Sənədin regional münaqişələrin nizamlanmasına aid olan hissəsinə yalnız ərazi bütövlüyü prinsipi daxil edilib " />

Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının qəbul etdiyi deklarasiyanın ermənilərə qarşı olduğunu hesab edirlər

Sənədin regional münaqişələrin nizamlanmasına aid olan hissəsinə yalnız ərazi bütövlüyü prinsipi daxil edilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Kiyevdə keçirilən iclasında qurumun 25 illiyinə həsr olunmuş deklarasiya qəbul edilib. 12 milli nümayəndə heyətindən 9-u deklarasiyanın qəbul edilməsinə səs verib. Ermənistan nümayəndə heyəti səsverməni boykot edib, çünki sənəddə ermənilərə qarşı olan müddəaların yer aldığı fikrindədir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Ermənistan nümayəndə heyətinin üzvü, deputat Gevorq Qorqisyan bildirib ki, deklarasiyaya regional münaqişələrin nizamlanmasına dair sadəcə bir prinsip daxil edilib – ərazi bütövlüyü, halbuki, beynəlxalq hüququn üç əsas prinsipi: güc tətbiq olunmasının yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə haqqı bir-birindən ayrılmazdır.

Ermənistanın münaqişələrin, o cümlədən də Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı rəsmi mövqeyi ATƏT-in Minsk Qrupunun mövqeyi ilə üst-üstə düşür. Söhbət güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə haqqından gedir. Ermənistan tərəfi bu prinsiplərin ayrılmazlığına israr edir. 

“Ərazi bütövlüyü prinsipi Helsinki yekun aktının 10 müddəasından sadəcə biridir. 10 müddəadan sadəcə birinə istinad etmək yolverilməzdir, çünki bununla Helsinki yekun aktının yanaşması təhrif olunur”, – Gevork Qorqisyan deyib.

Ermənistan nümayəndə heyəti qeyd edib ki, deklarasiyanın bu müddəası iclas başlayana qədər, Ermənistan nümayəndə heyətinin iştirakı olmadan hazırlanıb və ən son məqamda gündəliyə daxil edilib.

Qorqisyan bildirib ki, Serbiya nümayəndə heyəti də səsverməni boykot edib, onlar da  bu müddəanın hazırlanmasında iştirak etməyiblər. Ermənistanı bu məsələdə dəstəkləyə biləcək təşkilatın 12-ci üzvü – Rusiya Ukrayna ilə gərgin münasibətləri səbəbi ilə iclasda iştirak etməyib.

“Rusiya ilə ərazi problemləri olan dövlətlər bu müddəanın deklarasiyaya daxil olunmasına israr edib. Onlar xəlvəti toplaşıb, bu məsələni müzakirə ediblər, müddəanı deklarasiyaya daxil edib, sonra da səsverməyə çıxarıblar”, – deputat deyib.

Ermənistan nümayəndə heyətinin digər üzvü Vahe Enficyan bildirib ki, bu deklarasiya Dağlıq Qarabağ münaqişəsinin nizamlaması üçün hüquqi nəticə kəsb etməyəcək, çünki bu sənəd parlamentlərarası əməkdaşlıq platforması tərəfindən qəbul edilib.

“Bu, sadəcə arzuolunmaz haldır. İstənilən halda biz işləyirik, ciddi müzakirələr aparırıq, biz assambleyanın Ermənistana qarşı xaincə və qərəzli münasibət sərgiləməsi ilə bağlı öz narazılığımızı bildirmişik”, – Enficyan deyib.

1992-ci il iyunun 25-də QaraDəniz regionunun 11 ölkəsi: Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna İstanbul sammiti zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması haqda müştərək deklarasiya imzalayıb. 2004-cü ildən Serbiya da təşkilata üzv olub. Təşkilatın qərargahı Türkiyədə yerləşir. Qurumun əsas məqsədi regional stabilliyin, iqtisadi inkişafın, çiçəklənmənin və sülhün təmin edilməsidir.


More on JAMnews