Yeni “inqilabçı” hakimiyyətin və keçmiş iqtidar partiyasının ilk seçkiqabağı tədbirləri haqda təfərrüatlar " />

Ermənistanda parlament seçkiləri ərəfəsində seçkiqabağı kampaniyaya start verilib

Yeni “inqilabçı” hakimiyyətin və keçmiş iqtidar partiyasının ilk seçkiqabağı tədbirləri haqda təfərrüatlar

Ermənistanda dekabrın 9-a təyin olunmuş parlament seçkiləri ərəfəsində seçkiqabağı kampaniyaya rəsmi şəkildə start verilib. Seçkilərdə on bir partiya və blok iştirak edəcək.

“İnqilabçı” hakimiyyət kampaniyaya regionlarda görüşlərlə başlayıb

Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan “Mənim addımım” blokunun siyahısına öndərlik edir. O, seçkiqabağı kampaniya zamanı iki həftəlik məzuniyyət götürüb ki, seçicilərlə görüşdə şəxsən iştirak etsin. Seçkiqabağı kampaniyaya Şirak vilayətindən başlayıb və bu gün dörd şəhərə səfər edib. Hər yanda Nikol Paşinyanı minlərlə vətəndaş qarşılayıb.

Seçicilərlə görüşlərin ən izdihamlısı Ermənistanın Gümri şəhərində baş tutub. Paşinyan 2018-ci ilin aprelində Yerevana qədər piyada yürüşə başladığı həmin meydanda çıxış edib. O zaman burada on minlərlə ölkə sakininin də qoşulduğu hərəkat başlamış və inqilabla sona çatmışdı.

Ermənistan “məxməri inqilabının” lideri hesab edir ki, onun hökuməti xalq qarşısında bütün öhdəliklərini yerinə yetirib

Ermənistan növbədənkənar seçkilərin keçirilməsinə 6 milyon dollar xərcləyəcək

Şirak vilayətinin hər bir şəhərində məxməri inqilab lideri bu gün ölkə qarşısında dayanan prodlemləri və onların həll yollarını qeyd edib.

Paşinyan inqilab zamanı və sonra komandasının xalqa verdiyi bütün vədlərin artıq yerinə yetirildiyi haqda bəyanatını yenidən təkrarlayıb. Və indi vətəndaşlar öz səslərini ona və onun komandasına etibar etməlidir ki, digər problemlər də həll olunsun.

O qeyd edib ki, siyasi inqilabdan sonra onlar Ermənistanda iqtisadi inqilab etməlidirlər:

“Biz Ermənistanı yeni siyasi və iqtisadi mərhələyə çıxarmalıyıq. Biz mikrobiznesi tamamilə vergidən azad edəcəyik. İllik dövriyyəsi 24 milyon dramı (təxminən 50 min dolları) aşmayan biznes vergidən azad ediləcək”.

Nikol Paşinyan onu da bildirib ki, əhalinin artıq Ermənistanda inqilab etmək üçün səbəbi olmayacq, çünki onlar hakimiyyət dəyişikliyinə seçki vasitəsilə nail ola biləcəklər. Baş nazirin fikrincə, məxməri inqilabın əsas nailiyyəti də elə budur.

“İnqilab eləmək qərarına gəldiyiniz bütün hallarda bunu bir bülleten vasitəsilə edə biləcəksiniz. Mən niyə baş nazir oldum? Çünki siz belə qərara gəldiz. Mən bu vəzifədə nə qədər qalacam? Siz qərar verdiyiniz qədər”.

Keçmiş iqtidar partiyası hələlik küçələrə çıxmamaq qərarına gəlib

Məxməri inqilabdan sonra devrilən keçmiş hakim Ermənistan Respublikaçılar Partiyası seçkiqabağı kampaniyaya jurnalistlərlə görüşdən başlayıb. “Respublikaçılardan” ikisi onları mətbuat konfransına çağırıb, respublikaçıların siyahısında ilk adın sahibi Armen Aşotyan isə Yerevan teleşirkətlərindən birinin efirinə yollanıb.

Siyasi qüvvə küçə təbliğatından imtina edib, ən azı seçkiqabağı kampaniyanın ilk günündə. Amma partiya nümayəndələri seçicilərlə görüşmək niyyətindədirlər. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, hətta “evlərə gedib”, qapıları döyməyə də hazırdırlar:

“Söhbət böyük mitinqlərdən getmir. Biz hakimiyyətdə olanda biz bu cür mitinqləri keçirirdik, onlar isə evlərə gedib, seçicilərlə görüşürdülər. Vəziyyət dəyişib – indi onlar hakimiyyətdədir. Bu gün onlar böyük mitinqlər keçirir, biz isə evlərə gedib, seçicilərlə görüşəcəyik. Amma biz bundan utanmırıq”.

“Respublikaçılar” ənənəvi olaraq Nikol Paşinyanın baş nazir olduğu dövrü və idarəçiliyinin nəticələrini tənqid ediblər. Armen Aşotyan deyib ki, baş nazir məzuniyyətə çıxıb, seçkiqabağı kampaniya aparmaqdansa, işlərlə məşğul olmalı idi. Onun sözlərinə görə, sosial sorğular onsuz da Nikol Paşinyana və onun blokuna birincilik vəd edir. Üstəlik Aşotyan deyib ki, heç kim inqilab lideri və onun komandasının qələbəsinə heç şübhə də etmir.

Amma Armen Aşotyan bəyan edib ki, dekabrda sürpriz də gözləmək lazımdır, bununla da baş tutacaq seçkilərdə keçmiş iqtidar partiyasının əldə edə biləcəyi nəticəni nəzərdə tutduğunu güman etmək olar.

Facebook Comments

More on JAMnews