“Rustavi-2” telekanalının “trollar fabriki”ni aşkar etdiyi ofisdən kompüterlər götürülüb. " />

Gürcüstan DİN “TBC-bank”a kiberhücum işini araşdırır

“Rustavi-2” telekanalının “trollar fabriki”ni aşkar etdiyi ofisdən kompüterlər götürülüb.

“TBC-bank”ın binası. Foto: wikiwand.com

Gürcüstan DİN-in əməkdaşları Rustaveli, 12 ünvanında yerləşən ofisdən kompüterləri götürüblər. “TBC-bank”a kiberhücumla bağlı iş üzrə araşdırma aparılır. DİN istisna etmir ki, baş nazirin kommunikasiya departamentinin keçmiş rəhbəri, hakim partiyanın fəal tərəfdarı Koka Kandiaşvilini dindirə bilər. Jurnalistlər məhz Kandiaşvilini “trollar fabriki”nin qurucusu hesab edirlər.

“O, bunda zərurət yaranacaq təqdirdə mütləq dindiriləcək”, – daxili işlər nazirinin müavini Natiya Mezvrişvili jurnalistlərə deyib.

Nəyə görə İvanişvili “TBC-bank”la mübarizə aparır?

“TBC-bank”a kiberhücum

“TBC-bank”a kiberhücum 2018-ci ilin iyulunda baş verib. Bankın qurucusu Mamuka Xazaradzenin sözlərinə görə, o, şəxsən daxili işlər naziri Giorgi Qaxariyaya kömək üçün müraciət edib, lakin işin araşdırılması haqqında məlumat ala bilməyib. Xazaradzenin müraciətini “Pirveli” teleşirkəti yayımlayıb. Öz müraciətində Xazaradze daxili işləır naziri Giorgi Qaxariyadan banka kiberhücum haqqında iş üzrə araşdırmanı şəxsi nəzarətinə götürməyi xahiş edir. Xazaradze yazır ki, DİN-ə müraciətdən iki ay keçib, lakin istintaqda heç bir irəliləyiş yoxdur. Bundan savayı, Xazaradze nazirə hücumun həıyata keçirildiyi İP-ünvanın (“Qreviti” Ltd, Rustaveli, 12) müəyyənləşdirilməsindən sonra əldə olunan məlumatları təqdim edib.

“Trollar fabriki”

Martın doqquzunda “Rustavi-2” teleşirkətinin “Şənbə kuryeri” verilişində nümayiş etdirilmiş süjetdə qeyd olunurdu ki, “TBC-bank”a kiberhücum Rustaveli prospektində yerləşən ofislərdən birində planlaşdırılıb.

“Rustavi-2”nin məlumatlarına görə, bu ofisi baş nazirin kommunikasiya departamentinin keçmiş rəhbəri Koka Kandiaşvili icarəyə götürüb. Verilişdə deyilirdi ki, məhz oradan Kandiaşvili “trollar fabriki”ni idarə edir və bu “fabrik” hədəf olaraq “TBC-bank”ın qurucularını seçib, onlara qarşı sosial şəbəkələrdə kampaniya aparıb. Koka Kandiaşvili bütün ittihamları rədd edir, “Rustavi-2”nin süjetini iftira adlandırır və iddia edir ki, verilişdə qeyd olunan ofis multimedia şirkətinə məxsusdur.

Kandiaşvilinin sözlərinə görə, “Bu persona” multimedia portalı test rejimində fəaliyyət göstərir. O yazır ki, Rustavelidəki ofis 2015-ci ildə açılıb vəı ilk vaxtlar orada “Georgia OK” turizm agentliyi yerləşib, sonradan isə “bir neçə serial və layihə üzərində işləyən” studiya yaradılıb.

Kandiaşvili “Gürcü arzusu”nun mətbuat xidmətinə rəhbərlik etməsi barədə məlumatları da rədd edib. “Mənim “TBC-bank”la heç vaxt heç bir problemim olmayıb. 30 ildən artıqdır ki, Mamuka (Xazaradze), Badri (Caparidze), Vaxo (Buxrikidze) və Paata (Qabadze) – (TBC-nin menecmenti) ilə şəxsən tanışam, buna görə də, əgər bir şey olsaydı, mütləq xəbərim olardı”, – Kandiaşvili yazır.

“TBC-bank” işi

“TBC-bank”ın işi üzrə istintaq artıq bir neçə aydır ki, Gürcüstanın Baş Prokurorluğu tərəfindən aparılır. Yoxlama zamanı hələ on bir il əvvəl “TBC-bank”ın Müşahidə Şurasının sədri Mamuka Xazaradzenin və onun müavini Badri Caparidzenin bilavasitə iştirakı ilə həyata keçirilmiş şübhəli tranzaksiya aşkarlanıb. Prokurorluğun rəyinə əsasən, bu əməliyyatda 17 milyon dollar vəsaitin “yuyulması” əlamətləri var.

Sonradan işə Gürcüstan Milli Bankı qoşulub və səhmdarlardan tələb edib ki, Xazaradze ilə Caparidze tutduqları vəzifələrdən azad edilsinlər. Fevralın 21-də Mamuka Xazaradze “TBC-bank”ın Müşahidə Şurasının sədri vəzifəsindən gedib.

“TBC-bank” səhmləri London Fond Birjasında alqı-satqıda iştirak edən, Gürcüstanın ən güclü maliyyə institutlarından biridir. “TBC-bank”ın başına gəılənlərdə müxalifət və ekspertlər siyasi əsasların olduğunu bildirirlər, belə ki, mütəmadi olaraq Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin adı ortaya çıxır. O, dəfələrlə çıxışlarında Xazaradzenin ünvanına tənqid səsləndirib və bu da belə bir iddianı möhkəmləndirib ki, onların arasındakı münasibətlər çox gərgindir.


More on JAMnews