Parlamentə yeni qanunvericilik təşəbbüsü daxil olub " />

Gürcüstanda əcnəbilərin işlə təminatı və yaşayış şərtləri sərtləşdirilə bilər

Parlamentə yeni qanunvericilik təşəbbüsü daxil olub

Tbilisinin tarixi hissəsində körpü üzərinə bu cür qıfılları əcnəbi turistlər qoyur. REUTERS/David Ddzinarişvili

Gürcüstanda əcnəbilərin işlə təminat və yaşayış qaydaları dəyişə bilər.

Artıq parlamentə daxil olan qanunvericilik təşəbbüsünə görə, qeyri-leqal miqrasiya ilə mübarizə, o cümlədən də digər ölkə vətəndaşlarının burada işlə təminatı və yaşayış qaydaları sərtləşdiriləcək.

Təşəbbüsün müəllifi müxalif Milli Hərəkatdır. “Əcnəbilərin və vətəndaşlıqsız şəxslərin hüquqi vəziyyəti haqda” dəyişikliklər Gürcüstan qanunvericiliyinə daxil edilməlidir.

Əsas dəyişiklik ondan ibarətdir ki, əcnəbilərə yalnız eyni vəzifəyə Gürcüstan vətəndaşı iddialı olmadığı təqdirdə iş təklif olunacaq. Həmçinin əcnəbilərin işləmək hüququ olduğu ixtisas və peşələrin siyahısı hazırlanacaq.

Milli Hərəkatda hesab edirlər ki, regionlarında ən yüksək işsizlik göstəriciləri qeydə alınmış bir ölkədə əcnəbilərin işlə təminatı ilə bağlı nizamlama mövcud olmalıdır ki, onlar yerli əhalini iş yerlərindən məhrum qoymasınlar.

“Ölkə nəinki kvalifikasiyasız, hətta kvalifikasiyalı işçi qüvvəsində də korluq çəkmir, buna görə də Gürcüstanda əcnəbilər üçün liberal məşğulluq qaydalarının tətbiq edilməsi özünü doğrultmur”, – qanun layihəsində deyilir.

Həmçinin oxuyun: Tbilisi meri Gürcüstanda əcnəbilərin yaşayış qaydalarının sərtləşdirilməsini tələb edir

Sənədə əsasən, parlament çatışmayan və ya dövlət marağında olan, kvalifikasiyalı əcnəbi kadrların buraxıldığı ixtisas və peşələrin siyahısını təsdiqləməlidir.

“Eyni iş yerinə müvafiq kvalifikasiyaya sahib Gürcüstan vətəndaşı iddialıdırsa, əmək müqaviləsini əcnəbiyə təklif etmək yolverilməzdir”, – qanun layihəsində vurğulanır.

Bununla yanaşı qanun layihəsi daimi yaşayış və sərmayə yaşayışı hüququnun verilməsi qaydalarının da sərtləşdirilməsini təklif edir. Bununla yanaşı qısamüddətli yaşam institutunun ləğv olunması da təklif olunanlar sırasındadır.

Təklif edilən dəyişikliklərə uyğun olaraq, daimi yaşayış hüququ almaq üçün altı il burada yaşamaq yetərli olmayacaq.

“Dövlət dilini elementar səviyyədə bilmək, Gürcüstana sərmayə yatırmaq və azı 200 min ABŞ dolları dəyərində əmlakın olması da əlavə olunur”, – qanun layihəsində deyilir.

Hazırda qüvvədə olan qanun layihəsinə müvafiq olaraq, ölkəyə 300 min larilik sərmayə qoyan biznesmen qeyri-məhdud müddətə yaşayış hüququ əldə edir. Amma qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu müddəa da dəyişdirilməlidir – dəyişikliklərə əsasən, sərmayə vizası qeyri-məhdud müddətə yox, beş il müvəqqəti yaşamaq hüququ verəcək.

Bununla yanaşı qanun layihəsinə əsasən, sərmayə vizasının verilməsi qaydaları da dəyişdirilməlidir. Bu cür vizanı almaq üçün ölkəyə 300 min larilik sərmayə yatırmaq yetərli olmayacaq.

“Sərmayə vizasını yalnız azı beş il müddətinə lari ekvivalentində 400 min dollar məbləğində Gürcüstan dövlətinin xəzinə sənədlərini alan və lari ekvivalentində 100 min dollarlıq sərmayə yatıran, yaxud da 300 min dollarlıq sərmayə həyata keçirən (bu, mənzil olmamalıdır), üstəlik daimi əsasla səkkiz Gürcüstan vətəndaşını işlə təmin edən sərmayəçi alacaq”, – qanun layihəsinə əlavə izahatda deyilir.

•   2012-2016-cı illərdə Gürcüstanda 70 508 nəfər əcnəbiyə yaşamaq icazəsi verilib. 2017-ci ildə 1173 əcnəbi yaşamaq hüququ qazanıb (burada yaşamaq arzusu olanların sayının azalması Gürcüstana gəlmək üçün viza rejiminin sadələşdirilməsi ilə bağlıdır). Ən çox Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan, Ukrayna, Hindistan, Çin və İran vətəndaşlarına yaşamaq icazəsi verilib.

•   2012-2016-cı illərdə digər ölkələrin vətəndaşlarının üzərinə 34024 obyekt mülk kimi qeydə alınıb.

•  Gürcüstanda ən çox (53 faiz) Rusiya vətəndaşları daşınmaz əmlak alır. Daha sonra Ukrayna, Ermənistan, Azərbaycan, İsrail və ABŞ vətəndaşları gəlir. Bu informasiya “Miqrasiya profilləri – 2017” göstəriciləri əsasında hazırlanıb.


More on JAMnews