Yalnız hakimiyyətə yaxın şəxslərin hüquqları qorunur " />

Bu il Ermənistanda bütün növ insan haqları pozulub – hüquq müdafiəçilərinin qənaəti

Yalnız hakimiyyətə yaxın şəxslərin hüquqları qorunur

Ermənistanda hər gün bütün növ insan haqları pozulur. Bu fikri əsas insan haqları və azadlıqları nöqteyi-nəzərindən 2017-ci ilin yekununa dair hesabat verən hüquq müdafiəçiləri səsləndirib.

“Ermənistanda insan haqlarının müdafiəsi sahəsində yekuna baxarkən, hansı haqların pozulmadığını sadalamaq daha doğru olar. Çox güman ki, pozulmayan növ yoxdur. Əgər biz bütün resurslarımızı insan haqlarının müdafiəsinə yönəltsək, hətta bu halda biz bu işi yerinə yetirə bilməyəcəyik. İnsan haqlarının pozulmasının nəticələri ilə mübarizə aparmaqdansa, insan haqlarını pozmamaq daha asan olardı”, – Milli Məclisin “Yelk” fraksiyasından deputatı, hüquq müdafiəçisi Artak Zakaryan deyir.

Onun sözlərinə görə, ədalətli mühakimə zəmanəti yoxdursa, insan haqlarının müdafiəsi mümkün deyil.

“Əgər insan məhkəmədən haqlarının qorunmasına ehtiyac duyursa, bu o deməkdir ki, Ermənistanda ədalətli mühakimə haqqı pozulub, çünki Ermənistanda bu haqqın effektiv müdafiə mexanizmi yaradılmayıb. Biz nə etsək də, bu haqq pozulub. Hakimlər azdır, onlar bütün işlərə çatdırıb baxa bilmirlər, bu da böyük problemdir”, – Artak Zakaryan deyir.

Ermənistanda ötən il seçki ili idi: Milli Məclisə seçkilər baş tutdu. Deputatın fikrincə, azad seçki keçirməyin əsas şərti – azad iradə ifadəsi haqqı pozulub.

Ermənistanın Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan qeyd edib ki, Ermənistanda insan haqlarının vəziyyəti ümumilikdə dəyişməyib və dəyişməyəcək:

“İnsan haqlarının müdafiəsi  demokratiyanın səviyyəsindən, qanunun aliliyindən asılıdır. Dövlətdə insan haqlarına hörmət edilməsi, pozulmaması üçün əvvəlcə vətəndaşlar hakimiyyəti seçməlidir, daha sonra isə müstəqil məhkəmə sistemi olmalıdır. Bu əlifbadır. Halbuki Ermənistanda seçki olmur, bu il də keçirilən seçki deyildi, səsvermə idi. Məhkəmələr müstəqil deyil, prezident hər gün fərman imzalayıb, bir hakimi çıxarıb, digərini təyin edir. Bununla da hər şey deyilib”.

Hüquq müdafiəçisi hesab edir ki, bu il dinc mitinqlər və ya etiraz aksiyaları zamanı insanların haqları pozulmayıb, çünki mitinq və etiraz aksiyası olmayıb.

Ekspertlər vurğulayırlar ki, insan haqlarını pozmaqda günahkar olanlar cəzasız qalır.

Hüquq müdafiəçisi Artur Sakunts ölkədə ədalət mühakiməsinin ayrı-ayrı şəxslər üçün keçərli olmasından narahatdır: hakimiyyətə yaxın olanlara qarşı qanunlar tətbiq edilmir, eyni zamanda hakimiyyətə yaxın olmayanlar, məsələn, müxalifətçilər sərt cəzalandırılır.


More on JAMnews