“Biz dovşan kimi yatırıq – gözlərimiz açıq, atışma başlasa, uşaqları toplayıb zirzəmiyə qaçaq deyə” " />

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Berkaber kəndi haqda hər şey

“Biz dovşan kimi yatırıq – gözlərimiz açıq, atışma başlasa, uşaqları toplayıb zirzəmiyə qaçaq deyə”

1988-ci ildə Azərbaycan və Ermənistan arasında başlayan münaqişədən sonra uzun illər ərzində iki ölkə arasındakı sərhəddə yerləşən Berkaber kəndinin sakinləri atışma və bombardmandan zədələnən evlərini təmir edib, təsərrüfata pul yatırmaqda bir məna görmürdülər. Hər şey təzəlikcə, kənddə yeni nəsil yetişəndən sonra dəyişib: indi burada nəinki təbii məhsulların ixracını yoluna qoyurlar, hətta turizmi də inkişaf etdirmək niyyətindədirlər. Baxmayaraq ki, münaqişə hələ də həllini tapmayıb və iki düşmən dövlət arasındakı sərhəddə yaşamaq hələ də təhlükəlidir.

Berkaber kəndi Azərbaycan sərhədindən cəmi 800 metr məsafədə yerləşir. Sərhədin iki kilomerti qurudan, iki kilometri də süni su hövzəsindən keçir.

Coğazçay su anbarı 1980-ci illərdən bəri kəndin və bütün regionun görməli yerlərindən biridir. Sovet illərində buranın suyu ilə yaxınlıqda yerləşən Ermənistanın Berkaber və Azərbaycanın Məzəm kəndlərinin torpaqları suvarılırdı.

Qarabağ münaqişəsi su anbarını hər iki tərəf üçün əlçatmaz edib. Ondan artıq təyinatı üzrə istifadə olunmur, su anbarı Ermənistan və Azərbaycan arasında bufer zonasına çevrilib.

Balıqçılar haqda

Tatul Mailyan üçün Coğazçay su anbarı iş yeridir. 29 yaşlı Berkaber sakini burada balıq tutur və bununla ailəsini dolandırır. Həm də təkcə o yox, kənddə daha beş nəfər balıqçılıqla məşğuldur.

Hər dəfə su anbarına gələrkən Tatul fikirləşir ki, o biri sahildən atəş açacaqlar, yoxsa yenə bəxti gətirəcək?

“Təhlükə həmişə var. Amma nə etmək olar? Sahilə yaxın və bir qədər aralıda da balıq tuturuq. Məsələn, bu vaxtlar balığı dərinlərdən tutmaq daha yaxşıdır. Son zamanlar vəziyyət sakitləşib. Onlar [azərbaycanlılar] da bəzən balıq tutur, amma bizdən daha az. Hazırda mənim balıq tutduğum sahə qarşı sahildən səmi 400 metr məsafədədir. Onlar bizi görür, biz də onları. Nə deyək? Onlar da bizim kimi insandır”, – Tatul Mailyan deyir.

Təhlükə haqda

Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda günahlandırırlar. Berkaberlilər deyirlər ki, onilliklər doyu atışma dayanmasa da, buna alışmaq mümkün deyil və 567 nəfər sakinin hər biri qorxu içində yaşayır:

“Biz dovşan kimi yatırıq – gözlərimiz açıq, atışma başlasa, uşaqları toplayıb, zirzəmiyə qaçaq deyə. Bütün bunlar nə sülh, nə müharibə vəziyyətidir. Əlbəttə, ümid edirik ki, yaxınlarda sülh olacaq. Amma evi təmir etmirik. Birdən yenə bombardman oldu, hər şey dağıldı.

Hərçənd yenə də buradan köçmək niyyətində deyiləm. Hara gedim? Mənim evim buradadır. Mən gedəcəm, o biri gedəcək. Bəs kim qalacaq? O zaman insanlar müharibədən sonra uşaqlarının gələcəyi üçün köçürdülər – kimi Yerevana, kimi Rusiyaya”, – üç uşaq atası, müharibə iştirakçısı, 45 yaşlı Robert Xudaverdyan deyir.

Köçənlərdən çoxu daha doğma kəndə qayıtmayıb; yerli məktəbdə uşaqların sayından bunu bilmək olar: müharibəyə qədər burada azı yüz uşaq təhsil alırdı, indi isə cəmi 47 nəfərdir.

Ümidlər haqda

Eyni zamanda kənd sakinləri bildirirlər ki, onlar gələcəyə nikbin baxırlar – ən çox da ötən il baş tutan və gənc islahatçı Nikol Paşinyanı Ermənistan hakimiyyətinə gətirən “məxməri” inqilabdan sonra.

“İndi burda hətta xaricdən qayıdan bir ailə də var!” – kənd ağsaqqalı Arqam Arzumanyan deyir. – “İnsanlar yeni ideyalar təklif edir, onları həyata keçirirlər – kənd inkişaf etsin deyə. İnsanlar inanırlar ki, indi sərhəd kəndlərinə yanaşma doğru olacaq, hər şey ədalətlə bölüşdürüləcək”.

Müxtəlif məlumatlara görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hər iki tərəfdən 20 mindən 30 min nəfərə qədər insan həlak olub. Berkaberdə on nəfər dəfn edilib. Bu yeri dolmayan itkilərdən başqa, yerli sakinlərin böyük əksəriyyəti xeyli torpaq sahələrini itiriblər.

Torpaq haqda

Kənd torpaqlarının 75 faizi hazırda Azərbaycanın nəzarəti altındadır.

Kənd sakinləri Suren Xudaverdyan evinin pəncərəsindən əks sahildə qalan torpaq sahəsini göstərir. Deyir ki, hazırda kəndin ixtiyarında cəmi 84 hektar əkin sahəsi var. Hər ailəyə 5-6 min kvadrat-metr torpaq düşür – məhsul sayəsində dolanan insanlar üçün bu çox azdır.

Bu vəziyyətdən çıxış edərək Berkaber sakinləri istixana təsərrüfatına keçiblər.

İstixanalar haqda

Həyətyanı sahələrdə sellofanla örtülü istixanalar uzaqdan ağ yelkənlər kimi görünür. Ağsaqqal Arqam Arzumanyanın sözlərinə görə, hazırda kənddə artıq 22 istixana təsərrüfatı var. Yerli sakinlər pomidor, xiyar, bibər yetişdirirlər.

Suren Xudaverdyan danışır ki, istixananı tikməyə ona “Sahman” (sərhəd) ictimai təşkilatı kömək edib. Təşkilat Surenin qarşısında hədəf qoyub – burada bütün vilayətin istixanaları üçün şitil becərsin:

“Hər il biz 10 min şitil yetişdiririk, insanlar da onları öz istixanaları üçün alırlar. Onlar bostandakından daha tez məhsul əldə edirlər, buna görə də baha sata bilirlər”.

Kəndin torpağı məhsuldardır, yerli sakinlər bildirirlər ki, onların kəndində hansı meyvəni əksən bitir.

Berkaberdə istixanalar sovet illərində də populyar olub – o zaman burada limon becərilirdi. Hər il kənddə iki tondan üç tona qədər limon əldə olunurdu. İndi burada bu ənənəni bərpa etmək istəyirlər.

63 yaşlı Edik Harutunyanın istixanasında 31 limon ağacı var. O qədər qol-budaq atıblar ki, aralarından keçmək çox çətindir. Sovet illərində Hautunyan kəndin baş aqronomu olub, indi isə Berkaberdə iki böyük limon bağının əsasını qoymaq qərarına gəlib.

“Maddi çətinliklər var, bu o qədər də asan deyil, amma istəyirəm ki, bu işə başlayım. Yeni istixanada 200-300 ağac olacaq. Bu il biz istixanamızı cəmi bir ay isidə bildik – isitmə baha başa gəlir. Kəndə qaz çəksələr, olar başqa məsələ”, – Harutunyan deyir.

Problemlər haqda

Burada dolanışıq üçün pul qazanmaq o qədər də asan deyil. İnsanlar banklardan kredit götürür ki, öz işini qursun, amma sonra daha çətin vəziyyətə düşürlər – faizləri ödəyə bilmirlər.

Suren Xudaverdyan deyir ki, 3 milyon dram (6 min dollardan çox) həcmində kredit götürüb ki, istixanasında qızdırıcı quraşdırsın. Bu, üstünlük verir, qışda da məhsul götürmək mümkün olur. Amma odun almaq üçün bu il pul kifayət etməyib. Yanvardan sonra istixananı isidə bilməyib deyə şaxta üzündən şitillər məhv olub.

Gözləntilər haqda

Suren Xudaverdyan hesab edir ki, ayağa qalxa bilmək üçün kənd sakinlərinə çox şey lazım deyil. Onun fikrincə, dövlət sərhədyanı kəndlərə daha çox diqqət yetirməlidir:


“Dövlət bizə yardım etməlidir. Onlar nəsə fikirləşməlidir. Qoy nəsə bir proqram hazırlasınlar, burada hər hansı istehsalın əsasını qoyacaq investorları cəlb etsinlər. Berkaber sərhədyanı kənd olduğu üçün qanunla onlar vergidən azad olunacaq”, – Suren Xudaverdyan təklif edir.

Bundan başqa, dövlət sərhədyanı kəndlərin sakinlərini torpaq vergisindən də azad edib. Amma bu, berkaberlilər üçün o qədər də əhəmiyyətli deyil, çünki onların torpaqlarının böyük hissəsi artıq onlara məxsus deyil. Üstəlik Ermənistanın sərhədyanı kəndlərinin sakinləri üçün qaz yarı qiymətədir. Amma Berkaberdə hələ qaz yoxdur. Buna görə də dövlətin bütün sərhədyanı kəndlərin sakinləri üçün elektrik tariflərinə tətbiq etdiyi güzəştlər onlar üçün daha əhəmiyyətlidir.  

Robert Xudaverdyan hesab edir ki, kənddə dövlət və ya özəl müəssisələr yaransaydı, daha rahat nəfəs almaq olardı.

“Kiçik istehsalat aça bilərdilər, insanlar işləyərdi. Başqa heç nə lazım deyil, insanlar yaxşı yaşayardı”.

Kənddə artıq bir neçə kiçik istehsalat fəaliyyət göstərir. Başlanğıcda onlara “Sahman” təşkilatı kömək edib, ayaqda qalamaları üçün isə onları erməni diasporu dəstəkləyir.

Yardım gözləməyənlər haqda

Armine Yeqanyan dörd il əvvəl kəndin digər qadınları ilə birlikdə öz biznesini qurub. Onlar ekoloji təmiz iplərdən eko-oyuncaqlar toxuyurlar. Öz məhsulları üçün əcnəbi dildə ad düşünüblər – “Berkaber toys” – və bu oyuncaqları xaricə satırlar. Sifarişlərin böyük hissəsi isə ABŞ-dan gəlir.

“Biz müxtəlif ölkələrdən sifarişlər alırıq. Sifarişlər əsasən online daxil olur, yayda isə turistlər gəlib alır. Eskizləri mən çəkirəm. Biz it, fil, zürafə, dovşan toxuyuruq, pandalar da olur. Bizim ən yaxşı mütəxəssisimiz bir gündə bir oyuncaq toxuya bilir. Bir oyuncağa görə 2 min dram (4 dollar) alırıq. Orta hesabla mən ayda 50 min dram (103 dollar) qazanıram”, – Armine danışır.

Gənclər haqda

Ara Xudaverdyan hər il 20-30 ton xurma əldə edir. Coğazçay su anbarının sahilində onun böyük bağı var.

“Müharibədən sonra insanlar sərhəddə olan nəyəsə pul yatırmağa qorxurdular, çünki hər şeyi itirə biləcəklərindən çəkinirdilər. Onlar buranın gələcəyini görə bilmirdilər. Amma bizim nəslimiz bu stereotipləri aradan qaldırdı. Kənddə öz işini qurmuş gənclər çoxdur. Mən 30 ton xurmadan beş tona yaxın təbii meyvə qurusu əldə edirəm. Artıq iki ildir ki, quru meyvə biznesi ilə məşğul oluram”, – Ara Xudaverdyan danışır.

Deyir ki, bu işə qrant alandan sonra başlayıb. Daha sonra müxtəlif beynəlxalq sərgilərdə iştirak edib, öz məhsulunu Dubayda və Londonda nümayiş etdirib:

“Maraqlanan adamlar var, sifarişlər gəlir. Yeganə problem ondadır ki, Ermənistanda təbii quru meyvə çox deyil, sifarişçilər isə böyük həcmdə məhsul almaq istəyirlər. Tələbat var, bu isə o deməkdir ki, Ermənistanda təbii kənd təsərrüfatını inkişaf etdirmək lazımdır”.

Turizm haqda

Berkaberin coğrafi mövqeyi özünəməxsusdur: yüksəkliklər və qayalıqlar, mənzərəli dərələr, Coğazçay su anbarı – bütün bunlar turistlərin diqqətini cəlb edir. Son illərdə Ermənistanın digər regionlarından olan sakinlər buraya mütəmadi olaraq gəlir.

Ağsaqqal Arqam Arzumanyan deyir ki, kənddə turizmi inkişaf etdirməyə ümidlidirlər:

“Əvvəllər inanmırdım ki, bizim vəziyyətimizdə turizmi inkişaf etdirmək olar, indi isə əminəm ki, mümkündür. Burada təbiət çox gözəldir, hava, su unikaldır, rahatlıq hissi verir. “Ekstrim” kafesi də stimullardan biri ola bilər”.

Kafe düz cəbhə xəttinin kənarında, yüksəklikdə – məhz ekstrim sevənlər üçün inşa edilib. Pəncərədən Azərbaycan kəndləri, Coğazçay su anbarı və Azərbaycan silahlı qüvvələrinin mövqeləri görünür.

Hazırda burada təmir işləri gedir, amma yaya qədər kafe hazır olacaq. Və turistlər Azərbaycan mövqelərinin cəmi 500 metrliyində qəhvə içə biləcələr.

Berkaberlilərin özləri üçün isə kafe münaqişə həllini tapmasa da, həyatın davamına işarə edən bir rəmzdir.

Facebook Comments

More on JAMnews