Keçmiş təbiəti mühafizə naziri Aram Harutunyan 14 milyon dollar həcmində rüşvət almaqda şübhəli bilinir" />

Ermənistanda növbəti korrupsiya qalmaqalı baş verib. Parlament deputatını həbs gözləyir

Keçmiş təbiəti mühafizə naziri Aram Harutunyan 14 milyon dollar həcmində rüşvət almaqda şübhəli bilinir

Ermənistanın baş prokuroru Artur Davtyan parlamentin Ermənistan Respublika Patiyası fraksiyasından olan deputatı, keçmiş təbiəti mühafizə naziri Aram Harutunyanın deputat toxunulmazlığının ləğv edilməsi üçün vəsatət qaldırıb. O, 14 milyon dollar həcmində rüşvət almaqda günahlandırılır.

İşin təfərrüatları

Baş prokuror Milli Məclisin spikerinə müraciət edib. O, deputat Aram Harutunyana qarşı cinayət işinin qaldırılması və həbs edilməsi üçün toxunulmazlığının ləğvini tələb edir. Onun adı hələ 2015-ci ildə xüsusilə böyük məbləğdə rüşvətlə bağlı açılmış cinayət işində hallanır.

Baş Prokurorluq Aram Harutunyanın təbiəti mühafizə naziri və yeraltı sərvətlərin tədqiqi və istifadəsi üçün lisenziya təqdim edən qurumlararası komissiyanın sədri vəzifəsində olarkən 14 milyon dollar həcmində rüşvət tələb etdiyi və aldığı haqda sübutlar əldə edib. Əvəzində Aram Harutunyan Sünik, Qeqarkunik, Tavuş və Kotayk vilayətlərində 10 əlvan metal yatağının tədqiqi və istismarına lisenziya verib.

Məbləğin altı milyonu ona nağd, qalan hissəsi isə bank köçürməsi vasitəsilə ödənilib. İlkin istintaq onu da müəyyən edib ki, bu pulları Aram Harutunyan xaricdə “yuyub”.

Baş Prokurorluğun məlumatında həmçinin Aram Harutunyana məxsus olan daşınmaz əmlakın siyahısı da təqdim olunub: Yerevandakı mülklər və mənzillər, paytaxtın mərkəzi meydanı ərazisində yeddimərtəbəli bina, restoran kompleksi, 427 milyon dram (təxminən 1 milyon dollar) dəyərində ictimai əhəmiyyətli tikili, kənd təsərrüfatı torpaqları. Harutunyan bunlardan başqa 1,5 milyondan çox vəsaiti deklarasiyaya salıb.

Ermənistanda nəhəng korrupsiya ifşası – tanınmış deputatın əsgər paylarını oğurladığı ehtimal olunur

Ermənistanda korrupsiya ilə mübarizə: yeni hökumətin ilk addımları

Ermənistanda inqilabdan sonra ilk rüşvətxorluq haqlı qeydə alınıb

Harutunyanı neçə il cəza gözləyir?

Baş Prokurorluq Milli Məclisin deputatına qarşı ittiham irəli sürməyə hazırlaşır

  • Xüsusilə böyük məbləğdə rüşvət almaqda (əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır)
  • Çirkli pulların yuyulmasında (əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır).

Deputat istənilən halda deputat toxunulmazlığından məhrum olacaq

Hətta Ermənistanın hazırkı parlamenti Aram Harutunyanın deputat toxunulmazlığı məsələsinə baxmağa imkan tapmasa da, o, yaxın zamanda yenə də toxunulmazlıqdan məhrum olacaq. Milli Məclisin altıncı çağırışı qanunla artıq buraxılıb, amma öz vəzifələrini yerinə yetirməyə davam edir.

Dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutacaq. Aram Harutunyanın üzvü olduğu keçmiş iqtidar – Ermənistan Respublika Partiyası seçkilərdə iştirak edir, amma Harutunyan partiya siyahısında yer almayıb.

Nikol Paşinyan Aram Harutunyan haqda

Aram Harutunyanın da bulaşdığı korrupsiya sxemi haqda ilk dəfə Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan söz açıb. O, bu halı “Üçüncü respublika tarixində ən iri korrupsiya ifşası” kimi xarakterizə edib:

“Xalqdan oğurlananlar birmənalı şəkildə qəpiyinə qədər geri qaytarılmalıdır. Ermənitsnda rüşvət almağı düşünən məmur qaldığı müddətcə heç bir hakimiyyət dəyişikliyi haqda danışmaq mümkün deyil”.

Baş Prokurorluğun bəyanatından sonra Nikol Paşinyan yenə də bu işə toxunub və onun misalında korrupsiya işlərinin niyə belə uzun müddət araşdırıldığını izah etməyə çalışıb:

“Mən bilirəm ki, suallar var və prosesin bütün təfərrüatlarını təqdim etməyimiz çox vacibdir. Bu işlə əlaqədar, əgər yanlış xatırlamıramsa, elan vətəndaş tərəfindən təxminən dörd ay əvvəl verilmişdi, bəlkə də beş ay əvvəl.

İlkin məlumata əsasən, bu əməliyyatlar xarici banklar  vasitəsilə həyata keçirildiyi üçün cinayət işinin istintaqı bu bankların birindən rəsmi cavab alınana qədər davam etdirilə bilməzdi”.

Aram Harutunyanın özü Baş Prokurorluğun onun ünvanına səsləndirdiyi ittihamları heç cür şərh etmir.

Facebook Comments

More on JAMnews