Mel Daluzyan maliyyələşməsində hökumətin də iştirak etdiyi filmin qəhrəmanı olub. Bu fakt bir çoxlarını hiddətləndirib və idmançının üzərinə hücumlara səbəb olub" />

Ermənistanın baş naziri transgender idmançını cəmiyyətin qarayaxmasından müdafiə edir

Mel Daluzyan maliyyələşməsində hökumətin də iştirak etdiyi filmin qəhrəmanı olub. Bu fakt bir çoxlarını hiddətləndirib və idmançının üzərinə hücumlara səbəb olub

Mel Daluzyan, Meline Daluzyan, Nikol Paşinyan, transgender, transgenderlərin problemləri, LGBT, film, dövlət maliyyələşdirməsi

Ermənistanda transgender ağır atlet Mel (cinsini dəyişənə qədər Meline) Daluzyan haqqında filmin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi faktı fəal şəkildə müzakirə olunur.

Baş nazir Nikol Paşinyan noyabrın 13-də parlamentdə bildirib ki, hökumətin filmin maliyyələşdirilməsində iştirakından xəbəri olmayıb, lakin indi bu faktla fəxr edir.

Bir vaxtlar cəmiyyətin qəbul etməməsi üzündən Ermənistanı tərk edərək Niderlanda köçmək məcburiyyətində qalmış idmançıya hücumlar yeni qüvvə ilə qızışıb. İndi də film haqqında məlumata görə. Xəbərlər peyda olub ki, Daluzyan intihar həddinə çatacaq qədər pərişanlıq səviyyəsinə çatdırılıb. Bununla əlaqədar olaraq, baş nazir publik şəkildə bəyan edib ki, transgender ağır atleti “öz şəxsi müdafiəsi altına” alır.

LGBT-yə münasibət: Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya – ən ağır vəziyyət

Publik müzakirələrin başlanması

“Mel” filminin maliyyələşdirilməsi mövzusu noyabrın 8-də bütün mediada səs-küyə səbəb oldu. O vaxt baş nazirin qarşısında bu məsələni “Daşnaksütun” partiyasının gənclər qanadının fəalları qoydular. Baş nazir onlarla təhsil, elm, mədəniyyət və idman nazirinin istefası tələbi ilə keçirdikləri aksiya ilə bağlı görüşdü.

Araik Arutyunyanın başqa maddələr üzrə fəaliyyətindən narazılıqla yanaşı, etirazçılar baş nazirə iradlarını bildirdilər ki, nazirlik “Mel” filmini maliyyələşdirib. Bunun üçün dövlət büdcəsindən 20 milyon dram (təxminən 40 min dollar) vəsait ayrılıb.

Yeri gəlmişkən, nazirliyin maliyyələşmədə iştirakı filmin ümumi dəyərinin cəmi 14%-ni təşkil edir.

Paşinyan o zaman fəallara izah etməyə çalışmışdı ki, nazirlik filmin yalnız “çempion haqqında nəql edilən hissəsini” maliyyələşdirib. Lakin baş nazirin izahatı etirazın fəallarının mövqeyinə təsir etmədi və onlar hələ də nazirin istefası tələbi ilə aksiyalarını davam etdirirlər.

Nəyə görə yüzlərlə gənc insan Yerevanda küçədə təhsil nazirinin istefasını tələb edir

«Mel Daluzyan – mənim şəxsi müdafiəm altındadır»

Noyabrın 13-də Milli məclisdəki çıxışında Nikol Paşinyan Melə və filmin maliyyələşdirilməsinə qarşı gizlədilməyən aqressiya ilə çıxış edənlərin ünvanına sərt tənqidlə çıxış edib. Baş nazir qalmaqallı müzakirələri keçmiş hakimiyyətin “yem yerindən məhrum olmuş” təmsilçilərinin ucuz təbliğatı hesab edir. Vəziyyət elə kəskinləşib ki, ölkənin baş naziri belə bir bəyanat verməyə məcbur olub:

«Mel Daluzyan mənim şəxsi müdafiəm altındadır».

O xatırladıb ki, “Mel” filmi təyin etdiyi rekordun hələ də yenilənmədiyi və sayəsində Ermənistanın himninin dünya arenasında dəfələrlə səsləndiyi idmançı barədə danışır.

«İnsanın bizim gerçəklik üçün yeni olmayan… və konkret tibbi parametrləri olan problemi olub. Bu problemdən əvvəlcə komanda üzrə yoldaşları, sonra məşqçilər xəbər tutublar. Cəmiyyətin reaksiyası və münasibəti üzündən insan… anlayıb ki, bu problemin yeganə həlli Ermənistandan getməkdir.

Müasir dünya bu problemi həll etmək imkanı yaradır, halbuki, insanlar deyirlər ki, əgər Tanrı onu belə yaradıbsa… Üzr istəyirəm, amma bizdə uşaqlar var ki, ürək qüsuru ilə doğulublar. Tanrı onları belə yaradıb, gəlin onları müalicə etməyək. Kor doğulmuş uşaqlar var. Onları olduqları kimi saxlayaq?»

Paşinyan deyib ki, əgər nazirlik bu filmin çəkilişlərini maliyyələşdirməsəydi, o, Ermənistan vətəndaşı kimi düşünərdi ki, bu hökumət nankordur, çünki həmin insanın ölkə qarşısında xidmətləri mövcuddur:

«O, çempion olanda, biz onunla şəkil çəkdiririk, problemləri olanda isə bizim onunla artıq heç bir işimiz yoxdur?»

 Mel Daluzyanın hekayəsi

Bu hekayə Gümrüdə anadan olmuş Meline Daluzyanın Ermənistanın qadınlardan ibarət ağır atletika üzrə yığma komandasının tərkibində dünya və Avropa çempionatlarında çıxış etdiyi vaxtlarda başlayıb.

İki dəfə Avropa çempionu və dünya çempionatının bürünc medalını qazandıqdan sonra Meline Ermənistandan getməyə məcbur olub. İdmançı seksual oriyentasiyasına görə daim təzyiq altında olub.

Nəticədə, Niderlandda transgender Mel Daluzyan sığınacaq alıb, 2016-cı ildən Amsterdamda yaşayır.

Yeri gəlmişkən, elə həmin 2016-cı ildə Ermənistanda LGBT cəmiyyəti haqqında “Məni eşit” sənədli filmi çəkilib. Filmdə Daluzyan Ermənistanda üzləşdiyi çətinliklər barədə danışıb.

O ki qaldı hazırda müzakirə olunan “Mel” kinofilminə, bu, eynicinsli cütlüyün məhəbbəti və seksual azlıqların hüquqları uğrunda mübarizə hekayəsidir. Bu hekayə ondan bəhs edir ki, iki qızın münasibətləri daxili və xarici şərtlərin təsiri altında necə dəyişir.

Yeri gəlmişkən, Amsterdamda Mel artıq yaxşı ad çıxara bilib.

2019-cu ilin may ayında məlum olub ki, Daluzyan Amsterdamın mərkəzində supermarketin kassasını qarət etmək istəyən və kassiri hədələyən cinayətkarları zərərsizləşdirib.

«Həmin vaxt alış-veriş üçün gəlmiş Mel baş verənləri görüb, qarətçiləri dayandırıb. Polis hadisə baş verən yerə gəlib və onları həbs edib. Təəssüf ki, polis gəlib çatana qədər cinayətkarlardan biri Daluzyanın döş qəfəsinə və kürək nahiyəsinə dərin bıçaq yaraları yetirməyə müvəffəq olub. Buna baxmayaraq, hətta yaralandıqdan sonra Mel cinayətkarlara qaçıb gizlənməyə imkan verməyib», – Melin dostlarından biri onun “Facebook” səhifəsində yazıb.

Bu hadisə ilə əlaqədar Amsterdamın meri Femke Xalsema fikrini bildirib:

«Siz qəhrəmancasına hərəkət etmisiniz. Mən fəxr edirəm ki, Amsterdamın sizin kimi sakini var. Minnətdaram ki, siz maskalı və silahlı qarətçilərin qanuna zidd hərəkətlərinin qarşısını effektiv şəkildə ala bilmisiniz. Tezliklə sağalmanızı arzulayıram və əmin edirəm ki, meriya sizə istənilən zəruri yardımı göstərməyə hazırdır».

Müzakirələr davam edir

Ermənistanın keçmiş baş naziri Armen Darbinyan özünün “Twitter” hesabında Mel Daluzyanı dəstəkləyərək yazıb:

«Mən Nikol Paşinyanla şəxsən tanış deyiləm… Onun bugünkü çıxışını alqışlayıram və bəyan edirəm: Mel Daluzyan həm də mənim şəxsi müdafiəm altındadır. İnsanlar, adam olun».

Ağır atletika üzrə ikiqat dünya çempionu Simon Martirosyan isə özünün Facebook səhifəsində buna zidd mövqedən çıxış edib:

«Ermənistanın baş naziri transgender haqqında filmin yaradılmasını dəstəkləyir, buna qarşı çıxanları isə biabırçılıq hesab edir. Biz hara gəlib çıxmışıq, insanlar?

Bu normaldır? Mənə görə, yox. Və normal ola bilməz, çünki bu, bizim mənəvi dəyərlərimizə ziddir».

Sosial şəbəkələrdə nə yazırlar

“Facebook”un erməni seqmentinin istifadəçiləri də iki düşərgəyə bölünüblər. Bəzi şərhləri təqdim edirik:

«İnssan insan olaraq qalır. Xəstələr də var. Onlar çoxdurlar. Heç vaxt insanları ayırmaq olmaz – kim necədir. Deyirlər ki, qınama, səni də qınamasınlar…»

«Bu adam Meline Daluzyan olanda vətənin bayrağını dəfələrlə qaldırıb, Mel Daluzyan olanda isə cinayətkarı saxlamaqdan və bıçaq yarası almaqdan qorxmayıb. Bu adamı rahat buraxın». 

«Vurğu düzgün qoyulmayıb… Çempionlar haqqında film çəkmək lazımdır, onların problemləri haqqında deyil. Çaykovski, onun ilahi vergisi haqqında əla film var, amma onun xəstə problemi haqqında yoxdur. Son nəhayətdə, siz nəyi tərənnüm edirsiniz – xəstəliyi, yoxsa nailiyyəti?»

«Bu cür mövzuları baş nazirin özü Milli məclisin tribunasından çıxış edərək müzakirəyə çıxarırsa, sevincimin həddi-hüdudu yoxdur! Bu, o deməkdir ki, ölkəmizdə başqa heç bir problem yoxdur – belə çıxır ki, bütün problemlərimiz artıq “həll olunub”!»

«Qəlbinizi iblisə satmayın! Bibliya buna qarşıdır. Biz isə dünyada ilk xristianlarıq. Bunu xərçənglə və korluqla müqayisə etmək lazım deyil».

«Bu cür problemləri olan insanlar bütün dövrlərdə olub. Lakin inkvizisiya dövründə onları cadugər adlandırır və tonqalda yandırırdılar. İndi fiziki olaraq yandırmırlar, amma mənəvi olaraq linç edirlər, bəzən isə cəzasızlıqlarını hiss edərək, üç-dörd nəfər toplaşaraq üstünə cumub döyə bilərlər. Bəli, biz inkvizisiya dövründən çox da uzağa getməmişik, amma indi 21-ci əsrdir, 16-cı əsr deyil».


More on JAMnews