"Vətəndaşlarımız nə dövlət, nə də özəl sektorda müdafiə olunmayıb", - hüquq müdafiəçiləri belə hesab edir" />

Ermənistanda işverənlər işçilərin əmək hüquqlarını tez-tez pozur

"Vətəndaşlarımız nə dövlət, nə də özəl sektorda müdafiə olunmayıb", - hüquq müdafiəçiləri belə hesab edir

Ermənistan vətəndaşlarının əmək hüquqları işverənlər tərəfindən tez-tez pozulur. Ermənistanın insan haqları müdafiəçisinin illik hesabatında belə dəyərləndirmə yer alıb.

Ötən il ərzində işverənlər ən çox bu hüquq pozuntularına yol veriblər: əməkdaşları heç bir səbəbsiz işdən azad ediblər; qanunla nəzərdə tutulmuş zaman çərçivəsində əmək müqaviləsinin pozulması haqda xəbərdarlıq etməyiblər; sınaq müddətində əməkhaqqılarını ödəməyiblər; son ödəməni etməyiblər.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, bu, hüquq pozuntularının tam siyahısı deyil.

Ermənistanın Helsinki Komitəsinin araşdırmasına əsasən, xidmət sahəsində çalışan əməkdaşların hüquqlarının pozulması halları xüsusən narahatlıq doğurur. Söhbət super-market, kafe, restoran, klub, taksi xidmətlərindən gedir.

Helsinki Komitəsinin yerli bürosunun sədri Avetik İşxanyanın sözlərinə görə, insanlar əmək müqaviləsi olmadan işləyir və sutkalıq əməkhaqqı alırlar, hətta müqavilə bağlandıqda belə sadəcə formal xarakter daşıyır.

Onun bildirdiyinə görə, komitə hələ dövlət sektorunda bu cür araşdırma aparmayıb, amma dəqiq məlumdur ki, burada da işçilərin əmək hüquqları pozulur, məktəb müəllimlərinə qarşı münasibət xüsusi narahatlıq doğurur. Müəllimlərlə əmək müqaviləsi bir illik bağlanır. Əgər direktor hər hansı müəllimlə işləmək istəmirsə, sadəcə onunla müqaviləni uzatmır.

“Bizim vətəndaşlarımız nə dövlət, nə də özəl sektorda müdafiə olunmayıb. Onlar hər gün öz iş yerlərinə görə narahatlıq keçirir“, – Ermənistan Helsinki Komitəsinin sədri belə hesab edir.

Ombudsmenin hesabatına əsasən, pozuntular hətta bilavasitə Əmək və Sosial Məsələlər Nazirliyinin tabeliyi altında fəaliyyət göstərən qurumlarda da aşkarlanıb. Məsələn, ombudsmenə daxil olan şikayətlər əsasında məlum olub ki, bu cür qurumlarda işdən çıxarılan zaman əməkdaşın son əməkhaqqısı doğru hesablanmayıb.

JAMnews-un Ermənistanda ən çox yayılmış beş əmək hüququ pozuntusu haqda daha əvvəl dərc olunmuş məqaləsini buradan oxumaq mümkündür.

Facebook Comments

More on JAMnews