yardımın artması əhali üçün çox yaxşıdır. Amma bu, dağlarda vəziyyəti düzəldə bilməz. Bu qanunun nəyisə əhəmiyyətli şəkildə dəyişdiyi bir dənə də regionun adını çəkə bilməyəcəm», – «Dağ rayonlarının inkişafı mərkəzi» QHT-nin nümayəndəsi Şota Buçukuri deyir. 

Onun sözlərinə görə, ümumiyyətlə demoqrafik mənzərənin dəyişməsi uzun sürən prosesdir. Buna görə də mütəxəssislər insanların iki-üç il sonra kütləvi şəkildə dağlara qayıdacağını gözləmirdi. 

Problem isə başqadır – qanun qəbul olunandan sonra ilk illərdə hökumət onun nəticələrini və iqtisadi səmərəsini öyrənməyib və təhlil etməyib. 

Bukuçuri hesab edir ki, “bu cür təhlillər hər il aparılmalıdır ki, gələcək planlar da hazırlansın”. 

Bundan əlavə, Gürcüstan hökumətinin hələlik dağ regionları sakinlərinin sayının son dörd ildə necə dəyişməsi haqda belə məlumatı yoxdur.

Əhalinin son siyahıya alınması 2014-cü ildə aparılıb. Növbəti siyahıya alma 2020-ci ilə planlaşdırılıb və Regional İnkişaf Nazirliyi hesab edir ki, qanunun səmərələliyini ancaq üç il sonra qiymətləndirə biləcək.  

«Bizim ancaq dağ rayonlarında vəfat edən və yeni doğulanlar haqqında məlumatımız var», – Şota Buçukuri deyir. “Bu məlumatları tutuşdursaz, görəcəksiz ki, bu regionlarda ölənlərin sayı yeni doğulanlardan daha çoxdur. Bundan çıxış edərək demək olar ki, demoqrafik vəziyyət pisləşməkdə davam edir”.

2017-ci ilə olan məlumatlara görə, Gürcüstanın dağ regionlarında 1433 uşaq doğulub, 1967 nəfər ölüb.

«Mediaşəbəkə»nin dəstəyi ilə

More on JAMnews