Yanmış evin sakinləri yaşayış yeri ilə təmin olunmalarını tələb edirlər " />

Ermənistan: Armavirdə 26 gündür çadırlarda yaşayan insanlar haqda foto-hekayə

Yanmış evin sakinləri yaşayış yeri ilə təmin olunmalarını tələb edirlər

Armavir şəhərində yanmış evin sakinləri olan 11 ailə 26 gündür mənzilsiz qalıb.

Yanmış binanın 23 sakini hələlik iki çadırda yerləşdirilib, elementar məişət şəraitindən məhrum vəziyyətdədir.

Oktyabrın 22-də, təxminən 22:00-da Silikyan küçəsi, 9 ünvanında yerləşən ev məlum olmayan səbəblərdən yanıb. Bina yanğından tamamilə yararsız vəziyyətə düşüb, xoşbəxtlikdən xəsarət alan yoxdur.

İkimərtəbəli evin ümumi sahəsi 400 kvadratmetrdir. Yanğın zamanı partlayış da baş verib və bina çöküb. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının ilkin versiyasına görə, partlayışın səbəbi mənzillərdə quraşdırılmış qaz balonlarıdır.

Yanmış bina sakinlərinin əksəriyyəti ilk iki günü küçədə çadırsız gecələyib.

Yanğından sonrakı gün Armavir meriyası Ağsaqqallar Şurasının qərarı ilə yanğından ziyan çəkən 11 ailənin hər üzvünə 60 min dram (təxminən 125 dollar) vəsait ayırıb. Qırmızı Xaç Cəmiyyəti onları paltar və ərzaqla təmin edib.

Hökumət ziyan çəkən ailələr üçün müvəqqəti yaşayış yeri kirayələmək qərarına gəlib.

Amma onlar hökumətin təklifi ilə razılaşmır və daimi yaşayış yeri ilə təmin olunmalarını tələb edirlər.

Problemlə Armavir vilayət administrasiyası məşğul olur. Vilayət administrasiyasının aparat rəhbəri Parandzem Karapetyann sözlərinə görə, ilkin razılaşmaya əsasən 10 ailə hələlik dörd ay müddətinə müvəqqəti mənzillərdə yerləşdiriləcək. Bir ailəyə meriya müvəqqəti ev quraşdırılması üçün torpaq sahəsi ayıracaq.

Kirayələnmiş 10 mənzilin sahibi ilə üçtərəfli müqavilələr bağlanacaq. Armavir meriyası bu müqavilələrdə mənzillərin kirayə verildiyi məbləğin ödəniləcəyinə dair zamin qismində çıxış edir.

Yanmış binanın mənzilləri ziyan çəkmiş 11 ailənin şəxsi mülkiyyəti olmayıb. Onlar 25 ildir bu evdə yaşayıb və bu ünvanda qeydiyyatda olublar, amma binanın fərdi sahibkarı var.

Armavir meri Ruben Xlqatyan ziyan çəkmiş ailələrin mülkiyyət  hüququ ilə mənzil təminatı məsələsini hansı yolla həll edəcəyi haqda suala cavab verməyə çətinlik çəkir. Bildirir ki, hökumət məsələyə müdaxilə etməlidir, çünki şəhər büdcəsi bu problemi çözəcək durumda deyil.

Yanğının səbəbləri hələ də müəyyən edilməyib, istintaq gedir.


More on JAMnews