Dövlət gəlirləri komitəsi iddia edir ki, “Spayka” 15 milyon dollar həcmində vergini ödəməyib, onun əməkdaşları rəhbərlərini dəstəkləmək üçün etiraz aksiyası keçirirlər" />

Ermənistanda iri yükdaşıma şirkətinin rəhbəri həbs olunub

Dövlət gəlirləri komitəsi iddia edir ki, “Spayka” 15 milyon dollar həcmində vergini ödəməyib, onun əməkdaşları rəhbərlərini dəstəkləmək üçün etiraz aksiyası keçirirlər

Yük daşımaları bazarında lider olan “Spayka” şirkəti 7 milyard 35 milyon dram (15 milyon dollar) həcmində vergilərin ödənilməməsində ittiham edilir. Onun rəhbəri David Kazaryan ittihamları qəbul etmir. Lakin məhkəmə artıq onun həbsi barədə qərar çıxarıb.

Ermənistanın iri super-market şəbəkəsi illərlə vergidən yayınıb

Ermənistan hökuməti korrupsiya ilə mübarizə nəticəsində 42 milyon dolları dövlət büdcəsinə qaytarıb

Şirkət konkret olaraq nədə ittiham olunur

Ermənistan Dövlət Gəlirləri Komitəsi yoxlama nəticəsində müəyyən edib ki, “Spayka” 2015-2016-cı illərdə Ermənistana müxtəlif növ mallar gətirib, bununla birlikdə onları ƏDV və gömrük rüsumlarından azad edilmiş adlarla qeydiyyatdan keçirib. Nəticədə, şirkət dövlət büdcəsinə 7 milyard dramdan çox vəsaiti ödəməyib. Dövlət gəlirləri komitəsinin məlumatına görə, bütün bu daşımalar “Qrinprodukt” şirkətinin adına qeydiyyatdan keçirilib, əslində isə həmin şirkət “Spayka”nın rəhbərliyi tərəfindən idarə edilib.

Ötən il həmin “xüsusilə iri məbləğdə vergilərin ödənilməməsi” maddəsi üzrə “Spayka”ya qarşı cinayət işinə başlanmışdı. O zaman şirkət dövlət büdcəsinə təxminən 2 milyard dram (4 milyon dollardan çox) qaytarmışdı. Şirkətin rəhbəri bunu belə izah etmişdi ki, onlar ittihamla razı deyildilər, lakin yenidən hesablamanı tələb etmədən məbləği ödəyiblər ki, fəaliyyətləri iflic vəziyyətinə düşməsin. İndi isə, David Kazaryanın fikrincə, Dövlət gəlirləri komitəsi cəhdini təkrarlamaq və şirkəti daha böyük məbləği ödəməyə məcbur etmək istəyir.

Şirkətdə indi necə reaksiya verdilər

Dövlət gəlirləri komitəsinin vergilərin ödənilməməsi barədə məlumatından sonra “Spayka” şirkətinin qurucusu və rəhbəri David Kazaryan təcili olaraq mətbuat konfransı çağırıb və bildirib ki, irəli sürülmüş ittihamı qəbul etmir. O deyib ki, “Qrinprodukt” şirkətinə heç bir aidiyyatı yoxdur və bu cinayət işi “Spayka”ya qarşı qəsddir.

“Dövlət gəlirləri komitəsi “Qrinprodukt” şirkətində yoxlamalar aparıb və bizi onunla əlaqələndirməyi qərara alıb. Onlar iddia edirlər ki, biz… onun real sahibləriyik. Bu yalandır”.

“Spayka”nın rəhbəri onu da deyib ki, şirkət cinayət işi üzündən Avrasiya İnkişaf Bankının 100 milyon dollar həcmində investisiyalarından məhrum olur. Kazaryanın sözlərinə görə, bu məbləğə onlar əlavə olaraq bir neçə yüz iş yeri yaratmağı planlaşdırırdılar.

“Dünən gecə mənə Avrasiya İnkişaf Bankından zəng etmişdilər. Mənə bildirdilər ki, müvəqqəti olaraq maliyyələşdirməni dayandırırlar, çünki bizə qarşı cinayət işinə başlanıb”.

David Kazaryan həmçinin bəyan edib ki, onun həbs olunacağı təqdirdə şirkət fəaliyyətini davam etdirəcək, lakin fermerlərdən ərik alışını dayandıracaq. Media yazır ki, “Spayka” praktiki olaraq Ermənistan əriklərinin ixracatı bazarını inhisarlaşdırıb. Alış mövsümü yaxınlaşır və yükdaşıma şirətinin rəhbərinin bəyanatı erməni fermerlərinin ciddi narahatlığına səbəb olub.

Mətbuat konfransından sonra məhkəmə Dövlət gəlirləri komitəsinin David Kazaryanın həbsi ilə bağlı vəsatətinə baxıb və onun təmin edilməsi barədə qəar çıxarıb.

“Spayka”nın əməkdaşlarının reaksiyası

Dövlət gəlirləri komitəsinin vergilərin ödənilməməsi barədə və şirkətin rəhbərinin həbsi ilə vəsatəti haqqında məlumatından dərhal sonra onun yüzlərlə əməkdaşı bildiriblər ki, iş yerlərini itirmək istəmirlər və rəhbərlərini müdafiə edirlər.

David Kazaryanın həbsi haqqında qərarın çıxarıldığı məhkəmənin binasının qarşısında izdihamlı etiraz aksiyası keçirilib. Onun iştirakçıları yolu bağlayaraq, məsələnin başqa cür həll edilməsini tələb ediblər.

Məhkəmə şirkətin rəhbərinin həbsi barədə qərar qəbul etdikdən sonra “Spayka”nın işçiləri hökumət binasına tərəf hərəkət ediblər. Onlar baş nazir Nikol Paşinyanla görüş tələbi irəli sürüblər.

Şirkətin özü haqqında

Hal-hazırda “Spayka” yük daşımaları üzrə ən iri şirkətdir. Uzun illərdir ki, o, bu sahədə lider mövqeyini qoruyub saxlayır.

Şirkət həmçinin istixana məhsullarının və pendirin istehsalını həyata keçirir.

Ermənistan mediası dəfələrlə yazıb ki, “Spayka” ölkənin ikinci prezidenti Robert Koçaryanın ailəsinə məxsusdur. Belə bir informasiya da yayılmışdı ki, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın da şirkətdə payı var.

Şirkətin rəhbəri mətbuat konfransında bu şayiələri rədd edib.

Facebook Comments

More on JAMnews