Onlar qazandıqları pulları əldə etmək və Yeni ilə hazırlaşmaq üçün hətta Yerevan-Gümrü avtomobil yolunu bağlayıblar." />

Ermənistanda “Şimal-Cənub” avtomagistralının inşaatçıları əməkhaqlarının ödənilməsini tələb edirlər

Onlar qazandıqları pulları əldə etmək və Yeni ilə hazırlaşmaq üçün hətta Yerevan-Gümrü avtomobil yolunu bağlayıblar.

Ermənistanda “Şimal-Cənub” avtomagistralının inşaatçıları Yerevan-Gümrü avtomobil yolunu bağlayıblar. Dörd saatlıq tətildən sonra hərəkət bərpa edilib, lakin insanların tələbləri hələ də yerinə yetirilməyib.

Fəhlələr nə tələb edirlər?

İnşaatçılar iddia edirlər ki, avqust ayından bəri maaş almayıblar. Onların sözlərinə görə, məsul şəxslərlə görüşə bilməyiblər və buna görə də, bu cür radikal addım atmalı olublar.

Yolun bağlanması qərarını bəzi inşaatçılar belə bir səbəblə də izah ediblər ki, Yeni il yaxınlaşır, onların isə bayramı qeyd etməyə pulları yoxdur. Onların arasında tələbə valideynləri də var ki, ali məktəblərə təhsil haqqını ödəməlidirlər. Bəzi inşaatçıların şəxsən aldıqları kreditlərə görə faiz borclarını ödəmək öhdəlikləri var. Onlardan biri deyir:

«Bank kreditim var və əməkhaqqım ödənilmədiyinə görə onu bağlaya bilmirəm. Yeni il bayramlarından sonra iş məhkəməyə veriləcək və mən vəiyyətdən heç bir çıxış yolu görmürəm. Mənim hansı səbəbdən ödəniş qabiliyyətli olmadığım bank üçün maraqlı deyil. Mənimsə günahım yoxdur, bütün bu aylar ərzində vicdanla çalışmışam və mənə işimə görə pul ödəmək lazımdır».

Hökumət üzvləri ilə görüş tələbi yerinə yetirilməyib. Bunun əvəzində etirazçılarla görüşə Araqatsotn vilayətinin qubernatoru David Gevorgyan gəlib və o, inşaatçıları problemin məhkəmə yolu ilə həll edilməsinə çağırıb. Qubernator bildirib ki, 700 fəhlə əməkhaqqını almayıb. Səbəb isə subpodratçıların podratçıdan – İspaniya şirkətindən pul almamasıdır.

• Ermənistanın yeni hökuməti “Şimal-Cənub” avtomagistralının tikintisini davam etdirəcək   

Ermənistan-Azərbaycan sərhədində həyat sovet dövründən bu günə qədər

• Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” dəhlizini anons etdilər

“Şimal-Cənub” nədir?

“Şimal-Cənub” avtomagistralı müstəqil Ermənistanın ən böyük nəqliyyat layihəsidir. Bu yol ölkənin şimalını cənubu ilə birləşdirməlidir. Şimal tərəfdə magistral Ermənsitanı Gürcüstanla birləşdirəcək və bu ölkə vasitəsilə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin edəcək. Cənub tərəfdə avtomagistral ölkəni İranla birləşdirir. Bu layihə sayəsində Ermənistan tranzit ölkəyə çevrilə bilər.

Tikinti işlərinə 2012-ci ildə başlanıb, lakin bu vaxta qədər yolun beş hissəsindən yalnız biri istifadəyə verilib. Hakimiyyət tikintinin başa çatdırılması üçün maliyyə tapmalıdır və çox güman ki, bu, beynəlxalq kreditorların pulları olacaq.

Ermənistanın yeni hakimiyyəti bildirib ki, yolun tikintisini davam etdirmək niyyətindədir. Bununla belə, ekspertlər həmin layihəni həddən artıq məsrəfli hesab edirlər və vəsaitləri daha böyük iqtisadi effektə malik digər strateji proqramlara yönəltməyi təklif edirlər. Hətta ən aşağı qiymətlərlə hesablamalara görə, 490 kilometr uzunluğu olan magistral ümumilikdə iki milyard dollara başa gələcək.

Ermənistan hökumətinin mövqeyi

Nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirliyi etiraf edir ki, əməkhaqlarının gecikdirilməsi ilə bağlı problem doğrudan da mövcuddur. Nazirin vəzifələrini icra edən Akop Arşakyan mövzunu müzakirə etmək məqsədilə podratçı şirkətlə görüşməyə hazırlaşır.

Ermənistan hökuməti bildirir ki, tikinti işlərini həyata keçirən özəl şirkət qarşısında özünün bütün maliyyə öhdəliklərini yerinə yetirib və əməkhaqlarının gecikdirilməsinə heç bir aidiyyatı yoxdur.

Hər şey nə ilə bitdi?

Dörd saatlıq tətildən sonra fəhlələr yolun açılmasına razılıq verdilər. Onların sözlərinə görə, problem həllini tapmasa, bu cür aksiyalar davam etdiriləcək.

Facebook Comments

More on JAMnews