Azərbaycanın iqtisadiyyat naziri bunu TRASECA layihəsinin həm də eks-prezidentin fəaliyyəti sayəsində mümkün olması ilə izah edib " />

Bakıda TRASEKA konfransında insident: Ermənistan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət etmək istəməyib

Azərbaycanın iqtisadiyyat naziri bunu TRASECA layihəsinin həm də eks-prezidentin fəaliyyəti sayəsində mümkün olması ilə izah edib

TRASEKA layihəsi üzrə hökumətlərarası komissiyanın Bakıda keçirilən iclasında iştirak üçün gələn Ermənistan nümayəndə heyəti tədbirin proqramının bəzi məqamlarından narazı qalıb.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyan bildirib ki, konfrans iştirakçılarının Azərbaycanın keçmiş prezidenti (hazırkı prezidentin atası) Heydər Əliyevin məzarını niyə ziyarət etməli olduğunu anlamır. Bir qayda olaraq demək olar ki, Azərbaycana gələn bütün xarici rəsmi qonaqları ora aparırlar.

“Ötən il hökumətlərarası komissiyanın Yerevanda keçirilən 13-cü iclasının iştirakçıları üçün proqramda siyasi altmənalı heç bir tematik maddə nəzərdə tutulmamışdı, hərçəd güman edirəm, bizim hansı tarixi sınaqlardan keçdiyimiz sizə məlumdur”, – Simonayan bildirib.

Bunun cavabında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunları deyib

“Azərbaycan tərəfi mədəni proqramların tərtib edilməsi zamanı istənilən sivil cəmiyyətdə qəbul olunmuş münasibətlərin tam anlaşılan aspektlərindən çıxış edir”.

Cabbarov Heydər Əliyevin məzarının ziyarət olunmasını TRASEKA layihəsinin həm də eks-prezidentin fəaliyyəti nəticəsində mümkün olması ilə əsaslandırıb.

5 dekabr

Bakıda Avropa İttifaqının regional nəqliyyat layihəsi TRASEKA üzrə beynəlxalq konfransa hazırlıq qeyri-adi kontekstlə müşayiət olunur.

Konfrans və TRASEKA hökumətlərarası komissiyasının iclası dekabrın 6-da işə başlamalıdır. Böyük ehtimalla dekabrın 4-də Ermənistan nümayəndə heyəti artıq Bakıya gəlib.

Əgər bu informasiya təsdiq olunarsa, bu, nadir hadisə olacaq, çünki iki ölkə 1990-cı illərdə Qarabağ ətrafında baş verən silahlı qarşıdurmadan sonra həll olunmamış münaqişə vəziyyətindədir.

Sonuncu dəfə Ermənistanın rəsmi şəxsləri Bakıya 2017-ci ildə gəlib. O zaman “Euronest” Parlament Assambleyasının Bakıda keçirilən konfransına Ermənstan parlamentinin xarici işlər üzrə komissiyasının o zamankı sədri Armen Aşotyan və deputat Mane Tandilyan gəlmişdi.

Ermənistanın rəsmi nümayəndə heyətinin Bakıya səfəri haqda Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində dekabrın 2-də məlumat verib. O, hətta nümayəndə heyətinin tərkibini də açıqlayıb: ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetməsi və İnfrasruktur Nazirliyinin Avtomobil Siyasəti  Departamentinin Texniki Siyasət Şöbəsinin rəisi Arman Karapetyan və Ermənistan XİN-in İnkişaf sahəsində Çoxtərəfli Siyasət və Əməkdaşlıq Departamentinin müşaviri Artyom Aznavuryan.

Amma Azərbaycandakı rəsmi mənbələr hələlik bu informasiyanı nə təsdiq, nə də təkzib edir, yerli media isə Ermənistan saytlarına istinadən məlumat yayır.

TRASEKA (Transport Corridor Europe-Caucasus-Asia) – 1993-cü ildə Avropa İttifaqı tərəfindən təklif olunan regional əməkdaşlıq proqramıdır. Onun məqsədi Qara dəniz, Qafqaz və Xəzər dənizi vasitəsilə Avropadan Orta Asiya ölkələrinə nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, bir növ Böyük İpək Yolunun bərpa olunmasıdır. 

Bakıdakı görüş TRASEKA üzrə sazişin imzalanmasının 20 illiyinə həsr olunub. Hökumətlərarası komissiyanın daimi katibliyinin dekabrın 6-a planlaşdırılmış iclasında TRASEKA proqramının, müşahidəçi ölkələrin və beynəlxalq təşkilatların  nümayəndələri iştirak edəcəklər.

Azərbaycan və Ermənistan arasındakı ikitərəfli əlaqələrin görünməmiş fəallaşması

2019-cu ilin payızında Ermənistan-Azərbaycan arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələr qəfil fəallaşıb.

17-21 noyabrda Ermənistandan olan iki və Dağlıq Qarabağdan olan bir jurnalistin Azərbaycana səfəri baş tutub, Azərbaycandan olan üç jurnalist isə Ermənistana və Dağlıq Qarabağa səfər edib.

Dekabrın 4-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Bratislavada ATƏT-in Nazirlər Konfransı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə görüşü baş tutub.

Dekabrın əvvəlində həmçinin Azərbaycanın birinci xanımı və birinci vitse-prezidenti ilə Ermənitan baş nazirinin xanımı arasında “ismarıc mübadiləsi” yaşanıb. Mehriban Əliyeva sosial şəbəkə hesabında Qarabağda muğam dinləmək arzusunu ifadə edib, Anna Hakopyan isə bunun cavabında onun bu arzunu yalnız qonaq qismində reallaşdıra biləcəyini bildirib. 

Yerevanda və Bakıda nə deyirlər?

Politoloq Hakop Badalyan, Yerevan:

“Mən istisna etmirəm ki, Bakıya getmək qərarının hansısa səmərəsi var. Amma bu heç də presedentsiz hal deyil. Unutmayaq ki, 2015-ci ildə Ermənistanın olimpiya heyəti Bakıya yollanmışdı. Və bu o vaxt idi ki, vəziyyət çox gərgindi. Biz mahiyyət etibarilə 2016-cı il müharibəsinə yaxınlaşırdıq”.

Politoloq Nəzakət Məmmədova, Bakı:

[Ermənistan diplomatiyasının] strateji planı “böyük Ermənistandır”, Mxitaryan [erməni futbolçu, Manchester United klubunun oyunçusu], TRASEKA və sairə – bunlar isə məkrli siyasətə xidmət edən taktiki gedişlərdir. Əgər Mxitaryan Azərbaycanın beynəlxalq imicinin zədələnməsi üçün istifadə olunursa, TRASEKA kimi böyük layihədə iştirak həm də Ermənistanın özünün sivil, demokratik dövlət imicinin yaradılması üçün lazımdır”.

Dağlıq Qarabağ Respublikası Cənubi Qafqazda tanınmamış respublikadır, əhalisinin böyük əksəriyyəti etnik ermənilərdən ibarətdir. Dağlıq Qarabağ 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində ətraf ərazilərlə birlikdə Ermənistan tərəfinin nəzarəti altına keçib. 

Münaqişə “dondurulmuş” hesab olunur, qoşunların təmas xəttində hələ də atışmalar davam edir, insanlar həlak olur.


More on JAMnews