Gürcüstan rəsmi olaraq İstanbul konvensiyasının ratifikasiya olunduğunu elan etdi " />

Gürcüstan qadınlara qarşı zorakılığı və ailə zorakılığını kriminallaşdırmaq öhdəliyini üzərinə götürür

Gürcüstan rəsmi olaraq İstanbul konvensiyasının ratifikasiya olunduğunu elan etdi

Gürcüstan rəsmi olaraq Avropa Şurasının qadın və ailə zorakılığına qarşı konvensiyasına qoşulub. Bu haqda  Avropa Şurası nazirləri komitəsinin iclasında rəsmən bəyan edilib. Sənəd 1 sentyabr 2017-ci il tarixindən qüvvəyə minəcək. Bu o deməkdir ki, Gürcüstan götürdüyü öhdəliklərə uyğun olaraq, qadınlara qarşı yönələn və ailə zorakılığı ilə bağlı hərəkətlərin kriminallaşdırılmasına başlamalıdır.

Konvensiyaya əsasən, kriminallaşdırma psixoloji və fiziki zorakılıq, seksual zorakılıq və zorlama, təqib etmə, cinsiyyət orqanlarını zədələmə, zorla nikah, zorla abort, sterilləşdirmə kimi hərəkətlərə aid ediləcək.

Gürcüstan konvensiyanı ratifikasiya edən 23-cü ölkə oldu. Konvensiyanın üzvləri zorakılığın prevensiyası və zərərçəkmişlərin müdafiəsi öhdəliyini öz üzərinə götürüb. Bu hüquqi alət qadınlara qarşı zorakılığın istənilən formasını və qanunu pozanlara qarşı cinayət məsuliyyətini nəzərdə tutur.

Zorakılığa qarşı konvensiyanı imzalayanlar mədəniyyət, adət-ənənələr və “qeyrət” kimi amillərin zorakılığa bəraət qazandıran amil olmamasını təmin etməlidirlər. Bilavasitə təhlükə yarandıqda polisə günahkarı birbaşa evindən aparmaq icazəsi verilir. Konvensiyaya qoşulmuş ölkə sığınacaq və referal krizis mərkəzlərinin əlçatanlığını və 24 saat işləyən “qaynar xətt”i təmin etməlidir.

Qadın və qızları müdafiəsi ilə yanaşı konvensiya kişi hüquqlarının da müdafiəsini nəzərdə tutur.

Qadınlara qarşı zorakılıq və ailə zorakılığı problemi Gürcüstanda çox kəskin şəkil alıb. Təkcə 2016-cı ildə 13 qadın ailə zorakılığı zamanı qətlə yetirilib. Sağlamlığa zərər vurma hadisələri isə 2000-dən çox olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2016-cı ildə həbs üçün 2877, 2017-ci ildə isə aprel ayı da daxil artıq 752 order yazılıb.


More on JAMnews