On il sonra da burada partlamamış hərbi sursatlar tapılır " />

Gürcüstan: avqust müharibəsinin ölümcül irsi

On il sonra da burada partlamamış hərbi sursatlar tapılır

“Halo Trust” əməkdaşları keçmiş, 2008-ci il hərbi əməliyyatlar zonasında ərazinin minalardan təmizlənməsi üzrə işlər həyata keçirir. Foto: David Pipia, JAMnews, Dzevera, Gürcüstan

Cənubi Osetiya ərazisində Rusiya hərbi bazaları və kəndləri buradan ovuc içi kimi görünür. Qori bələdiyyəsinin Mereti kəndi 2008-ci ilin avqust ayında Rusiya-Gürcüstan müharibəsinin episentrinə düşüb və qonşu kəndlər kimi intensiv şəkildə bombardman edilib.

O vaxtdan on il keçir, amma bu kəndlərdə müharibənin izləri hələ də gözə çarpır. Az qala hər iki evdən birinin divarları və darvazasında güllə, qəlpə və yanğın izləri görmək olar.

İndi burada sakitlikdir. Sakitliyi ancaq quşların cəh-cəhi, traktorların uğultusu və tarlada işləyən kəndlilərin səsləri pozur. Burada yaz ən fəal mövsümdür.   

Kənd təsərrüfatı bu regionun əhalisi üçün az qala yeganə gəlir mənbəyidir. Əksər yerli sakinlər bağçılıq və tərəvəz yetişdirməklə dolanır.

Mereti sakini İvane Baiadze bağındakı alma ağaclarını diqqətlə nəzərdən keçirir. “Ötən il almaların qiyməti yaxşıydı, razıyıq. İnsanların ümidi və işləmək həvəsi yaranıb, bu il hamı işə çıxıb”, – İvane deyir.

Amma cəmi bir neçə il əvvəl burada heç kim torpaq becərməyib, çünki bu, həyat üçün təhlükəli olub – vaxtaşırı müharibədən qalan hərbi sursatlar partlayıb.

Qorxu salanlar – kaset hərbi sursatları dinc sakinlər üçün ən təhlükəlidir

2008-ci il müharibəsində həm Rusiya, həm də Gürcüstan xüsusilə böyük zərər yetirən kaset bombalarından istifadə ediblər. Bu haqda “Human Rights Watch” beynəlxalq təşkilatının hazırladığı ətraflı hesabata görə, kaset bombalarının çox sayda qalıqları hərbi əməliyyatlar zonasında yaşayış məntəqələrinin ərazisində, o cümlədən ev və məktəb həyətləri, tarlalar, ferma və yol qıraqlarında atılıb.

“Human Right Watch”un topladıqları sübutlara və ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan təşkilatların hesabatlarına baxmayaraq, Rusiya indiyə qədər də kaset döyüş sursatlarının istifadə faktını inkar edir. Gürcüstan onlardan istifadə etdiyini etiraf edib, bununla belə də bildirib ki, onlardan ancaq Rusiya hərbçilərinə qarşı istifadə edib.

Hərbi əməliyyatlar zamanı dinc əhali arasında qurbanların olması (cəmi 228 nəfər) əsasən bu tip bomba və mərmilərin istifadə edilməsiylə bağlıdır.

Qurbanlar müharibədən sonra da olub – artıq hərbi əməliyyatlar bitəndən sonra hərbi sursatların partlamasından bu regionda altı nəfər ölüb, 19 nəfər yaralanıb.

Kaset bombaları havada açılan və böyük ərazidə çox sayda kiçik hərbi sursat və bomba səpələyən konteynerlərdən ibarətdir. Bu tip hərbi sursatlar dinc əhali üçün xüsusilə təhlükəlidir, o cümlədən də hərbi əməliyyatlar bitəndən sonra. 2008-ci ildə Dublində 108 ölkə kaset hərbi sursatlarının istifadəsi, anbara yığılması və yayılması qadağası haqqında müqavilə imzalayıblar. Amma imzalayanlar arasında nə Rusiya, nə də Gürcüstan var. Nə Rusiya, nə də Gürcüstan həm də piyadalara qarşı minaların istifadəsini qadağan edən Ottava konvensiyasını imzalamayıb.  .

Hazırda bu ərazi kaset hərbi sursatlarından təmizlənib, amma izləri qalıb – şikəst olmuş adamlar, bir çox ailələrin hələ bərpa edə bilmədiyi dağılmış evlər, psixoloji travmalar – yerlilər danışır ki, hələ indiyə qədər də partlayışların səslərini “eşidirlər”.

Zurab Zaridze Mereti kəndində yaşayır. Böyük alma bağı var, dolanışığı da bundan çıxır. Zurabın indi həyatda qalması sırf təsadüf nəticəsidir. Üç il əvvəl partlayış baş verəndə bağda işləyirdi. Partlayış dalğası onu traktordan atır və o, bir neçə metr aralıda yerə düşür. Orqanizmində 13 qəlpə qalmışdı – həkimlər qərara gəldi ki, onları çıxarmaq çox risklidir.

Bu partlayışdan sonra Britaniyanın müxtəlif ölkələrdə ərazilərin minalardan təmizlənməsini həyata keçirən “Halo Trust” təşkilatının mütəxəssisləri Zaridzenin sahəsindən və ona bitişik ərazidən 837 müxtəlif növ hərbi sursat çıxarıblar.

Dinc yaşamaq haqqı

Axaldaba kəndində Tandiaşvili ailəsinin evinin üstündə hələ də müharibənin izləri görünür – divarların bəzi yerlərində suvaq tökülüb, ikinci mərtəbədə pəncərələrin şüşələri sınıb. Kənd avqust müharibəsi zamanı bombardman edilib, evə S8 tipli raket düşüb. İndi, on il keçəndən sonra da Ketevan və Nikoloz Tandiaşvililərin evi təmir etdirmək imkanları yoxdur.   

Ketevan evin az qala göyə sovrulduğunu xatırlayır:

“Kəndi bombalayırdılar, qonşuların evi yanırdı. Bombanın biri darvazamızın ağzında partladı. O birisi evə düşdü. İçəri girəndə gördük ki, tavan uçub, döşəmədə deşik açılıb”.  

İstehkamçılar onlara deyib ki, raket istənilən an partlaya bilərdi. Onu zərərsizləşdirmək üçün iki metr dərinliyində quyu qazmalı və bir neçə gün işləməli oldular.  

Brosleti kənd sakini, dörd uşaq atası Kartlos Suramelini böyürtkən kolunun budaqlarını kəsən yerdə tapdıq. Bu gün ailənin pomidor, alma və gavalı yetişdirdiyi sahədən 2008-ci ildə istehkamçılar 160 kaset hərbi sursat qalığı və on bir partlayış təhlükəli hissə çıxarıblar.

Kartlosun özü yaralanıb – bədənində 16 qəlpə gəzdirir.

Kartlos Surameli bombardman vaxtı möcüzə nəticəsində sağ qalıb, onun sahəsində 160 kaset hərbi sursat hissəsi tapılıb.  Foto: David Pipia, JAMnews, Brosleti, Gürcüstan

Münaqişə zonasının kaset bombalarının qalıqlarından təmizlənməsi üzrə əsas işi “Halo Trust” həyata keçirib. Böyük iş həcmi səbəbindən 2008-ci  ildə təşkilat 150 yerli sakini işə götürüb, öyrədib və lazımi avadanlıqla təchiz edib.

Onların arasında əvvəlcə öz sahəsini, sonra da doğma kəndinin torpaqlarını hərbi sursatlardan təmizləyən Meqvrekisi kənd sakini Georgi Maisuradze də olub.  

“Bu, çox çətin işiydi. Xüsusi qurğudan siqnal alan kimi həmin yeri müəyyən edir və orada torpağı qazırdıq. Sonra da aşkar olunan bombanı trotillə partladırdıq. Şəxsən özüm böyük sayda bomba partlatmışam. Hər millimetri yoxlamışam. Bundan sonra bizdə heç partlamayıb”, Georgi danışır.  

Həmkəndliləri kimi indi o da kənd təsərrüfatı ilə dolanır. Artıq müharibədən sonra ailə qurub, iki oğlu böyüyür.

“Öz torpağımızda dinc şəraitdə işləmək imkanı əldə etmək üçün çox çətin dövrü keçmişik. Ümid edirəm ki, daha heç vaxt mina axtarmalı olmayacam”, o deyir.

Georgi Maisuradze doğma kəndinin minalardan təmizlənməsində iştirak edib. İndi mina və mərmilərdən təmizlənmiş ərazidə kənd təsərrüfatıyla məşğul olur. Foto: David Pipia, JAMnews, Meqvrekisi, Gürcüstan

İş hələ çoxdur

Dzevera kəndi yaxınlığında Liaxvi çayında ağ zirehli ekskavator böyük torpaq layı götürür. Yol kənarındakı bir neçə metr uzunluğunda sahə ağ rəngə boyanmış daşlarla zolaqlara ayrılıb. İstehkamçılar metal detektorlarının köməyilə burada partlamamış hərbi sursat axtarırlar.

Keçmiş, 2008-ci il hərbi əməliyyatlar zonasından “Halo Trust” əməkdaşları tərəfindən torpaqdan çıxarılan hərbi sursatlar. Foto: David Pipia, JAMnews. Qori, Gürcüstan.

Torpağın hər kvadrat metri 15 santimetr dərinliyinə qədər diqqətlə yoxlanılır. Bizim gözlərimizin qarşısında mina tapdılar. Onu təhlükəsiz yerə aparıb, partladırlar.

Bu, kaset bombası deyil – həmin yerdə müharibə vaxtı Rusiya aviasiyası hərbi sursatlı gürcü yük maşınını bombalayıb. Nəticədə hərbi sursatların qalıqları böyük əraziyə səpələnib. Onları indi “Halo Trust” axtarır.

İstehkamçılar artıq Dzeverada 20 minaatan mina və 16 döyüş vəziyyətində olmayan hərbi sursat tapıblar. Burada çox güman ki, daha iki həftə işləməli olacaqlar.

Keçmiş, 2008-ci il hərbi əməliyyatlar zonasından “Halo Trust” əməkdaşları tərəfindən torpaqdan çıxarılan hərbi sursatlar. Foto: David Pipia, JAMnews. Qori, Gürcüstan.

Daha bir istehkamçı qrupu Dvani kəndində işləyir.

“Halo Trust” əməkdaşları keçmiş, 2008-ci il hərbi əməliyyatlar zonasında ərazilərin minalardan təmizlənməsi işlərini həyata keçirir. Foto: David Pipia, JAMnews. Dzevera, Gürcüstan.

“Halo Trust” Şida Kartli regionunda 2008-ci ildən, müharibənin fəal fazası bitdiyi andan işləyir.  

18 kənddə ümumilikdə 34 milyon kvadrat metrlik ərazi təmizlənib. 3789 partlamamış hərbi sursat çıxarılıb, onlardan 1759-u kaset sursatıdır.

Bundan başqa, “Halo Trust” proqramının Gürcüstandakı meneceri İrakli Çitanavanın dediyi kimi, təhlükəli yer hələ çoxdur.

“Şida Kartli regionunda hələ də müharibə vaxtından hərbi sursatların qalıqlarının qala bildiyi bir neçə yer var. Bu, misal üçün, inzibati xətt (sərhəd) yaxınlığında minanın tapıldığı Zemo Nikozi kəndidir. Buna görə də bu yeri mütləq təmizləmək lazımdır. Ən çətin yer 2008-ci ildə Rusiya təyyarəsinin düşdüyü Çonto kəndi yaxınlığındadır. Burada 24 təyyarə bombası tapılıb. Amma ora getmək üçün, “sərhədi” keçmək lazımdır”,  – Çitanava deyir.

 

Martın 16-da “Halo Trust” bir neçə il əvvəl uşağın əlində hərbi sursatın partladığı və uşağın barmaqlarının kəsildiyi Dvani kəndində texniki müayinə üzrə işə başlayıb. Orada hələ heç nə tapılmayıb. Amma Çitanavanın sözlərinə görə, tam əmin olmaq üçün regionda daha 20 min kvadrat metri yoxlamaq lazımdır.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

None found


More on JAMnews