Atışma və itkilər: bugünkü nisbi sülh məhz bunu nəzərdə tutur" />

Gündəlik atışma şəraitində “sülh”

Atışma və itkilər: bugünkü nisbi sülh məhz bunu nəzərdə tutur

Qarabağ müharibəsində atəşkəs rejimi bərqərar olandan 22 il sonra, 2016-cı ilin aprelində baş vermiş irimiqyaslı hərbi əməliyyatlar münaqişə zonasının sakinlərini sülh haqda təsəvvürlərini yenidən gözdən keçirməyə vadar etdi.

Varditer

İyirmi üç il sonra Qarabağ münaqişəsinin hər iki tərəfindəki ictimaiyyət tərəflərin davamlı atışdığı və itkilər verdiyi şəraitdə mövcud olan “sülhə” adaptasiya olmalıdır.

Qarşıdurmanın bilavasitə toxunduğu regionda yerli sakinlərin sözlərinə görə, onlar başqa cür sülhü təsəvvür belə eləmirlər – 2016-cı ilin aprel müharibəsi onların gələcəkdə sülh ümidlərini tamam dəyişib.

Dağlıq Qarabağın Əskəran şəhərinin sakini Varditer Xaçatryan müharibə ucbatından ərini və beşyaşlı oğlunu itirib.

Qarabağ müharibəsinin həyatdan qopardığı ata və oğul

Həyat yoldaşı ilə birlikdə cəmi bir neçə il yaşayıb. Onların iki övladı vardı – oğlan və qız. Onun cavan həyat yoldaşının əsl sənəti aşpaz olsa da, kinomexanik işləyirdi, sonra isə sapyor oldu və müharibə vaxtı minalanmış əraziləri təmizləməyə başladı.

“Bu, 1994-cü il aprelin 10-da baş vermişdi. Ərim Talışlar rayonunda minanı zərərsizləşdirərkən, dörd yoldaşı ilə birlikdə partlamışdı. O, sapyor idi…”, – Varditer xatırlayır.

Onun həyat yoldaşı ötən əsrin 80-ci illərinin sonlarında başlayan Qarabağ münaqişəsi tərəfləri arasında atəşkəs imzalanana cəmi bir ay qalmış həlak olub.

Ərinin ölümü Varditerin yeganə itkisi olmayıb.

“Valeri həlak olanda qızımın beş, oğlumun üç yaşı vardı. Kim bilə bilərdi ki, ərimin ölümündən sonra tale mənə daha bir zərbə hazırlayır”, – o danışır.

Gözünün yaşı yanaqlarından süzülür, rəfdəki portretdən isə həlak olmuş beş yaşlı oğlu Vitali baxır.

Varditer 1996-cı il yanvarın 14-də öz doğum günündə oğlunun dəmir parçası ilə oynadığını xatırlayır.

“Birdən dəmir partladı, Vitalikim yerindəcə can verdi. Bilmirəm bu, nə idi, yəqin ki, müharibə zamanından qalmış partlayıcı idi”.

Varditer göz-bəbəyi kimi qoruduğu toy şəkillərindən ibarət albomu vərəqlədikcə əri ilə bağlı hər şeyi xatırlamağa çalışır

“Heç vaxt düşünməzdim ki, həyatım belə kəskin dəyişə bilər. Biz sakit həyat, xoşbəxt ailə arzulayırdıq, amma… Əlbəttə, həyata davam etmək üçün özümdə güc tapmaq çətin idi, amma neyləmək olardı, qızım üçün yaşamalı idim”.

Bu gün Varditer ikinci ərindən dünyaya gətirdiyi 16 yaşlı qızı Kristina ilə birlikdə yaşayır. Böyük qızı əri və uşaqları ilə birlikdə Əskəran yaxınlığında bir kənddə yaşayır.

“Bilirəm, müharibə olmasaydı, mən yəəqin ki, doğulmayacaqdım, amma yenə də müharibə olmasa idi, daha yaxşı olardı. O zaman anam xoşbəxt olardı və ərsiz qalmazdı”, –  Kristina deyir.

Qızcığaz cəmi bir neçə aylıq ikən atası onu və anası ilə birlikdə atıb gedib.

Bu gün Varditer yerli məktəbdə aşpaz işləyir. Deyir ki, onun aylıq əməkhaqqısı 110 min dram (230 dollara yaxın) təşkil edir – həlak olmuş həyat yoldaşının pensiyası ilə birlikdə.

“Beləcə də dolanırıq. Bostanımız var. Valideynlərim kənddən bizə kömək edir… Beləcə də yaşayırıq. Bir neçə ay əvvəl Qırmızı Xaç bizə yardım olaraq yemlə birlikdə iki yüz cücə verdi. Onlar hələ balacadırlar, gəlir gətirmirlər. Amma ümid edirəm ki, bundan da nəsə bir şey çıxacaq”, – Varditer planları ilə bölüşür.

Ərinə ölümündən sonra verilmiş “Şücaətə görə” medalı onnun haqqında xatirələrin bir hissəsinə çevrilib

Varditerin özü və qızı yorulmadan təkrar edirlər ki, çox şeylə barışmağa hazırdırlar, təki “müharibə olmasın, sülh olsun”.

Mənim “Sülhü necə təsəvvür edirsiz?” suualıma belə cavab verirlər: “Qoy müharibə və ölənlər olmasın”. Amma onların sözlərinə görə, ötən ilin aprel hadisələrindən sonra ümidləri azalıb.

“Aprel müharibəsi zamanı mənə elə gəlirdi ki, zaman maşınında keçmişə  getmişəm… biz yenə də eyni vahiməni yaşadıq. Biz… müharibə  istəmirik”.

Biz, burada yaşayanlar həmin günlərdə hər şeyin yenidən başlaya biləcəyini aydın şəkildə anladıq.

“Hər gün səmada pilotsuz uçan aparatları görürük, atəş səsləri eşidirik. Qurbansız keçə günü dinc hesab etmək olar”, – Varditer deyir.

1994-cü ildə atəşkəs rejimi elan olunandan sonra Ermənistan ordusunun döyüş və qeyri-döyüş şəraitində verdiyi itkilərin sayı iki min nəfərə yaxındır.

2016-cı il aprelin ikisindən beşinə qədər davam edən qısa müharibə dövründə Ermənistan tərəfinin itkiləri 90 nəfərdən çox olub (həm hərbçi, həm mülki şəxslər).

Qaqik

“Hazırda təəssüf ki, əlimizdə olan sülh elə budur. İrimiqyaslı hərbi əməliyyatlar yoxdursa, artıq bunu dinc şərait saymaq olar, ümumilikdə isə bizim aramızda ideal anlamda sülhə ümid etmək mümkün deyil”, – müharibə ucbatından həyatı tamamən dəyişmiş 43 yaşlı Qaqik Akopcanyan deyir.

Qaqik bildirir ki, hətta zaman geriyə dönsəydi belə o, yenə də vətənin müdafiəsinə qalxardı

O, güləşçi olmaq arzusunda idi, amma xəyalını həyata keçirə bilməyib. Müharibə imkan verməyib – məktəbi bitirəndən sonra bir çox yaşıdları kimi o da müharibəyə yollanmalı olub, daha sonra isə hərbçi karyerasını seçib.

“Erkən yaşlarımdan güləşlə məşğul olurdum, məktəbi bitirəndən sonra Yerevanda İdman İnstitutuna qəbul olmağı və qarşıma qoyduğum məqsədə çatmağı düşünürdüm, amma alınmadı. Stepanakert Universitetinin Aqronomluq Fakültəsinə qəbul oldum, amma dərslərə ancaq üç, ya dörd ay gedə bildim”, – Qaqik danışır.

On yeddi yaşında Qaqik digər kişilərlə birlikdə doğma kəndinin – Martuni rayonunun Qişi kəndi – müdafiəsinə qalxıb və hərbi əməliyyatlarda iiştirak etməyə başlayıb.

Qaqik üçün də müharibə itkisiz ötüşməyib – mina partlaması zamanı aldığı yara üzündən ayağı kəsilib, amma bu, ona hərbi karyerasını davam etdirməyə mane olmayıb. Bu gün o, Martuni rayonunun hərbi komissarıdır.

Onun ailəsi hələ də doğma Qişi kəndində yaşayır – həyat yoldaşı kənd məktəbində müəllim işləyir, oğlu David orduda xidmət edir, qızı Lilit isə məktəbdə oxuyur. Gələcək sülhlə bağlı Qaqikin təsəvvürləri məhduddur. Əgər dördgünlük aprel müharibəsinə qədər hər hansı ümid vardısa da indi bununla bağlı heç bir xəyal qurmur.

Qarabağda müharibə zamanı: belə fasilələr də olurdu

“Artıq  20 ildir, biz gözləyirik ki, vəziyyət tədricən yaxşıya doğru dəyişəcək amma apreldə bu gözləntilər puç oldu”.

Sülhün bərqərar olacağına dair bütün ümidlər sıfıra enib, çünki əgər buna qədər rəqib atəşkəsi avtomatlardan açdığı atəşlə pozurdusa, apreldə və ümumilikdə son illərdə başqa növ silahlardan da istifadə etməyə başladı.

“Təəssüf ki, rəqib tərəfindən “Qrad” sisteminin istifadəsi getdikcə adi hal alır, halbuki hər  şey adi avtomatdan başlamışdı. Əgər bu gün “Qrad” atılsa, bunda xüsusi bir şey olmayacaq. Bunu da adi hal kimi qəbul edəcəklər”.

Artsax Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin yanvarından bu il oktyabrın 31-ə qədər olan dövrdə Azərbaycan və Dağlıq Qarabağ silahlı qüvvələrinin təmas xəttində Azərbaycan qoşunları təxminən yüz min beş yüz dəfə atəşkəsi pozub, atəşlərin sayı isəbir milyon dörd yüz minə çatıb. Yeri gəlmişkən, bu rəqəmlər dördgünlük aprel müharibəsinin statistikasını əks etdirmir.

Rəqib hələ 2015-ci ildə fəallıq göstərməyə başlayıb, bu dövr ərzində ötən ilə nisbətən  atəşkəs rejimi demək olar ki iki dəfə daha artıq pozub. Məhz 2015-ci ildə Azərbaycan ordusu digər növ silahlarla birlikdə    D-30 qaubitsasından istifadə etməyə başlayıb, 2016-cı ildə isə bunların sırasına “Qrad”, “Spayk” raketləri və digər növ silahlar da əlavə olunub.

Müharibənin dəhşətlərindən keçmiş bir insan kimi Qaqik yeni itkilər haqda xəbərlərə hələ də ağrılı reaksiya verir. Müharibə getdiyi zaman aydın idi ki, sən atəş açmasan, sənə atəş açacaqlar, hamını ələ keçirəcək, öldürəcəklər, o danışır.

“Bu gün hər şey fərqlidir. Nisbi sülh şəraitində bir-birini öldürürlər”, – rəqibə atəş açmağa məcbur olduğu anları xatırlayan Qaqik deyir.

Döyüş yoldaşları ilə

Bu məqamların birini isə o ümumiyyətlə xatırlamaq istəmir – həmin vaxt o, digərlərindən fərqli olaraq yaxın məsafədən atəş açmalı olmuşdu.

“Düşüncələrində o məqam canlananda dərhal unutmaq istəyirəm. Əlbəttə, bilirəm ki, bunu eləməyə məcbur idi, amma yenə də…”

“O zaman bizim nəslimiz təhlükədə idi, indi isə övladlarımız risk altındadır – bu təhlükə daima havadan asılı vəziyyətdədir”.

Qaqikin sözlərinə görə, o adi həyat yaşayır – iş, ev, məişət qayğıları.

“Əlbttə, evdə də hiss edirlər ki, mən hərbçiyəm, amma çalışıram ki, ordu qaydalarını evimin kandarında saxlayım”.

O, sadəcə bir şey arzulayır – sülh. Hamı ev tikmək, nəsə yaratmaq istəyir, amma həll olunmamış münaqişə bu yolda böyük maneədir. Risk böyükdür, müharibənin mümkünlüyü də, Qaqik hesab edir.

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews