Əks halda kəndlilərin xərcləri artacaq, kənd təsərrüfatı məhsullarının şəhərə çatdırılması baha başa gələcək, bu da qiymətlərə təsir edəcək" />

Ermənistanda kənd sakinlərinin bahalaşmış dizel yanacağı xərcləri subsidiya ilə ödənəcək

Əks halda kəndlilərin xərcləri artacaq, kənd təsərrüfatı məhsullarının şəhərə çatdırılması baha başa gələcək, bu da qiymətlərə təsir edəcək

Bu il Ermənistanın kənd sakinlərinin bahalaşmış dizel yanacağının xərci subsidiya ilə ödənəcək, kənd təsərrüfatı naziri İqnati Arakelyan belə deyib. Nazirin sözlərinə görə, bu, Ermənistan prezidentinin tapşırığıdır.
Dövlət kənd sakinlərinin dizel yanacağına çəkdiyi xərcin bir hissəsini öz üzərinə götürəcək, baxmayaraq ki, subsidiyalar planlaşdırılmamışdı. Kənd sakinlərini dəstəkləmək haqda qərar dizel yanacağının bahalaşması amili nəzərə alınaraq qəbul olunub. Qiymət artımı hansı səviyyədə yumşaldılacaq, subsidiyaların məbləği nə qədər olacaq, bunları nazir dəqiqləşdirməyib. Bu haqda daha sonra məlumat veriləcək.

Dizel yanacağına aksiz vergisi 30 min dramdan (72 dollar) 13 min drama (27 dollar) ensə də, 2018-ci il yanvarın 1-dən vergi dəyişikliyinə əsasən dizel yanacağı ƏDV nizamlaması sahəsinə daxil olub və nəticədə qiyməti 15 faiz bahalaşıb. 

Kənd təsərrüfatı texnikası dizel yanacağı ilə işlədiyi üçün qiymət artımı ilk növbədə kənd sakinlərinə təsir edəcək. Həmçinin yükdaşıma ilə məşğul olanlar da ziyan çəkəcək. Dizel yanacağı istehlakçıları qeyd edirlər ki, bahalaşma ərzaqların və yükdaşımanın qiymətlərinə təsir etməyə bilməz.
“Kənd sakinlərinin 1 hektar sahə üçün xərcləri bugünkü qiymətlərlə 20-40 min dram (40-80 dollar) bahalaşıb, bizim fermerlər azot gübrəsinin kisəsinə 6-7 min dram (12-14 dollar), Rusiya gübrəsinin kisəsinə isə 3 mim dram (6 dollar) ödəyirlər”, – Aqrar kənd təsərrüfatı birliyinin sədri Qraç Berberyan deyib.
Fermerlər xəbərdarlıq edirlər ki, əgər dizelin bahalaşması neytrallaşdırılmasa, onların xərcləri artacaq. Ərzaqların şəhərə çatdırılması baha başa gələcək, bunun da nəticəsində kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq.
Dövlət Gəlirləri Komitəsinin sədri Vaxtanq Mirumyan bildirib ki, dizel yanacağının bahalaşmış hissəsinə tətbiq olunan vergi normal haldır. Onun sözlərinə görə, Ermənistan dünyanın yeganə ölkəsidir ki, dizel yanacağına ƏDV tətbiq edilmirdi.
İqtisadçılar isə hesab edirlər ki, bahalaşma əsaslı deyil.
“Hökumət qiymət artımının qarşısını almaq üçün hansı müsbət addımları atdığı haqda məlumat verməlidir, amma bunu etmir. Əslində qiymət artımının təsiri o qədər də böyük deyil, sadəcə tendensiyalar düzgün təqdim olunmayıb. Dövlətin nizamlama və nəzarət üzrə funksiyalarını dəqiq yerinə yetirməsi vacibdir”, – iqtisadçı Tatul Manaseryan bildirib.

More on JAMnews