Cəmiyyətin inkişafına qayğı yoxsa siyasi oyun? " />

Gürcü innovasiyası – internetə girişin konstitusiya tərəfindən zəmanət verilməsi

Cəmiyyətin inkişafına qayğı yoxsa siyasi oyun?

Gürcüstan Konstitusiyasına tezliklə daxil olacaq müddəaya əsasən, internetə giriş və ondan azad istifadə ölkənin əsas qanunu ilə zəmanət verilən əsas hüquq olacaq. Necə ki, misal üçün, həyat, azadlıq və şəxsi toxunulmazlıq hüququ kimi. Bu norma təkcə Gürcüstan üçün yenilik deyil – başqa ölkələrin heç bir konstitusiyasında belə bir müddəa yoxdur. Gürcüstanın bu düzəliş nəyinə lazımdır və o, nəyi dəyişir?

“Hər kəsin internetə giriş və internetdən istifadə hüququ var”, – Gürcüstanın yeni konstitusiya layihəsinin 17-ci maddəsində deyilir. Dəyişikliklər layihəsinin qəbul olduğu halda Gürcüstanın əsas qanunu bu mənada unikal olacaq.

Konstitusion dəyişikliklərin təşəbbüskarı kimi hakim “Gürcü arsuzu” partiyası ötən ilin oktyabr ayında seçkilərdən dərhal sonra, konstitusiya çoxluğunu ilk dəfə alan kimi çıxış edib. Konstitusiya komissiyası tərəfindən işlənib hazırlanan düzəlişlərin əsas hissəsi seçki sistemi və prezidentin səlahiyyətləriylə bağlıdır. Bu məsələlər qızğın debatlar üçün mövzu oldu. Elə çoxluğun digər təşəbbüsləri – nikahın qadınla kişi arasında ittifaq olmasını konstitusiyada qeyd etmək, həm də xaricilərə kənd təsərrüfatı torpaqlarının satışını qadağan etmək kimi. “Gürcü arzusu”nun konstitusiya təşəbbüslərinin böyük hissəsi həm müxalifət, həm də aparıcı QHT-lər tərəfindən neqativ qiymətləndirilib.  

Bu fonda “İnformasiya azadlığının inkişafı institutu” QHT-nin (IDFI) konstitusiyaya internet azadlığı məsələsinin daxil edilməsi ilə bağlı təklifi parlament çoxluğu tərəfindən böyük həvəslə qarşılanıb. Baxmayaraq ki, qeyri-hökumət təşkilatlarının iradlarının böyük hissəsinə “Gürcü arzusu” məhəl qoymayıb.  

Konstitusiya komissiyası üzvləri yeniliyi bu cür izah ediblər – internetin ictimai həyatda rolu sürətlə artır, bu da vətəndaşların əsas hüquq və azadlıqlarına bilavasitə təsir edir. Bundan çıxış edərək, konstitusiyada xüsusi qeyd onların daha yüksək səviyyədə hüquqlarının müdafiəsini təmin edəcək.

Gürcüstanda kim və necə internetdən istifadə edir?

“Freedom House”un  2016-cı il üzrə  “İnternet azadlığı” hesabatına görə, Gürcüstan “tam azad” ölkələr kateqoriyasına düşüb. Bu gün 3,7 milyonluq Gürcüstan əhalisinin 45 faizi internet istifadəçisidir. Sənədə əsasən, Gürcüstanda sosial və siyasi informasiya azad şəkildə yayılır və heç kim onu əngəlləmir. Ölkədə bloqerlərə basqı yoxdur və heç biri heç vaxt saxlanılmayıb.  

Yeganə istisna ötən il internet forumların birində ABŞ səfirinə qarşı “sui-qəsd” planı yerləşdirmiş Sulxan Tsuladzenin işi oldu. Tsuladze hüquq-mühafizə orqanları bu paylaşımın bir axmaq zarafat olduğuna əmin olana qədər bir ay həbsdə keçirdi.    

“Freedom House”un hesabatında həmçinin deyilir ki, Gürcüstan istifadəçiləri üçün bloklanmış internet resurs və ya şəbəkədə hər hansı bir senzuraya yol verən qanun yoxdur.

Düzdür, vaxtaşırı olaraq və tək-tük hallarda Gürcüstanda internet resurslarını bloklayıblar. Son zamanlar bu, iki dəfə baş verib – 2015-ci ilin noyabrında təhlükəsizlik xidməti müvəqqəti olaraq “Wordpress” saytını bloklayıb. Buna səbəb saytda “İslam dövlətinin” gürcü silahlılarının videomüraciətinin dərc olunması olub.

İkinci hadisə 2016-cı ilin mart ayında baş verib, bu vaxt bir neçə saat ərzində “Youtube”u açmaq mümkün olmayıb  – saytın  bloklanmasına səbəb gürcü siyasətçilərinin gizli kamerayla intim həyatlarının çəkildiyi videoyazıların yerləşdirilməsi olub.

Məşhur gürcü bloqer, Suxumi niki  ilə yazan Georgi Caxaya hesab edir ki, internet yuxu və yemək kimi insanının zərurətinə çevirilib . JAMnews-la müsahibəsində o internetin Gürcüstanda sürətlə inkişaf etdiyini və onun istifadəsi azadlığına heç kimin müdaxilə etmədiyini qeyd edib.  

Kənd əhalisnin 12%-i internetin mövcudluğundan xəbərsizdir

 

Ümumən Gürcüstanda internet istifadəçilərinin artmasına baxmayaraq, ölkənin regionları nəzərə çarpacaq qədər geri qalır. Paytaxt və əyalətlər arasındakı disbalansdan konkret rəqəmlər xəbər verir.  

İnformasiya azadlığının inkişafı institutunun məlumatlarına əsasən, 2013-cü il ərzində paytaxtda 46%, başqa şəhərlərdə 28%, kəndlərdə isə sadəcə 7% əhali hər gün internetdən istifadə edir.

Elə həmin tədqiqata görə, 12 faizə yaxın kənd əhalisi internetin mövcudluğundan xəbərsizdir, 67% isə ümumiyyətlə heç vaxt kompüter və ya internetə çıxışı olan başqa bir qurğu istifadə etməyib.

Mobil internetə gəlincə isə bu xidmətdən istifadə edənlərin sayı xüsusilə artır – 2014-cü ildən etibarən ildə 300 minə yaxın istifadəçi olub.

Kommunikasiyalar Üzrə Milli Komissiyasının 2016-cı ilə olan hesabatına görə, mobil internet istifadəçilərin sayı təxminən iki milyon yarım olub, bu rəqəm 2010-cu illə müqayisədə 4 dəfə çoxdur (əslində bu, internetin 2,5 milyon insan üçün əlçatan olması demək deyil, sadəcə bəzi istifadəçilər bir neçə mobil qurğudan istifadə edir).

 

Beynəlxalq öhdəliklər

27 iyun 2016-cı il tarixdə Gürcüstan BMT-nin İnsan Hüquqları Şurasının işləyib hazırladığı qətnaməni imzalayıb, bu qətnaməyə əsasən də internetə çıxış hər bir insanın fundamental və əsas  haqqıdır.

Beləliklə, Gürcüstan, başqa ölkələr kimi, internetə giriş və informasiyanın yayılmasında hər hansı bir maneə yaratmamaq öhdəliyini üzərinə götürdü.

Sənəddə şəxsi məlumatların qorunması, özünü ifadə azadlığı, qanunun aliliyi və institutların maksimal şəffaflığının təminatı xüsusi qeyd olunub.

Qətnaməyə ümumilikdə 53 ölkə qoşulub, onların arasında ABŞ, Böyük Britaniya, Danimarka, Finlandiya, Niderland və s. var.

Qətnamə ölkələrin üzərinə qanunvericiliyi bu istiqamətdə təkmilləşdirmək öhdəliyini qoyur, amma konstitusiyaya düzəlişlərin edilməsini tələb etmir.

 

Əsas arqument: qonşuların pis nümunəsi

Düzəlişin əsas təşəbbüskarı IDFI-in təsisçisi Lean Avalişvili onun vacibliyini regional kontekstlə əsaslandırır.

“Rusiyada, Türkiyədə və Azərbaycanda internetin azad olmadığı bir vaxtda Gürcüstan gələcək riskləri düşünməlidir. Gürcüstan regionda internet azadlığını bu cür yüksək səviyyədə müdafiə edən ilk ölkə olmalıdır.” – Avalişvili bildirib.

Avalişvilinin digər arqumenti Tbilisi və regionlar arasında internetin yayılmasında disbalansın olmasıdır.

“Konstitusiyada bu dəyişiklik hökuməti internetin əlçatan və daha geniş yayılmasında daha effektiv addımlar atmağa sövq edəcək. Bütün ölkənin internetləşməsi daha sürətli olacaq, keyfiyyəti də yaxşılaşacaq”, – Avalişvili belə hesab edir.

Hökumət internetin yayılmasına necə kömək edə bilər

Ekspertlərin bu haqda fikri birmənalıdır – qanunverici baza yaradılmalıdır ki, bu sahə özəl sektor üçün cəlbedici olsun.

“İctimai yayımı misal kimi götürək. Bu gün hakimiyyət onun 85% əhaliyə yayılmasını təmin etməlidir. Bu cür hədəfi biz internetləşdirmə üçün də qoymalıyıq” – Avalişvili JAMnews-a bildirib.

İnternet azadlığı məsələsi QHT, müxalifət və hakimiyyət nümayəndələrinin də daxil olduğu konstitusiya komisiyasının demək olar ki, tam konsensusa gəldiyi nadir istisnalardan biri oldu.

Yeni təşəbbüs hakimiyyətin xoşuna gəlir. Parlament çoxluğu yeni düzəlişin Gürcüstanın nüfuzunu artıracağına inanır.

“Gürcüstan növbəti proqressiv qərar verəcək. Hansısa mənada bu təşəbbüs gələcəyə hesablanıb”, – parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili deyib.

 

Tənqid: “Sevinək ki, Şimali Koreya deyilik?”

Konstitusiya komissiyasında təşəbbüsə qarşı çıxan ancaq parlament partiyası olmayan “Demokratik hərəkat – Vahid Gürcüstan”ın nümayəndəsi Georgi Axvledianidir. O, hesab edir ki, konstitusiyada ancaq vacib hüquqlarla bağlı məsələlər yer almalıdır, internet azadlığı ilə bağlı məsələlər isə adi qanunvericiliklə nizamlanmalıdır.

Amma bəzi müxalif siyasətçilər də hakimiyyətin bu təşəbbüsü dəstəkləməsində müəyyən siyasi motiv görürlər.

“Onlar demək istəyirlər ki, Şimali Koreya olmadığımız üçün sevinməliyik?” – JAMnews-la söhbət zamanı müxalif  “Milli hərəkat” (2004-2012-ci illərdə hakim olan) partiyasının üzvü, parlamentin keçmiş deputatı Petre Tsiskarişvili deyir.

O hesab edir ki, konstitusiyaya bu cür dəyişiklik etmək zərurəti yox idi, hakimiyyət nümayəndələri isə bu yolla özlərini demokrat göstərməyə cəhd edir. Tsiskarişvilinin sözlərinə görə, parlament çoxluğu konstitusiyanı öz maraq və istəklərinə uyğun dəyişdirmək istəyir, “bu növ o qədər də vacib olmayan məsələlər isə konstitusiya layihəsini nəcibləşdirmək və cəmiyyəti daha vacib problemlərdən yayındırmaqdır”.

Siyasətçi hesab edir ki, bu cəhdlərə baxmayaraq,  konstitusiya layihəsi ətrafında mövcud olan real problemlər yaddan çıxmayacaq və hökumətin bu strategiyası işləməyəcək.


More on JAMnews