Cəbhəyanı kəndlərdə həkimlərin işi haqqında " />

Güllə altında çağırışa

Cəbhəyanı kəndlərdə həkimlərin işi haqqında 

O, adi iş günlərindən birini yaşayır. Sakit tonla güllələrin hər an açıla biləcəyinə dair bizə xəbərdarlıq edir. 21 ilə adam nələrə öyrəşməzdi ki?

İradə Hüseynova 1995-ci ildən böyük hissəsi erməni silahlı qüvvələrinin nəzarəti altında olan Tərtər rayon Qaraağacı inzibati ərazi dairəsinin Qaradağlı həkim ambulatoriyasının baş həkimi işləyir. Ambulatoriya Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşir. İradə xanım əsasən cəbhə kəndləri olan Qapanlı, Qaradağlı və Qaraağacı kənd sakinlərinə tibbi xidmət göstərir.

İşlədiyi tibb müəssisəsi əvvəllər çox da yaxşı şəraitdə olmasa da, təxminən iki ay əvvəl Qapanlı kəndində yeni ambulatoriya tikilib. İradə Hüseynova deyir ki, ambulatoriyada dərman çatışmazlığı yoxdur. Sözünün təsdiqi kimi, ilkin tibbi yardım və bəzi vacib dərman preparatlarının qutularını göstərir.

Ambulatoriyada ümumilikdə 10 nəfər çalışır. Onlardan biri stomotoloq, biri həkim, digərləri isə kiçik tibb işçiləridir.

Qapanlı, Qaradağlı və Qaraağacı kəndlərində 2962 nəfər yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 34,6 həkim düşür.

Deməli, bu üç kənddə azı 10 həkim olmalıdır.

Həkim deyir ki, əsasən evləri gəzərək əhaliyə tibbi xidmət göstərir. Gecə saatlarında isə xəstələri öz evində qəbul edir. Deyir ki, heç bir halda hansısa müraciəti sabaha saxlamaq olmaz: “And içmişik axı… Bir çox kənd həkimləri kimi, İradə xanım da qapısını döyən xəstəni qəbul etmək üçün gecənin istənilən saatında yuxudan oyana bilər.

İradə xanımın həyatında təhlükələr də az olmur. Təsəvvür edin, güllələr açılır, mərmilər partlayır, o isə bu güllələr altında başqa bir kəndə təcili çağırışıa getməldiir: “Hər gün nəsə bir hadisə olur. Çoxlarını elə həmin gün də unuduram. Bəzən isə elə hadisə olur ki, baş verəndə düşünürəm ki, onu heç vaxt unutmaram.

Bu yaxınlarda axşam yenə bərk atırdılar. Yaşlı bir qadın üçün təcili çağırış etdilər. Maşın da yoxdur. İradə xanım kəndin o biri başına getməli idi. “Heç bilmirdim ki, sağ gedib çıxa biləcəyəm, ya yox. Gedib çıxdım. Xəstənin vəziyyəti yaxşı deyildi, amma o da bildi ki, çöldə atırlar, mən də o boyda yolu piyada gəlmişəm. Mən ona təcili yardıma getmişəm, o da məni sakitləşdirməyə başladı. Tez-tez təkrar edirdi ki, kənddən heç yerə çıxmayım, qorxmayım. Bunu dedikcə də təzyiqi bir az artırdı. Axırda bir təhər sakitləşdirdim ki, kənddən çıxmayacağam. Bundan sonra sakitləşib tibbi yardımı qəbul etdi.

Həmsöhbətimizin sözlərinə görə, xidmət etdiyi kəndlərdə sakinlər arasında ən çox müşahidə olunan xəstəlik hipertoniyadır. İkinci yerdə isə şəkərli diabet durur. Hər üç kənddə yaşayan uşaqlar isə daha çox stressdən yaranan bəzi xəstəliklər müşahidə olunur. Təbiidir, güllə altında doğulsalar da bu səsə alışmaq zaman aparır. Ta böyüyənə qədər.

Aprelin 2-dən etibarən cəbhə xətində yaranan gərginlik sakinlərin səhhəttinə də öz təsirini göstərib. Həkim deyir ki, son günlər qan təzyiqindən şikayət edənlərin sayı artıb. Həmçinin ürək problemi ilə bağlı müraciətlər də çoxalıb.

“Hamı işinin başındadır. Camaat da kənddən bir addım da kənara çıxmayıb, – deyə kəndin yaşlı sakinləri bildirir. Amma dərhal da narahatlıqla bizə baxaraq: “Bu gecə yenə atacaqlar, siz burda çox yubanmayın, – deyirlər.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 27.04.2016

Facebook Comments

More on JAMnews