Hökumət hesab edir ki, bu avtomobillər soltərəfli yol hərəkəti üçün təhlükəlidir" />

Ermənistanda sükanı sağda olan avtomobillərə qoyulan qadağa etiraza səbəb olub

Hökumət hesab edir ki, bu avtomobillər soltərəfli yol hərəkəti üçün təhlükəlidir

Sükanı sağda olan avtomobil sahibləri  avto-yürüş şəklində etiraz aksiyası keçiriblər. Onlar Ermənistan hökumətinin gələn ilin aprelindən belə avtomobillərin ölkəyə gətirilməsinə, daha sonrakı dövrdə isə satışına və istismarına qadağa qoymaq niyyətindən narazıdırlar.

Sükanı sağda olan maşın sahibi 35 min nəfər sürücü hökumətin bu təklifi ilə bağlı etirazını bildirir. Dekabrın 22-də onlar nəqliyyat və kommunikasiya naziri ilə görüşüb, bütün narazılıqlarını ifadə ediblər.

Nazir Vahan Martirosyan bildirib ki, sükanı sağ tərəfdə olan avtomobillərin ölkəyə gətirilməsi və istismarı yolverilməzdir, çünki bu avtomobillər soltərəfli olan yerli yol hərəkəti üçün təhlükəlidir. Nazir uzun müddət sürücülərlə söhbət edib və bu arqumenti vurğulayb: belə avtomobildə sürücünün görmə imkanı məhduddur. Etiraz iştirakçıları bu arqumentlə razılaşmayıb.

“Polis məlumatları var, onlara əsasən, sükanı sağda olan avtomobillərin yol hərəkəti qəzalarında iştirakı 11 faizdir. Siz deyirsiz ki, bunu guya təhlükəsizlik üçün edirsiz. Biz bu arqumentin əsaslandırılmasını istəyirik. Əgər sükanı sağ tərəfdə olan maşınların yol qəzalarında iştirakı 11 faizdirsə, bu hələ o demək deyil ki, günahkar məhz bu sürücülər olub”, – etiraz aksiyasının iştirakçısı Gevorq Açemyan deyib.

Amma naziri inandırmaq mümkün olmayıb. Üstəlik o, sükanı sağda olan maşının hərəkətdə təhlükəsiz olduğuna əmin olmaq üçün etiraz iştirakçılarından birinin avtomobili ilə yola çıxmaqdan imtina edib. Vahan Martirosyan deyib ki, sükanı sağda olan maşına minməyəcək, çünki o, “kamikadze” deyil.

Sürücülərin fikrincə isə bu, özügedən sahənin dərhal həll edilməli olan ən aktual problemi deyil. Onlar hesab edirlər ki, nazirlik vilayətlərarası yolların təmiri,  paytaxt küçələrinin xətlənməsi və olmayan yerlərdə yol nişanlarının quraşdırılması ilə məşğul olsa, daha yaxı olar.

Etiraz aksiyası iştirakçıları vurğulayıblar ki, pul qazanmağın çox çətin olduğu Ermənistan kimi bir ölkədə insanlara ehtiyacları olduğu zaman öz əmlakını satmağı qadağan etmək olmaz.

“Düşünmürəm ki, ölkəmizdəki sosial-iqtisadi vəziyyət bu cür qərarların alınmasına imkan verir. Ermənistanda sükanı sağda olan maşınların sayı çoxdur və bu qərar qəbul edilərsə, sürücülərin problemləri başlayacaq. Mən öz maşınımı ala bilmək üçün uzun müddət pul toplamışam. Tanrı göstərməsin, sağlamlıqla bağlı bu maşını satmalı olsam, artıq bunu edə bilməyəcəm”, – aksiya iştirakçılarından biri bildirib.

Nəticədə tərəflər heç bir razılığa gələ bilməyib. Amma nazir səslənən arqumentlər ətrafında düşünəcəyinə və çərşənbə axşamı öz rəyini bildirəcəyinə söz verib.


More on JAMnews