Burada qadın, uşaq, it və heyvanın dəyəri birdir " />

Gürcüstanda həyat. Marqo Leskonun bloqu və şəkilləri

Burada qadın, uşaq, it və heyvanın dəyəri birdir

İki dəqiqənin içində dərin depressiyaya düşmək istəyirsiz? Kartlinin kəndlərinə gedin. Maşınla. Ordakı vəziyyətə, evlərə, həyətlərə, mağazalara, insanlara, heyvanlara fikir verin. Xüsusən də ilin soyuq fəslində.

Elə bil hər yer bombalanıb. Silent hill, Ghost village. (Səssiz təpə, Kabuslu ev).

Qadın yolu keçir. Kürəyində özü boyda ot tayası daşıyır. Güclə yeriyir. Əynində çirkli paltar var. Nəyin üstündən nəyi geyindiyinin deyəsən heç fərqində də deyil. Ayağında sökülmüş tərliklər var. Sifətində heç bir emosiya, əzab, yorğunluq yoxdur. Bunlar artıq arxada qalıb, adiliyə çevrilib.  

İki qadın inək otarır. Saç daramaq nəyə lazımdır axı? Qaloşun peyinin içində olanda, ətəyinin altından isə böyük ölçüdə idman şalvarının çirkli balaqları görünəndə saç düzümünün yeridi?

Kəndin mərkəzində bulaq var. Ətrafında əllərində vedrə qadınlar yığışıb. Artıq neçənci dəfə evə su aparıb, yenidən bulaq başına gəldikləri heç kimə məlum deyil. Qızarmış, dərisi çatlamış əllər su dolandan sonra yenidən vedrələri götürmək üçün hazır vəziyyətdədirlər. Elə oradaca, bulağın yanında, söyüd ağacının altında kişilər domino oynayır. Hamısı da bir nəfər kimi tük basmış, baxımsız saqqallı, arvadları kimi də səliqəsiz. İfadələrdə, söhbətlərdə, hərəkətlərdə təmiz nigilizm, çıxılmazlıq hissi, həyatın mənasızlığı, işləmək xatirinə işləmək, daha yaxşı həyata ümidsizlik var. Yad adamlara, ötüb keçən maşınlara vəhşi, ürkək baxışlarla baxırlar.   

– Get, sənə dedim, böyük skamyanı gətir.

– Eh… Şalva gətirsin.

– Yenə başladın! Dərini soyacam, sənin ananı!.. – onlardan biri övladını söyür.

Digəri də elə həmin vaxt azıb gələn itə elə güclü təpik vurur ki, yazıq it tükürpədən səs çıxararaq, qaçır.

Hamısı da birlikdə tam biganəliklə qadın olduqlarını unudan qadınların necə çətinliklə su vedrələrini daşıdıqlarını müşahidə edir. Qadınlar burada kişilərlə bərabər üzümlüklərdə, bağlarda, tarlalarda işləyir, bu zaman həm heyvana qulluq etməyə, həm də ev işlərini görməyə vaxt tapırlar.

Qış, yay – fərqi yoxdur – paltarı çöldə yuyub, soyuq suyun, həmin o gündə on dəfə bulaqdan evə daşıdıqları suyun altında yaxalayırlar. Bir işi də çatdırmasan ərin dərinə saman təpəcək.

Burada qadının, uşağın, heyvanın dəyəri birdir.    

Bir də bilirsiz, düşünmürəm ki, bu cür həyat tərzinə səbəb yoxsulluqdur.


More on JAMnews