Onların ailəsinin Gürcüstanda qarşılaşdığı problemlər haqqında yazı " />

Gürcü qızı Culyetta ilə nigeriyalı Zaçeusun sevgi hekayəsi

Onların ailəsinin Gürcüstanda qarşılaşdığı problemlər haqqında yazı

32 yaşlı Zaçeus Opeim Gürcüstana Nigeriyadan 2012-ci ildə təhsil almağa gəlir. Tezliklə gürcü qızı Culyetta ilə tanış olur. 2013-cü ildə onlar evlənirlər. Bu gün qızları Natalinin dörd yaşı var. Zaçeus avtomobillər idxal edən şirkətdə işləyir. 23 yaşlı Culyetta tibb universitetində təhsil alır. Onlar Tbilisidə yaşayır. Gürcüstanda qarşılaşdıqları problemlər haqqında danışırlar.

Culyetta

“Valideynlərim Zaçeusu sevirlər. Biz ailə qurmaq qərarını verəndə narazılıq eləmədilər. Amma kənar adamlardan dəfələrlə iyrənc replikalar eşitməli olmuşam. Misal üçün, bir dəfə yoldaşımla metroya düşdük. O vaxt həm də hamiləydim. Bir qadın mənə baxıb, uca səslə gürcü dilində dedi: “Baxın bir, meymunla gəzir, özü də meymun uşaq gözləyir”. Heç nə deyə bilmədim. Bəzən də olub ki, yanımızdan ötüb keçən adamlar “baxın, zənci!” – deyirdi, özü də elə deyirdi ki, biz eşidək”.

Bəzən qızım xəbər alır: “Ana, zənci nə deməkdir?” Ola bilsin, onun özünə belə deyiblər. Valideynlər övladlarına bunun təhqir olduğunu, bu sözü işlətməli olmadıqlarını başa salmalıdır. Natali çox həyatsevər bir uşaqdır. Gürcü, ingilis dilində danışır, hətta bir az rus dilini bilir. Onu balet dərslərinə aparıram. Müəllimlər onu çox sevir.    

Bir hadisə də indi yadıma düşdü. Yoldaşım gürcü dilini çox yaxşı başa düşür. Taksidə gedirdik. Sürücü də məndən xəbər aldı ki, bu sənin ərindir? Biləndə də çox təəccübləndi: “Necə qəhrəmanlıq edib ki, ona ərə getdin?” Natali də onda bizimləydi, amma balaca olduğu üçün nə baş verdiyini anlamadı”.  

Zaçeus

“Qara dərilisənsə və gürcü qızı ilə görüşürsənsə, problemlərdən qaça bilməyəcəksən. Adətən aqressiyanı kişilər göstərir. Bəzi gürcülərdə afrikalılara qarşı qəribə stereotiplər formalaşıb. Misal üçün, məndən soruşurdular ki, televizorun nə olduğunu bilirəm? Amma biz afrikalıyıq, cəngəlliklərdə yaşamırıq, heyvan deyilik, insanıq! Əlbəttə bu o demək deyil ki, hamı eynidir – gürcülər arasında çoxlu dostlarım var, bir şey olan kimi də məni qoruyurlar.

 

Problemlər dövlət tərəfindən də olur. Mən Gürcüstanda qalmaq istəyirəm. Dövlət mənə bununla bağlı qanuni haqq verməlidir. Amma mənə oturum icazəsi də vermədilər, ölkə üçün təhlükəli olduğumu dedilər. Bu imtinadan məhkəmədə şikayət etdim. Şikayətim təmin olundu. Ümid edirəm ki, üç illik əziyyətimdən sonra oturum icazəsi alacam. Bildiyim qədər digər nigeriyalılar da Gürcüstanda analoji problemlərlə üzləşiblər.  

Mən burada bürokratik əngəlləri dəf etməyə çalışdığım vaxt Nigeriyada çoxdan görüşmədiyim atam dünyasını dəyişdi. Dəfn mərasiminə də gedə bilmədim – burada taleyim həll olunurdu və qorxurdum ki, Gürcüstandan çıxandan sonra yoldaşımın və qızımın yanına qayıda bilməyəcəm. Bütün bu dövr ailəm üçün çox çətin oldu, bu dövrü ağır keçirdik. Amma bütün bunlara baxmayaraq, Gürcüstanı, buranın mədəniyyətini, ənənələrini, mətbəxini, dostlarımı çox sevirəm. İlk növbədə ailəmin maraqlarından çıxış edərək, burada həmişəlik qalmaq istəyirəm. Çox sayda xoşagəlməyən anlardan keçdik, amma bütün bunlar bizi daha güclü etdi”.

Məqalə “Müxtəlifliyin simaları” layihəsi çərçivəsində hazırlanıb. “Müxtəlifliyin simaları” məqsədi Gürcüstanın dini və etnik müxtəlifliyini əks etdirmək olan Tolerantlıq və Müxtəliflik İnstitutunun (TDI) layihəsidir.

Facebook Comments

More on JAMnews