Ermənistan Qarabağı tanıyacaqmı

Tanıma geniş miqyaslı müharibə zamanı artıq itirəcək bir şey qalmayan vaxt baş verə bilər

Foto: tert.am

Politoloq, Qafqaz İnstitutunun direktoru

Aleksandr İskandaryanla müsahibə

“Artsax Respublikasının müstəqilliyinin tanınması haqda qanun layihəsi artıq danışıqlar prosesinə heç bir ümid qalmayan vaxt qəbul oluna bilər.

ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar formatının özü nəzərdə tutur ki, Dağlıq Qarabağın statusunun qəti şəkildə müəyyən edilməsi danışıqlar prosesində ilk yox, yekun nöqtə olmalıdır.

Danışıqlar getdiyi müddətdə Ermənistan tərəfindən Qarabağın tanınmaması özünəməxsus güzəşt sayılır ki, bu da danışıqların mümkünlüyündən xəbər verir. Ermənistan bu gün Qarabağı tanısa, artıq heç nə barədə danışmaq lazım olmayacaq. Danışıqlar ya dondurulacaq, ya da tamamilə dayandırılacaq ki, bu da müharibə deməkdir.

İndiki mərhələdə Ermənistan tərəfindən Qarabağın tanınması Ermənistanın özünün də tərəfdarı olduğu hər hansı siyasi prosesin davam edilməsi imkanını aradan götürəcək. Tanıma geniş miqyaslı müharibə zamanı artıq itirəcək bir şey qalmayan vaxt baş verə bilər.

Foto: Hetq.am

ATƏT-in Minsk qrupu atəşkəsdən yaşlıdır, çünki o 1992-ci ildən işləyir, atəşkəs haqqında müqavilə isə 1994-cü ildə imzalanıb. Nəzəri cəhətdən onun Ermənistan DQR-i tanıyandan sonra işləyə biləcəyini də güman etmək olar. Amma siyasi cəhətdən bunu təsəvvür etmək çətindir.

Ermənistan hərbi deyil, məhz siyasi prosesin davam etdirilməsini istəyir, buna görə də Qarabağın müstəqilliyinin tanınması haqda qanun layihəsinin parlamentdə qəbuluna, sonra da ölkə prezidenti tərəfindən imzalanmasına inanmaq çətindir.

Foto: Openblog.am

Qarabağın müstəqilliyinin tanınması məqsəd deyil və bu qərarı Ermənistanın özü tanımadan belə, başqa ölkələr də qəbul edə bilər. Bu cür tanınmalarla alver edən dövlətlər var və bu o qədər də baha deyil.

Bizim regiondan uzaq, böyük erməni diasporası olan ölkələr var, onlarla işləmək, DQR-in tanınmasına nail olmaq olar, amma real olaraq bu, heç nəyi dəyişməyəcək. Buna misal olaraq, Türkiyə tərəfindən tanınan Şimali Kipri göstərmək olar.
Bu zaman müəyyən hüquqi mənada Qarabağ tanınmayandan qismən tanınan dövlətə çevriləcək, amma yenə də heç bir ciddi dəyişiklik baş verməyəcək.

Nəyinsə real olaraq dəyişməsi üçün Qarabağı Ermənistan deyil, Azərbaycan tanımalıdır, Azərbaycan isə tanımayacaq və bu hamıya aydındır. “Heç vaxt tanımayacaq məsələsində təkid etməzdim.

Kosovo başqa məsələdir. Yəni Azərbaycan DQR-nı tanımasa, amma Amerika, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Rusiya və s. kimi iri və güclü dövlətlər tanısa və onların sayı çox olsa, bu vəziyyəti dəyişə bilər. Amma buna nail olmaq demək olar ki, mümkün deyil, hər halda indi, çünki onların hər yerdə öz maraqları var.

Çoxları Abxaziya və Cənubi Osetiyanı misal gətirir. Amma burada onların tanınması deyil, kim tərəfindən tanınması vacibdir. Burada hərbi-siyasi metodla Abxaziya və Cənubi Osetiyanı tanıyan Rusiya böyük dövlət, nüvə ölkəsi, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdür.

Qarabağ məsələsində Rusiyanın yerində Ermənistan çıxış edir ki, o da Azərbaycanla eyni səviyyədir, yəni bu iki vəziyyət çox fərqlidir.

Foto: Photolure

Azərbaycanın Dağlıq Qarabağ üzrə legitimliyi sonuncunun Azərbaycan SSR-nın tərkibində 70 il ərzində olmasına əsaslanır. Artıq 25 ildir ki, Qarabağ Azərbaycanın tərkibində deyil. 50 il, bu 70 il keçənsən sonra, başqa siyasi reallıqda nələrin baş verəcəyini təxmin etmək olar.

Ən azı siyasi, diplomatik, psixoloji vəziyyət fərqli olacaq. Bütün dünyadakı dövlətlər bir-birindən ayrılaraq, yaranıb. Çoxları ayrılmaq uğrunda uzun müddət mübarizə aparıblar, digərləri nisbətən tez onu əldə edə biliblər. Özümə “heç vaxt adlanan hər hansı bir müddəti qoymaq imkanı verə bilmərəm.

Siyasi reallıq dəyişir. Əgər misal üçün, uzaq 1952-ci ildə kimdənsə 50 il sonra Sovet İttifaqında nələrin dəyişəcəyini soruşsaydılar və o Qarabağ haqqında danışmağa başlasaydı, onun ağlını itirdiyini düşünərdilər.

Qarabağın dünya ictimaiyyəti tərəfindən tanınması üçün o, artıq indi prinsipcə etdiyi kimi, öz dövlətçiliyini yaratmalıdır, amma bu uzun bir prosesdir. Misal üçün, Tayvan kimi iqtisadi və siyasi cəhətdən inkişaf etmiş dövlət 1949-cu ildən indiyədək 30-dan az dövlət tərəfindən tanınıb.

Dövlətlər sadəcə tanınmaqla formalaşmırlar. Öz dövlətçiliyini qurmaq keçilməli olan bir yoldur və bunun artıq sabah baş verəcəyini gözləmək olmaz.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 07.05.2016


More on JAMnews