JAMnews-un redaktoru Dimitri Avaliani Moskvanın Karneqi mərkəzi üçün " />

Gürcüstanda siyasi böhran. Oliqarxa daxildən və xaricdən zərbələr

JAMnews-un redaktoru Dimitri Avaliani Moskvanın Karneqi mərkəzi üçün

Foto: Patrik Salat, JAMnews

Məqalənin orijinalı

Gürcüstanda Bidzini İvanişvili uzun illər boyu özü özünə hazırladığı tələyə düşdü. Gürcüstanda gözlənilmədən partlayan siyasi böhran hakimiyyətin üzərində dayandığı iki əfsanəni birdən dağıtdı – daxili siyasətdə xüsusi humanizm və Moskva ilə münasibətlərin normallaşdırılmasında görünməz uğurlarla bağlı. Bu, rejimin legitimliyinə ciddi zərbə vurur və gələcəkdə hakimiyyətin əldə saxlanmasını xeyli çətinləşdirir.  

İyunun iyirmisində Gürcüstan parlamentinin tribunasından rusiyalı deputat Mixail Qavrilovun çıxışına qarşı etiraz kimi kortəbii şəkildə başlayan aksiya paytaxtın mərkəzində əsl qırğına çevrildi, nəticədə iki yüzdən çox adam yaralandı. 

Əslində konkret səbəb o qədər də vacib deyildi. Gec-tez bu, baş verməliydi. Ancaq vaxtı və səbəbi müəyyən deyildi. Cəmiyyətdə hakimiyyətdən uzun müddət yığılan və çıxış yolu tapmayan narazılıq bu şəkildə üzə çıxdı. Və Rusiya iə münasibətlər məsələsi burada heç də əsas qıcıqlandırıcı amil deyildi.  

Qanlı hadisələrdən sonra parlament qarşısında dinc mitinqlər. Fotoreportaj 

Tbilisi mərkəzində qırğın — bu, necə olub. Fotoreportaj 

Tbilisidə etirazlar və onların qəddarcasına dağıdılması. Bu nə deməkdir və nə olacaq? 

“Öz xalqına əl qaldırmayan” hakimiyyət 

Tbilisidə iyunun 20-dən 21-nə keçən gecə etiraz aksiyasının qəddarcasına dağıdılması Gürcüstanda Bidzina İvanişvili partiyasının hakimiyyəti dövründə bütov bir səhifəni bağladı. Əgər əvvəllər rejim özünü 2003–2012-ci illərdə prezident Mixail Saakaşvilinin hakimiyyətindən fərqli olaraq, “vəhşi” olmayan rejim kimi nümayiş etdirirdisə, indi bu nağıla son qoyulub – qəddarlıq məsələsində yeni hakimiyyət əvvəlkini üstələməsə də, ondan geri də qalmayıb. 

Amma öz müstəqillik tarixini 9 aprel 1989-cu il faciəsindən (bu zaman sovet qoşunları dinc nümayişi dağıdaraq, 21 nəfər öldürüb) hesablayan ölkədə nümayişin dağıdılması mövzusuna münasibət çox həssasdır. Saakaşvili çoxu ona görə getdi ki, ona 7 noyabr 2007-ci il və 26 may 2011-ci il tarixli nümayişlərin dağıdılmasını bağışlamadılar.

Bu dəfə güc qurumları nümayişçiləri parlament binasının həyətinə buraxmamaq tapşırığı çərçivələrindən çox kənara çıxaraq, əsassız qəddarlıq göstərdilər – onlar bütün prospekti təmizlədilər və qaçan nümayişçiləri təqib edərək, rezin güllələri üzlərinə atırdılar. 

İndiyə qədər də aydın deyil ki, hakimiyyət niyə bu qədər siyasi cəhətdən özü üçün çox zərərli addım atdı. Baş nazir Mamuka Baxtadze və “Gürcü arzusu”nun digər nümayəndələrinin bəyanatlarından belə çıxır ki, onlar əsasən gənclərdən ibarət bir neçə minlik etirazın Saakaşvilinin “Milli hərəkat” partiyası tərəfindən təşkil olunduğunu düşünürdülər. Və deməli hakimiyyəti ancaq bu partiyanın tərəfdarlarını nümayişkəranə şəkildə cəzalandırmaqla əldə saxlamaq olar. Bu cür yanaşmanın yanlış olması növbəti gündəcə təsdiq edildi, bu dəfə “Milli hərəkat”ın heç bir müdaxiləsi olmadan mitinqə dünənkindən daha çox adam gəldi.   

İvanişvili və Rusiya 

Rusiyada 90-cı illərdə milyardlıq var-dövlət qazanan Bidzina İvanişvili 2011-ci ildə siyasətə gələndən sonra öz ritorikasında əsas mövzulardan biri kimi məhz Moskva ilə münasibətlərin yaxşılaşmasını göstərib. Paralel olaraq öz əsas məqsədi kimi NATO və Aİ-yə istiqamətlənməyi elan edib.  

İvanişvilinin prezident Mixail Saakaşviliyə qarşı əsas ittihamlarından biri o oldu ki, 2008-ci ildə Saakaşvili Rusiya ilə müharibəyə başlayıb və öz siyasəti ilə Gürcüstanı Rusiya bazarından məhrum edib. 

İvanişvilinin dövründə Tbilisi ilə Moskva arasında iqtisadi, humanitar və mədəni məsələlər üzrə danışıqlar başlayıb (Abaşidze – Karasin formatı), çaxır eksportu və kənd təsərrüfatı məhsullarının ixracını və müntəzəm nəqliyyat əlaqəsini bərpa etmək mümkün olub. Rusiya tərəfindən viza rejimi bir qədər asanlaşdırılsa da, ləğv edilməyib.  

Tbilisi və şəxsən İvanişvili öz növbəsində, Rusiya və onun hakimiyyətinin ünvanına ritorikanı yumşaldıb. Düzdür, İvanişvili həmişə hətta ən açıq–aydın məsələlər üzrə Putini açıq şəkildə tənqid etməkdən çəkinib. 

Rusiya Gürcüstan üçün öz bazarını açıb, amma ixrac artımı, həm də Gürcüstanda Rusiya turistlərinin sayının artması (hər iki məsələdə Rusiya Gürcüstanda birinci yerə çıxıb) ölkəni Gürcüstanın Rusiyadan çox asılı olduğu vaxtlara qaytarır. 

Amma siyasi planda tərəflər bir addım belə bir-birinə yaxınlaşmayıb: Rusiya həmişəki kimi təkid edirdi ki, Abxaziya və Cənubi Osetiya müstəqil dövlətlərdir, Gürcüstan isə “yeni reallığı tanımalıdır”. Tbilisi öz növbəsində, təkid edir ki, Gürcüstanda üç Rusiya səfirliyi ola bilməz – yəni hələ ki, Gürcüstan regionlarının Rusiya tərəfindən tanınması qüvvədədir diplomatik münasibətlər bərpa edilməyəcək. 

Amma bu, İvanişvilinin vaxtında Gürcüstanda Rusiya dövlət mediasının və Rusiyayönlü təşkilatların çiçəklənməsinə mane olmadı: II İrakli Cəmiyyəti, “Avrasiya seçimi”, Rusiya dövləti tərəfindən maliyyələşdirilən Primakov adına Rusiya-Gürcüstan ictimai mərkəzi və s. Bu cür təşkilatların fəaliyyəti əsasən NATO və Aİ-yə kursdan imtinanın təbliğinə və Moskva ilə diplomatik  münasibətlərin bərpasına yönəlib. 

Gürcüstanda getdikcə daha çox Rusiya nümayəndə heyətlərinin iştirakı ilə tədriblər keçirilməyə başladı, bunlardan biri də Sergey Qavrilovun iştirakı ilə Parlamentlərarası Pravoslav Assambleyasının məlum iclası oldu. 

Klapanların bağlanması

“Rusofob  təbliğat” – Vladimir Putinin mətbuat katibi Dmitri Peskov etiraz aksiyası və sonrakı hadisələri bu cür adlandırdı, prezident Putin isə guya Rusiya vətəndaşlarının təhlükəsizliyi naminə Gürcüstana uçuşları qadağan etdi. Əslində hələ ki, Gürcüstanda bir nəfər də olsun Rusiya vətəndaşı zərər çəkməyib. Gürcüstanda küçələrə çıxan vətəndaşlar hökumətin Rusiyayönlü jestlərinə və sonsuz iki stulda oturmaq — NATO və Aİ ilə inteqrasiya siyasətini həyata keçirmək və eyni zamanda hər yolla Kremlin ürəyini almaq cəhdlərinə qarşı çıxıb.

Məntiqlidir ki, məhz buna qədər siyasətdən kənar olan gənclər etirazçıların əsas hissəsini təşkil edib: indiki gürcü gənclərinin əhəmiyyətli hissəsi ümumiyyətlə Rusiya ilə tanış deyil və onun haqqında ancaq bunu bilir ki, Rusiya işğalçıdır. Gənclərin ancaq kiçik hissəsi rus dilini bilir və rusiyalılarla ünsiyyətdə olur – məsələn, turizm sahəsində işləyənlər. Amma onların demək olar ki, heç biri Rusiyada olmayıb, bu nəslin sovet dövründən qalma santimenti yoxdur və bu ölkə haqqında təsəvvürü yerli və beynəlxalq mətbuatdan, daxili siyasi reallıq və Moskvanın yürütdüyü siyasətə öz baxışlarından çıxış edərək, qururlar.

Bununla belə, Rusiyanın Gürcüstana təsiri mövzusu çox güman ki, çoxdan yığılıb qalan narazılığın üzə çıxması üçün bəhanə oldu. Onun artımını heç olmasa NDI-nin sorğularında görmək mümkündür: ölkənin düz istiqamətdə getmədiyini hesab edən insanların sayı ildən ilə artıb və mayda rekord 46 faizə çatıb.

“Arzu”nun artıq o qədər də populyar olmadığını 2018-ci ilin noyabrında keçirilən prezident seçkiləri də göstərdi. Birinci turda müxalifətdən olan namizəd Qriqol Vaşadze hakimiyyətdən olan namizəd Salome Zurabişvili (keçmişdə onun özü də Mixail Saakaşvilinin hökümətində xarici işlər naziri olub) kimi eyni 40 faizi toplayanda. Zurabişvili ikinci turda yalnız tam gücü ilə işə salınan “Gürcü arzusu”nun resursları sayəsində qalib gələ bildi.

Mayın 19-da bir neçə bələdiyyə merinin aralıq seçkiləri də narazılığın artımını göstərdi, halbuki burada da bütün dairələrdə hakim partiya qalib gəldi. Burada da administrativ və maliyyə resurslarından istifadə edildi.

Faktiki olaraq, müxalifət hazırda heç bir seçilmiş yer və ya bələdiyyə şurası (“sakrebulo”) vəzifəsinə malik deyillər. Beləliklə də İvanişvili özünün partiyası vasitəsilə hətta yerli səviyyədə də bütün hakimiyyəti öz əlində cəmləyib.

Mürəkkəb məhkəmə islahatları prosedurları nəticəsində İvanişvilinin partiyası yenə də loyal hakimlər vasitəsilə yavaş-yavaş bütün səviyyələrdə məhkəmələr üzərində nəzarət qurur. Məhz hakimiyyətin bu cür bağlanması, hətta ən kiçik dozalarda belə rəqiblərin bura buraxılmaması ən çox onun populyarlığına təsir edir və buxar qazanı effekti yaradır, bu zaman narazılıq çıxış kanallarının olmaması səbəbindən içəridə toplanır, bu isə o deməkdir ki, gec və ya tez qazan partlayacaq.

Partlamağa səbəb də var – iqtisadiyyat faktiki olaraq staqnasiya vəziyyətindədir, xüsusən də Saakaşvilinin prezidentliyi dövründə böyük artım templəri ilə müqayisədə. 2018-ci ildə iqtisadi artım 4,8 faiz təşkil edib, Saakaşvili dövründə artımın zirvəsi 2007-ci ilə təsadüf edib – 12 faiz. Ölkədə 2019-cu ildə orta əmək haqqı 1092 laridir [təxminən $400].

Bundan başqa, cinayətkarlıq da faciəvi şəkildə artır (2017-ci ildən 2018-ci ilə qədər 58 faiz). Qohumluq yenidən az qala rəsmi, korrupsiya qalmaqalları isə adi hal alıb. 2018-ci ildə rüşvətxorluğa görə hakim partiyadan seçilən Zuqdidi şəhərinin meri saxlanılıb. Bu ilin aprel ayında pul silməklə bağlı iş üzrə Batuminin keçmiş meri və indiki merin müavini də daxil olmaqla bir neçə yüksək vəzifəli məmur tutulub. Jurnalistlər keçmiş baş prokurora məxsus çox sayda bahalı daşınmaz əmlak aşkar edib, onun mənşəyini heç kim aydınlaşdırmağa tələsmir.

Narazılığın əsas səbəblərindən biri hüquq-mühafizə sistemi və məhkəmələrin vəziyyətidir. 2018-ci ilin may və iyun aylarında gənclər artıq kütləvi şəkildə polisin Tbilisinin gecə klublarında reydlərinə qarşı və həmyaşıdları ilə davada öldürülən, qətli lazımi şəkildə araşdırılmayan (bunu parlamentin istintaq komitəsi sübut edib) yeniyetmənin atası Zaza Saralidzeni dəstəkləmək üçün etiraz aksiyalarına çıxırdı.

Amma kulis arxasından hökmdarlıq edən oliqarx İvanişvili tərəfindən yaradılan sistemin əsas qüsuru ondadır ki, hökumət nümayəndələri və deputatlar özlərini xalqa hesabat verməkdə borclu bilmir. Onlar ancaq bir adamdan asılıdır – Bidzina İvanişvilidən.

“Gürcü arzusu” iyunun 21-də parlament spikerini istefaya göndərməklə, etirazlara son qoymağa çalışdı. Amma bu, onlara o qədər də kömək etmədi.

Puç olmuş arzu

İyunun iyirmi biri axşam məlum oldu ki, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşları ləğv edilir. Putin demək olar ki, on üç il bundan əvvəlki qərarını təkrar edir, o vaxt Dövlət İstintaq İdarəsi zabitlərinin Tbilisidə saxlanması səbəbindən Rusiya 2006-cı ildə Gürcüstanda olan bütün növ məhsullara embarqo qoydu və onunla nəqliyyat əlaqəsini kəsdi. Putinin indiki qərarı Gürcüstanda ilk növbədə turizm sahəsində işləyənlərə itki verəcək, bunun da iqtisadiyyat, milli valyutanın məzənnəsi və s-yə təsiri qaçılmazdır.

Gürcüstanı bu cür nümayişkəranə ekzekusiyaya düçar etməklə Putin anlamaya bilməzdi ki, onun addımı “Gürcü arzusu” üçün böhranın fəsadlarını bir az da dərinləşdirəcək – iqtisadi problemlər etirazların davam etməsinə gətirib çıxara bilər. Bu da uzun illər boyu Rusiyaya münasibətdə de-fakto ən dost hökumətin mövqelərini laxladacaq. Ya bu, uzaqgörənliyin olmamasıdır, ya da ümiddir ki, əhalinin  iqtisadi marağı səbəbindən etiraz iqtisadi itikilərə gətirib çıxarana qədər bitəcək. Ya da Kreml artıq “yüksək etimadı doğrultmayan” və “rusofoblara” lazımi cəza verməyən “Arzu”ya artıq kömək etmək istəmir.

Bir tərəfdən, artan etirazlar, digər tərəfdən də Putinin embarqosu İvanişvili və onun partiyasını kritik vəziyyətə qoyur. Həlledici parlament seçkiləri artıq gələn il baş tutacaq və bu gün artıq İvanişvili hakimiyyətinin sona çatacağı ehtimalı bir həftə əvvəl olduğundan daha güclüdür


More on JAMnews