Monitorinq nəticələrinə görə, kənd məktəblərinin çoxunda sanitar qovşaqlar həyətdə yerləşir, isti su yoxdur, kranlar işləmir" />

Ermənistanın məktəb və uşaq bağçalarında elementar gigiyenik vasitələr yoxdur

Monitorinq nəticələrinə görə, kənd məktəblərinin çoxunda sanitar qovşaqlar həyətdə yerləşir, isti su yoxdur, kranlar işləmir

Ermənistanın məktəb və uşaq bağçalarında sanitar-gigiyenik vəziyyət acınacaqlıdır və narahatlıq doğurur. Ermənistanda tibb işçilərinin iştirakı ilə müstəqil strukturlar tərəfindən ilk dəfə aparılan tədqiqatın nəticələri bundan xəbər verir. Monitorinq ölkənin bütün vilayətlərində – 121 məktəbdə və 80 uşaq bağçasında aparılıb. Onları təsadüf prinsipi ilə seçiblər.

Şagirdlər müharibədə

Monitorinq nə göstərib?

Tədqiqat göstərib ki, məktəblərin 86 faizində isti su yoxdur. Uşaq bağçalarına gəlincə, bu müəssisələrin ancaq 44 faizi isti su ilə təmin olunub.

Ermənistan ombudsmeni Arman Tatoyan vəziyyəti acınacaqlı kimi dəyərləndirib:

“Bir sıra məktəblərdə ümumiyyətlə su yoxdur – ya kranların işləməməsi, ya da ümumiyyətlə olmaması səbəbilə. Tədqiqat zamanı bütün məktəbdə ancaq bir kranın işlədiyi hallar qeydə alınıb”.

Ombudsmen məktəb binalarındakı antisanitariyaya da diqqət yetirib:

“Uşaqların müxtəlif infeksion xəstəliklərə yoluxması nöqteyi-nəzərindən də hədsiz təhlükəli vəziyyətin müşahidə olunduğu çox hallar da vardı”.

Məlum olub ki, uşaqlar birbaşa krandan və ya ümumi stəkandan su içməli olur. Üstəlik monitorinq zamanı aydın olub ki, kənd məktəblərinin çoxunda sanitar qovşaq binanın içində yox, həyətdə yerləşir. Kənd məktəblərinin 41 faizində ümumiyyətlə unitaz yoxdur. Unitazların bir-birindən arakəsmələrlə ayrılmadığı hallar da çoxdur.

“Bir sıra hallarda hətta sanitar qovşaqlar ayrı-ayrı olsa da, onların qapıları ya bağlanmır, ya da elə bağlanır ki, uşaqlar onlardan istifadə edə bilmirlər”, – ombudsmen bildirib.

Monitorinqdə iştirak edən tibb işçilərini məktəblərdə elementar gigiyena vasitələrinin olmaması heyrətləndirib. Məktəblərin çoxunda tualetlərdə sabun, 76 faizində tualet kağızı, üstəlik əl qurutmaq üçün nə fen, nə də dəsmal olmayıb.

Ombudsmen bildirib ki, 121 məktəbdən yalnız 8-də və 80 bağçadan yalnız 2-də sanitar qovşaq əlil uşaqların da istifadə edə biləcəyi vəziyyətdə olub.

Dəyərləndirmələrə görə, ümumilikdə ən pis vəziyyət iki regionun – Şirak və Vayots Dzorun kənd məktəblərində yaşanır.

Dəyişiklik olacaqmı?

Bütün üzə çıxarılan problemləri ombudsmen Arman Tatoyan artıq təhsil və elm naziri ilə müzakirə edib. Monitorinq nəticələri həmçinin Yerevan meri ilə ərazi idarəetməsi və inkişafı nazirinə də göndərilib.

“Biz belə razılığa gəlmişik ki, hökumət bu problemlərin həlli üçün addımlar atacaq”, – ombudsmen deyib.

Monitorinq prosesində o da aydın olub ki, daha əvvəl məktəb direktorları özləri bu problemlərin həlli üçün müraciət ediblər, amma cavab almayıblar.


More on JAMnews