Manvel Qriqoryanı girov əsasında azadlığa buraxan məhkəmə qərarına qarşı etiraz aksiyaları keçirilir" />

Ermənistanda korrupsiyaçı generalın yenidən həbs olunmasını tələb edirlər

Manvel Qriqoryanı girov əsasında azadlığa buraxan məhkəmə qərarına qarşı etiraz aksiyaları keçirilir

Ermənistanda ilk instansiya məhkəməsi general Manvel Qriqoryanı 25 milyon dram (55 min dollar) girov əsasında azad etmək qərarı qəbul edib. Bunun ardınca yüzlərlə qəzəbli insan generalın doğma şəhəri Eçmiadzinin küçələrinə çıxıb. Onlar məhkəmə qərarına etiraz edir və keçmiş deputatın yenidən həbs olunmasını tələb edirlər.

Qriqoryan nədə ittiham olunur?

Əvvəlcə Ermənistan prokurorluğu qanunsuz silah və sursat əldə edib saxlamaq ittihamı ilə general Manvel Qriqoryanın toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət qaldırıb. Qriqoryan az əvvələ qədər iqtidarda olan Ermənistan Respublika Partiyası fraksiyasından olan Milli Məclis deputatı idi.

Milli Təhlükəsizlik Xidməti Qriqoryanın evində və bağında axtarış aparıb. Külli miqdarda silahdan başqa, orada ordu üçün nəzərdə tutulan konserva, şəxsi gigiyena vasitələri, alt paltarları da aşkarlanıb. Bu azuqələr 2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşdiyi zaman bütün dünyadan – sadə vətəndaşlar, hətta sosial cəhətdən təmin olunmamış insanlar, o cümlədən də ictimai və kommersiya təşkilatları tərəfindən toplanıb.

Milli Təhlükəsizlik Xidmətinin operativ çəkiliş kadrlarından Ermənistan əhalisi Qriqoryanın aralarında nadir nümunələr də olan onlarla maşının saxlanıldığı avtoparkını, çoxsaylı daşınmaz əmlakın mülkiyyət şəhadətnamələrini də görüb.

Həmçinin məlum olub ki, generalın pələnglərin, ayıların və dəvəquşuların bəslənildiyi zooparkı var. Bu heyvanları da əsgərlər üçün nəzərdə tutulan paylarla yemləyirmişlər.

Ermənistanın baş naziri Nikol Paşinyan Manvel Qriqoryanın işini Ermənistanın bütün müstəqillik dövrü tarixinin ən nəhəng korrupsiya ifşası adlandırıb.

Milli Təhlükəsizlik Xidmətinin videosu sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın müzakirə edilib. İnsanlar öyrəndikləri şeylərdən şoka düşüb və onun cəzalandırılmasını tələb ediblər.

Niyə Qriqoryanı buraxdılar?

Manvel Qriqoryan haqda qətimkan tədbirinin dəyişdirilməsi üçün səbəb onun sağlamlıq durumu olub. Vəkil son həftələrdə dəfələrlə bildirib ki, onun müvəkkili ölüm ayağındadır. Manvel Qriqoryan onkoloji xəstəlikdən əziyyət çəkir.

Müdafiə tərəfi güman edir ki, Qriqoryanın həbsdə saxlanmasının heç bir mənası yoxdur, çünki sonuncu istintaqın obyektiv gedişatına mane olmaq və ölkəni tərk etmək niyyətində deyil.

Ermənistanda nəhəng korrupsiya ifşası – tanınmış deputatın əsgər paylarını oğurladığı ehtimal olunur

Ermənistanda korrupsiya ilə mübarizə: JAMnews yeni hökumətin ilk addımları haqda silsiləsindən

İnsanlar niyə küçəyə çıxıb?

Məhkəmə qərarının səhəri eçmiadzinli etirazçılar Yerevan-Eçmiadzin və Yerevan-Armavir yollarını kəsiblər. Onlar ədliyyə naziri və baş prokurorla görüş tələb ediblər. Etirazçı kütlə məhkəmə qərarının nəyə əsaslandığının izah olunmasını istəyiblər.

Daha sonra etiraz aksiyaları paytaxtda davam edib. Nəticədə etirazçılar Ermənistanın baş prokuroru Artur Davtyanla görüşə nail olublar. O bildirib ki, baş prokurorluq artıq birinci instansiya məhkəməsinin qərarından şikayət vermək haqda qərar qəbul edib:

“Biz hesab edirik ki, onun xəstəlikləri həbsdə qalması üçün maneə deyil. Müttəhimin düçür olduğu xəstəliklərin həbsdə saxlanmasına uyğun olub-olmamasını ortaya çıxarmaq üçün ekspertiza təyin edilib, rəy hələ hazır deyil”.

Baş prokuror onu da qeyd edib ki, onlar Manvel Qriqoryanın azadlıqda ikən istintaqa təzyiq göstərməyəcəyinə əmin deyillər:

“Manvel Qriqoryanın qanunla tələb olunan tərzdə davranmayacağını ehtimal etməyimiz üçün bizim əsaslarımız var. Və biz bu ehtimallarımızı əsaslandırırıq”.

Sosial şəbəkələrdə reaksiya

Ümumilikdə istifadəçilər məhkəmənin Manvel Qriqoryanın azadlığa buraxılması ilə bağlı qərarına mənfi reaksiya göstərib. Facebook sosial şəbəkəsindən bir neçə tipik şərhi təqdim edirik:

“Vəssalam, yeni hökumət. Artıq inam yoxdur, hamı pul dalınca qaçır”.

“Əgər sonradan buraxacaqdızsa, həbsini bütün dünyaya tirajlamağın nə mənası vardı?”


More on JAMnews