Müxalif siyasi qüvvə insanları küçəyə çıxıb, baş nazir seçkilərinin keçiriləcəyi parlament binasında səsverməyə mane olmağa çağırıb " />

Ermənistanda Serj Sarqsyanın hakimiyyətinin davamına etiraz edən partiyanın üzvləri saxlanılıb

Müxalif siyasi qüvvə insanları küçəyə çıxıb, baş nazir seçkilərinin keçiriləcəyi parlament binasında səsverməyə mane olmağa çağırıb

Serj Sarqsyanın hakimiyyətinin davam etməsinə (bu səfər baş nazir qismində) etiraz edən “Vətəndaş Sazişi” partiyasının iki üzvü saxlanılıb. Polis müxalifətçiləri Yerevanın mərkəzi küçələrindən birində, “vətəndaşları mitinq keçirilməsi ilə bağlı məlumatlandıran” zaman saxlayıb. Bu haqda “Vətəndaş Sazişi” partiyasının mətbuat katibi bildirib.

O xatırladıb ki, bu günlərdə daha iki fəal saxlanılıb, sonra isə azad edilib. Partiyanın dəyərləndirməsinə görə, bütün bu addımlar “Vətəndaş Sazişinin” təşkil etdiyi mitinq haqda məlumatı yaymağa mane olmaq üçün atılır. Mitinq aprelin 13-də başlayacaq və 17-nə, baş nazir seçilən günə qədər davam edəcək. Partiya təmsilçiləri hesab edirlər ki, bu mitinq Ermənistanın gələcəyi üçün həlledici rol oynayır.

Bu günlərdə “Vətəndaş Sazişi” partiyasının sədri, deputat Nikol Paşinyan “Mənim addımım” kampaniyasına başlayıb. Öz tərəfdarları ilə birlikdə o, bütün ölkə üzrə iri icmaları piyada gəzir, insanları küçələrə çıxmağa və Serj Sarqsyanın hakimiyyətdə qalmasına imkan verməməyə çağırır.

Konstitusiya dəyişikliklərindən sonra Ermənistan parlament idarə sisteminə keçib və artıq ölkənin birinci şəxsi prezident yox, baş nazir olacaq. Aprelin 9-da Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Armen Sarqsyan prezident kürsüsünə keçib. Elə həmin gün Ermənistanda iqtidarda olan Respublikaçılar Partiyasının sədr müavini bildirib ki, baş nazir vəzifəsinə ERP rəhbəri və həmin andan artıq keçmiş Ermənistan prezidenti Serj Sarqsyanın namizədliyi irəli sürüləcək.

“Vətəndaş Sazişi” partiyası müxalifətçi Nikol Paşinyanın rəhbərliyi altında Serj Sarqsyanın hakimiyyətdə qalmasına mane olmaq üçün tədbirlər planı hazırlayıb.

Paşinyan əmindir ki, əgər on minlərlə ölkə sakini küçələrə çıxsa, aprelin 17-də baş nazir seçkisinin keçiriləcəyi Milli Məclis binasını mühasirəyə almaq mümkün olacaq. Onun fikrincə, parlament binası ətrafına toplaşan çox sayda insan deputatların səsverməsinə təsir göstərə biləcək.

O, hazırda görüşdüyü insanlara izah edir ki, əgər baş nazir seçkiləri hər hansı səbəbdən iki dəfə baş tutmazsa, konstitusiya növbədənkənar parlament seçkisi keçirməyə imkan verir. Müxalifətçi əmindir ki, bu yolla növbədənkənar parlament seçkilərinin keçirilməsini qaçılmaz edən vəziyyət yaratmaq mümkündür, bununla da parlament çoxluğu dəyişəcək və Serj Sarqsyan hakimiyyətini itirəcək.

Aksiyaya qoşulmaq və Sarqsyanın baş nazir seçilməsinə mane olmaq çağırışı ilə bu gün parlamentdə müxalif deputatlar da çıxış edib. Onlar rəmzi məşəllər yandırıb, insanları mitinqə gəlməyə və “birlikdə azadlıq məşəli yandırmağa”səsləyiblər.

Amma iqtidar partiyasından olan deputatlar hesab edirlər ki, Nikol Paşinyan o qədər insanı toplaya bilməyəcək və öz məqsədinə çatmayacaq. Onlar xatırladırlar ki, seçicilər parlament seçkiləri zamanı öz səslərini Serj Sarqsyanın rəhbərlik etdiyi partiyaya veriblər.

Fotolar “Serj Sarqsyan Əleyhinə Birlik” adlı Facebook səhifəsindən, hraparak.am və hetq.am portallarından götürülüb


More on JAMnews