“Cənubi Osetiya və Abxaziya ərazisindən Rusiyaya yük daşınması mümkün olsa, Ermənistan qazanmış olacaq” " />

Ermənistan və Gürcüstan prezidentlərinin görüşündə dəqiq hansı məsələlər gündəmdə olub?

“Cənubi Osetiya və Abxaziya ərazisindən Rusiyaya yük daşınması mümkün olsa, Ermənistan qazanmış olacaq”

Ermənistan və Gürcüstan prezidentləri görüş zamanı Cənubi Osetiya və Abxaziya ərazisindən Rusiyaya yük daşınması imkanları ilə bağlı məsələdən yan ötməyiblər. Ermənistan prezidenti Serj Sarqsyan yanvarın 25-də Gürcüstana rəsmi səfər edib. Ermənistan ekspertləri əmindirlər ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşün gündəminə bir sıra başqa məsələlərlə yanaşı bu məsələ də daxil olub, baxmayaraq ki, bu haqda rəsmi açıqlama verilməyib.

Son bir neçə gündə Ermənistan KİV-i Gürcüstanın İsveçrənin SGS monitorinq şirkəti ilə bağladığı müqavilə və Cənubi Osetiya ərazisindən Rusiyaya yük daşınması imkanlarının mümkünlüyü haqda yazır. Müqavilədə qeyd olunur ki, yük daşınması yalnız Rusiya-Gürcüstan sərhədində, Kazbeqi-Yuxarı Lars yolunda fors-major olduğu zaman mümkün olacaq.

Ermənistan mediası Gürcüstan baş naziri Kvirikaşvilinin sözlərindən də sitat gətirib:

“Türkiyə, Ermənistan və ölkəmizin tranzit potensialından istifadə edən digər ölkələr fors-major hallarında bu dəhlizdən yararlana bilər. Amma yenə də təkrar edirəm, bu, sadəcə birtərəfli imzalamadır. Biz danışıqları davam etdiririk, çünki Rusiyanın irəli sürdüyü şərtlər bizim üçün qəbuledilməzdir”.

Müqavilənin qüvvəyə minməsi üçün Rusiya da bu müqaviləni İsveçrənin SGS monitorinq şirkəti ilə imzalamalıdır. Erməni ekspertlərin sözlərinə görə, əgər bütün tərəflər razılığa gəlsə, Ermənistan-Rusiya dəmiryolu xəttinin Abxaziyadan keçən hissəsinin bərpa edilməsi imkanı da yaranacaq.

Ermənistanın xarici ticarətinin 80 faizə yaxını Gürcüstan ərazisi ilə həyata keçirilir. Ermənistandan Rusiyaya yeganə quru yolu pis hava şərtlərində tez-tez bağlanan Yuxarı Lars buraxılış məntəqəsindən keçir. Ermənistan məhsulları ilə yüklənmiş yük maşınları günlərlə bu məntəqədə qalır və buna görə də çox vaxt apardıqları məhsul xarab olur.

“Larsın alternativinin axtarılması məsələsi Ermənistan üçün perspektivli həll yolu əldə edir. Əgər Cənubi Osetiya və Abxaziya vasitəsilə ixrac mümkün olsa, Ermənistan real qazanc əldə edə bilər, çünki məlum olduğu kimi Larsda növbələr yaranır, sahibkarlar şikayətlənirlər ki, günlərlə buraxılış məntəqəsində qalmalı olurlar və ən yaxşı halda mal Rusiyaya gecikmə ilə çatır. Gürcüstan hakimiyyəti bəyan edib ki, Ermənistan bu yoldan istifadə edə bilər. Hansı həcmdə və hansı formatda – bunlar müzakirə ediləcək və razılaşdırılacaq. Əgər belə bəyanat verilibsə, şifahi olsa belə, deməli, bütün tərəflər buna öz razılığını verib”, – Gürcüstan üzrə ekspert Alik Eroyants bildirib.

İqtisadçıların sözlərinə görə, Rusiyaya gedən alternativ yol hazırkı yoldan 80 km uzundur, amma daha təhlükəsizdir, çünki daha mülayim iqlim zonasında yerləşir. Onlar həmçinin xatırladırlar ki, 2016-cı ilin qışında Lars yenə də 10 gün müddətinə bağlananda Ermənistanın iqtisadi zəifliyi aydın oldu. Bu səbəbdən mallar bahallaşdı, yenə də xırda və orta biznes ziyan çəkdi.

Yeri gəlmişkən, Ermənistanın siyasi çevrələrində hesab edirlər ki, Ermənistan prezidenti Serj Sarqsyanın Gürcüstana səfərindən dərhal sonra Rusiyaya MDB ölkələri başçılarının qeyri-rəsmi görüşünə yollanması təsadüfi deyil.


More on JAMnews