"Ermənistandakı yollarda ancaq ekstremal velosipedçilər sürə bilir"" />

Ermənistandan Gürcüstana velosipedlə

"Ermənistandakı yollarda ancaq ekstremal velosipedçilər sürə bilir"

Ermənistanın üç rayonundan: Lori, Şirak və Tavuşdan olan 12 velosipedçi Gürcüstana üçgünlük velosiped turu həyata keçiriblər, Vanadzordan Borjomiyə qədər gediblər. Velosipedçilərin diqqətini cəlb edən əsas məsələ Ermənistanda velosiped idmanı üçün şəraitin ümumiyyətlə olmaması, Gürcüstanda isə mənzərənin əsaslı şəkildə fərqlənməsi oldu.

“Gürcüstanda ancaq Ninotsmindaya aparan yolun bir hissəsi pis vəziyyətdə idi. Sonra artıq həm Borjomidə, həm də qonşu kəndlərdə yollar çox yaxşı, velosiped turları üçün tam münasib idi. Meşədə də velosiped  yolları varıydı. Ermənistanla heç müqayisə etməyə də dəyməz, çünki burada heç yerdə mən velosiped idmanı üçün uyğunlaşdırılan yollar, şərait görməmişəm”, –  turun iştirakçısı Suren Arutunyan deyir.

“Ermənistandakı yollarda ancaq ekstremal velosipedçilər sürə bilir. Yollar yoxdur, iri şəhərlərdən kənarda tamamilə ekstremal şərait var. Gürcüstanda isə velosipedçilər üçün bütün şərait yaradılıb”, – səfərin başqa bir iştirakçısı, 36 yaşlı David Voskanyan deyir.  

Lori rayonunun Dzoraqüx kənd administrasiyasının rəhbəri olan Suren Arutunyan qonşu ölkədəki səliqə-sahmanı xüsusiylə vurğuladı: “Hətta meşənin içində velosipedçilər üçün çəkilən yollarda belə bir neçə metrdən bir zibil konteynerləri quraşdırılıb. Eyni şeyləri Ermənistanda da görmək istərdik”.

Velosiped turu Vanadzor İctimai Təşkilatlar Mərkəzi tərəfindən velosiped idmanı və kənd transsərhəd turizminin inkişaf etdirilməsi məqsədiylə təşkil olunub. 350 nəfərin iştirak etdiyi və bur neçə ay sürən məşqlərdən sonra təşkilatçılar onların arasında ən yaxşılarını Vanadzor-Borjomi turunda sınamaq qərarına gəliblər.

 

Havanın kəskin şəkildə dəyişməsinə, yolların buz bağlamasına, güclü küləyə, qara və yollarda çoxlu sayda çətinliklərə baxmayaraq, iştirakçılar əmindir ki, təcrübə baş tutdu və çoxlarının marağını da özünə cəlb etdi.

“Biz velosipedlə keçərkən, kənd sakinləri yaxınlaşıb, maraqlanırdı, deyirdilər ki, özləri də bu cür tədbirlərdə iştirak etmək istərdi. İndi də daha çox insanın bizə qoşula bilməsi üçün imkan axtarmaq barədə düşünürük”, – David deyir.

Suren isə məsələni kənd icmasının rəhbəri nöqteyi-nəzərindən qiymətləndirir, o hesab edir ki, iki ölkədə velosiped idmanının inkişafı və turların aktivləşdirilməsi sərhədyanı kəndlərin də inkişafına təsir edə bilər.

Mərkəz məşqlərə yazda yenidən başlamağı və daha çox gənc cəlb etməyi planlaşdırır.

 

Facebook Comments

More on JAMnews