Epress.am saytının əməkdaşları Rusiya mediasının regiona təsiri ilə bağlı silsilə müsahibələr hazırlamaq üçün Cavaxetiyaya getmək istəyirmiş " />

Ermənistanlı jurnalistlər Gürcüstana buraxılmayıb, Ermənistan XİN-i izahat gözləyir

Epress.am saytının əməkdaşları Rusiya mediasının regiona təsiri ilə bağlı silsilə müsahibələr hazırlamaq üçün Cavaxetiyaya getmək istəyirmiş

Ermənistan, Gürcüstan, ermənistanlı jurnalistlər, Cavaxetiya

Ermənistanın Epress.am internet resursunun üç jurnalisti Gürcüstan ərazisinə buraxılmayıb. Sərhədçilər bunun səbəbini izah etmək istəməyiblər, jurnalistlərə yalnız onu deyiblər ki, onların Gürcüstan ərazisində fəaliyyəti arzuolunan deyil.

Demokratiya indeksi – 2018: Ermənistan irəliləyir, Gürcüstan isə geri gedir

“Bizim çoxlu müştərək işimiz var” – Gürcüstan prezidenti Yerevanda

Yerevandan gələn informasiya  

Gürcüstana buraxılmayan jurnalistlərdən biri Yuri Manvelyan JAMnews-a müsahibəsində bildirib ki, Epress.am saytının çəkiliş qrupu Rusiya mediasının regiona təsiri mövzusunda silsilə müsahibələr hazırlamaq üçün Cavaxatiyaya getmək istəyirmiş. Amma Gürcüstan sərhədçiləri onların Ermənistan-Gürcüstan sərhədini keçmələrinə icazə verməyib. Səfər səbəbini öyrənəndən sonra gömrük əməkdaşları əvvəlcə bildiriblər ki, jurnalistlərin çəkiliş üçün icazələri və akkreditasiyaları olmalıdır, daha sonra isə ümumiyyətlə onları fotoaparat, videokamera və noutbuklarla Gürcüstan ərazisinə buraxmaq istəməyiblər.

Jurnalistlər texnikanı Ermənistan ərazisində qoymağa razılaşıblar, amma onlara yenə də nəzarət-buraxılış məntəqəsindən keçməyə icazə verilməyib.

“Aqressiv tonda bizə dedilər ki, icazəsiz Gürcüstan ərazisində jurnalistika ilə məşğul ola bilmərik. Biz izahat verilməsini xahiş etdik, cavabında bizə dedilər ki, belə qərar qəbul etmiş əməkdaş öz qərarını dəyişməyib və bizə Gürcüstan ərazisinə daxil olmaq qadağandır”, – Yuri Manvelyan danışıb.

Jurnalist həmçinin bildirib ki, bu, internet resurs əməkdaşlarının Gürcüstana ilk səfəri deyil, amma əvvəllər onlar bu cür problemlərlə üzləşməyiblər.

“Mən əvvəl də Gürcüstan ərazisində işlədiyimizi qeyd etdiyim zaman sərhədçi cavab verdi ki, vəziyyət dəyişib”, – Epress.am saytının əməkdaşı bildirib.

Yuri Manvelyanın sözlərinə görə, onların Gürcüstan ərazisinə buraxılmamaları haqda qərarın yazılı əsaslandırması onlara təqdim olunmayıb və hər şey “yuxarıdan” gələn əmr formasında həyata keçirilib. Bununla belə jurnalist də baş verən olayın səbəbini izah etməkdə çətinlik çəkir.

“Biz anlamaq istəyirik ki, bu cür vəziyyət niyə yaranıb və növbəti dəfə bizi ölkəyə buraxacaqlarmı. Təbliğatla məşğul olan, erməni-gürcü münasibətlərində problemləri körükləyən saytlar var. Amma biz bununla məşğul olmuruq. Bəlkə gürcüstanlı məmurlar tərəfindən Ermənistan resurslarına qarşı ənənəvi gərgin münasibət var? Düşünmürəm ki, bu münasibət məhz bizə qarşı yönəlib”.

Epress.am əməkdaşları Ermənistanın Xarici İşlər Nazirliyinə müraciət ediblər, dövlət qurumu da öz növbəsində gürcüstanlı həmkarlarından izahat istəyib. Hələlik Gürcüstan Xarici İşlər Nazirliyindən bir cavab yoxdur, hər halda Epress.am jurnalistlərinə bu haqda heç nə məlum deyil.

Tbilisidən gələn xəbər

Gürcüstanın Daxili İşlər Nazirliyi jurnalistlərin ölkə ərazisinə buraxılmamasını “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqda” qanunun 11 maddəsinin “i” bəndinin tələbi ilə izah edib.

Bu qanun Gürcüstanın dövlət sərhədinin keçilməsi ilə bağlı məsələləri tənsimləyir. 11-ci maddənin bütün bəndlərində əcnəbilərin Gürcüstan ərazisinə hansı səbəblərdən buraxılmaya biləcəyi dəqiq göstərilib. Məsələn, söhbət sənədlərin olmamasından, saxta olmasından, ölkəyə gəliş səbəbinin yanlış göstərilməsindən, təhlükəsizliyin təhdid edilməsindən ibarət ola bilər.

Ermənistan jurnalistlərinin ölkəyə buraxılmamasının əsaslandırıldığı “i” bəndi istisnadır. Orada konkretlik yoxdur, bu bənd kifayət qədər qeyri-müəyyəndir və rədd cavabının səbəbləri haqda informasiya vermir. Orada sadəcə yazılıb ki, əcnəbi vətəndaşın Gürcüstan ərazisinə daxil olmasına “Gürcüstan qanunvericiliyində nəzərdə tutulan digər səbəblərdən” icazə verilməyə bilər. Yəni jurnalistlərin Gürcüstana buraxılmamasının konkret səbəbələri aydın deyil.

Bu səbəb haqda DİN-dən də heç bir məlumat verilmir. Bu gün Gürcüstanın baş naziri Giorgi Qaxariya rəsmi səfərlə Ermənistana yollanıb. Böyük ehtimalla ermənistanlı jurnalistlərin Gürcüstana niyə buraxılmadığı haqda ona sual veriləcək.


More on JAMnews