Partiya sədri Xatuna Samnidzenin sözlərinə görə, Bolkvadzenin baxışları partiyanın baxışları ilə üst-üstə düşür:

“Biz onun Respublika partiyasına inandığına görə fəxr edirik. Seçkilərdə uğur qazanacağımız təqdirdə o, Tbilisi sakrebulosunda (şəhər qanunverici orqanı) Tbilisinin təhlükəsiz şəhər kimi möhkəmlənməsi istiqamətində işləyəcək”.

Hüquqşünas Nino Bolkvadze lesbian olduğunu açıq şəkildə etiraf edir. Bu, Gürcüstan siyasətində ilk dəfədir ki, partiya öz seçki siyahısına qeyri-ənənəvi seksual oriyentasiyasını gizlətməyən namizədi daxil edir.  

Son illərdə Nino Bolkvadze LGBT hərəkatında insan haqları uğrunda mübarizənin fəal iştirakçısı olub. “Liberal” nəşrinə müsahibəsində o deyir: “İnsan haqları uğrunda mübarizədə ən yaxşı yol qərar verən adama çevrilmək və ya LGBT-nin maraqlarından çıxış edərək, qərar qəbul edən tərəfdarlar tapmaqdır”.

Onun sözlərinə görə, identifikasiya məsələsi onu narahat edən tək məsələ deyil: “Nəfəs aldığımız hava, ekoloji siyasət, təhsildə təhlükə, məktəblərdə, ailədə zorakılığın artması, nifrət zəminində cinayət”, – Bolkvadze deyir ki, Respublika Partiyası bu istiqamətlərdə işləyəcək.

Respublika Partiyasının siyasi katibi Tamar Kordzaia “Liberal” nəşrinə aşağıdakılar deyib: “Öz oriyentasiyasını gizlətməyən namizədin irəli sürülməsinin cəmiyyət tərəfindən bu dərəcədə “təəccüblə” qarşılanması bizi çox məyus edir”.  

Kordzaianın sözlərinə görə, “problem elə bu təəccübün özündədir. Nino peşəkar insandır və müxtəlif sahələrdə çox şeylərə qadirdir… Dini ölkələrdə, misal üçün, Serbiyada baş nazir lesbiandır. Amma orada bu məsələ müzakirə mövzusuna çevrilmir, onu sırf peşəkar bacarıqlarına görə baş nazir seçiblər. Seksual oriyentasiya heç də əsas, aparıcı mövzu deyil. Hesab edirik ki, bu məsələyə məhz bu cür yanaşmaq lazımdır”.

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 21-də baş tutacaq.