“İndi sakinləri işlə təmin etmək və kənddə saxlamaq üçün mümkün olan hər şeyi etmək lazımdır”" />

Ermənistan: Sərhədyanı kəndin həyatı

“İndi sakinləri işlə təmin etmək və kənddə saxlamaq üçün mümkün olan hər şeyi etmək lazımdır”

Qış günəşinin zəif şüaları altında qızınan yaşlı nəsil ordan-burdan, dünyadakı işlərdən və ölkədən söhbət edir.  

“Dörd oğlum var, üçü Rusiyadadır, biri kənddə. Dolanırıq yavaş-yavaş. Baş nazir dəyişdi, indi görək işlərimiz necə olacaq. Heç olmasa onlar ölkə üçün nəsə etsinlər, biz də yaxşı yaşayaq, yoxsa hər şey daha pis oldu, – Lusadzor kənd sakini, səkkiz nəvəsi olan 70 yaşlı Razmik Ayvazyan deyir.  

Kənddə sakitlikdir, bir neçə uşaq məktəbdən evə qayıdır. Qadınlar xurma yığır. Bu meyvə təkcə Lusadzorun simvolu deyil, həm də kənd sakinlərinin əsas dolanışıq mənbəyidir.

Kənd məktəbinin kitabxanaçısı Lilit Papyan deyir ki, həyətyanı sahədən ailə 500 kiloya qədər məhsul əldə edir, onu da əsasən Qeqarkuni rayonunun kəndlərində kartofa, kələmə və pendirə dəyişdirirlər: “Xurmanın qiyməti 200-250 dram, kartof isə 100 dramdır. Biz birin üçə nisbəti ilə dəyişirik. Qışa tədarük məsələsini heç olmasa bu cür həll edirik. Həm də alverçilər meyvəni aşağı qiymətə almaq üçün kəndə gəlir.

Yerevandan 143 kilometr, Ermənistan-Azərbaycan sərhədindən isə 17 kilometr aralıda yerləşən Lusadzorda 600 adam yaşayır. Son illərdə çoxları köçüb, demoqrafik mənzərə dəyişib, kənd məktəbində bu daha aydın görünür.

21 il məktəb direktoru işləmiş Armen Sardaryan deyir ki, yaxşı vaxtlarda 120 şagirdi olub, indi isə cəmi 32 nəfərdir: “Əvvəllər ildə iki uşaq gedirdi, indi say onlarla azalır. Birinci sinifdə cəmi iki şagirdimiz var. Dərslər komplektləşdirilmiş siniflərdə aparılır, çünki uşaqlar həddən artıq azdır.

Lusadzor kənd rəhbəri Vardan Sardaryan deyir ki, son bir neçə il ərzində kənddə təsərrüfatların sayı 20-ə qədər azalıb. Yaz başlayanda isə qazanc dalınca kənddən 40 kişi çıxır.

“İndi biz gəncləri saxlamaq üçün müxtəlif proqramlar həyata keçiririk, iş yerləri açırıq. Yoxsa iflasa uğrayacağıq, bizə davam lazımdır, – kənd rəhbəri deyir və qürurla əlavə edir ki, burada artıq iki ildir ki, pendir və yağın istehsalı ilə məşğul olan “Eko Tavuş süd zavodu fəaliyyət göstərir.

2012-ci ildə Fransanın O-de-Sen əyaləti və Fransadakı Ümumerməni Fondunun sərmayəsi sayəsində “İmnaTavuş kənd təsərrüfatının inkişafı proqramı yaradıldı ki, sonra da onun bazasında “Eko Tavuş açıldı. Burada fransız texnologiyaları əsasında 10 növ erməni pendiri istehsal olunur. Proqram çərçivəsində Lusadzorda heyvandarlıq ferması açılıb, daha yeddi kiçik ferma Tavuşun başqa yeddi sərhədyanı kəndində fəaliyyət göstərir – hamısı da kooperativ prinsipi ilə işləyir.   

“Əsas məqsədimiz sərhədyanı kəndlərdə kənd təsərrüfatının inkişafı və iş yerlərinin açılmasıdır ki, rayon sakinləri öz kəndlərində qalsın, – “Eko Tavuşun direktoru Asmik Qevorkyan danışır.

Fermada bu gün 98 baş, kooperativlərdən hər birində isə daha 20 baş inək var. Xüsusi cersey cinsindən olan bu inəklərin südü yüksək yağlılığı ilə seçilir, Ermənistana Danimarkadan gətirilib. Avstriyadan isə digər cinslərdən iki dəfə artıq ət verən simmental cins inəkləri gətirilib. Heyvanlara xüsusi qulluq göstərilir, süd sağılan yerlərdə isə onlar üçün həmişə klassik musiqi səsləndirilir.  

“İmnaTavuş kooperativlərinin əlaqələndiricisi, baytar həkim Amayak Nazaryan hesab edir ki, bi cür kooperativlərin sayının artması regionda iqtisadi vəziyyəti dəyişəcək: “Eko Tavuşda bu gün rayonun beş kəndindən 16 işçi çalışır. Yeddi kooperativdən hər birində 5-6 ailə iştirak edir. Məncə, bu, heç də pis nəticə deyil. Minimal maaş 150 min dram ($315), maksimal 300 min dram ($630) təşkil edir. Yeri gəlmişkən, göyərti – şüyüd, kəklikotu, tərxunun əlavə olunduğu pendirlər artıq yerli bazara çıxarılıb.

Ferma hər gün Lusadzor kəndindəki uşaq bağçasını südlə təmin edir. Tezliklə süd qonşu Haştarak kəndinin uşaq bağçasına da göndəriləcək.

“Məhsulumuzun bir hissəsini əhalinin müəyyən təbəqələrinə təqdim etmək şirkətimizin sosial məsuliyyət siyasətinə daxildir. Vaxtaşırı biz uşaq evlərinə, sərhəddə yerləşən hərbi hissələrə də pendir göndəririk, – Asmik Qevorkyan deyir.

Kənd rəhbəri bildirir ki, bu il kənddə 20 hektar ərazidə tütün istehsalı da təşkil olunub: “Kənddən altı ailə bu işlərdə iştirak edib. Sovet illərində burada həmişə tütün becərilib – bunun üçün əlverişli iqlim var.

O danışır ki, sovet illərində Lusadzor sakinlərindən az adam əkinçiliklə məşğul olub, adamlar kənddən 7 kilometr aralıda yerləşən İcevan xalçaçılıq zavodunda və başqa müəssisələrdə çalışıblar: “İndi sakinləri işlə təmin etmək, onları kənddə saxlamaq və sərmayədarları regionumuza cəlb etmək üçün mümkün olan hər şeyi etmək lazımdır.

Lusadzorun mərkəzində BMT-nin inkişaf proqramı çərçivəsində yaradılan meyvə qurutma müəssisəsi fəaliyyət göstərir. Burada kənd sakinləri gavalı və xurma qurudurlar.

“Meyvə qurutma müəssisəsi artıq 8 ildir ki, fəaliyyət göstərir. Burada iki gün ərzində 400 kiloqrama yaxın meyvə qurutmaq olar. Kənd sakinləri ancaq elektrik enerjisinə görə pul ödəyir, bu onlar üçün çox sərfəlidir. Xüsusi vakuum cihazı vasitəsilə quru meyvələr qablaşdırılır və satışa göndərilir. Lusadzor satışa 1,5 ton quru gavalı və bir o qədər də xurma çıxarır. Amma bu, ixracın təşkili üçün azdır, gəlir az olacaq, – Lusadzor kənd rəhbəri deyir.

Yerli məktəbdə artıq 32 ildir ki, erməni dili və ədəbiyyatı fənnindən dərs deyən Sonik Zeynalyan müharibə illərində atəş səsləri altında uşaqlarla dolu sinifdə necə dərs keçdiyini xatırlayır: “İnsanlar sosial vəziyyət pisləşəndən sonra köçməyə başladı. Bu gün dərs vaxtı altı şagirdlə söhbət etdim, kimin hara getmək istədiyini soruşdum. Ancaq biri şəhərdə yaşamaq istədiyini bildirdi, beşi başqa cür cavab verdi:  “Öz kəndimizi istəyirik, amma həyat şəraiti bu cür olmasın. Axı onlar valideynlərinin necə çətinliklərlə üzləşdiyini görür və başa düşürlər.

Dərc olunub:  11.12.2016


More on JAMnews