Zamanında bu səlahiyyətləri iki prezidentlik müddətindən sonra baş nazir kürsüsünü tutmağa hazırlaşan keçmiş prezident Serj Sarqsyan özü üçün hazırlamışdı" />

Ermənistan müxalifəti “super baş nazir” səlahiyyətlərinə qarşı mübarizə aparır

Zamanında bu səlahiyyətləri iki prezidentlik müddətindən sonra baş nazir kürsüsünü tutmağa hazırlaşan keçmiş prezident Serj Sarqsyan özü üçün hazırlamışdı

Ermənistan parlamentində hökumətin strukturu və tərkibi haqda qanun layihəsi müzakirə olunur. Hökumət optimallaşdırmaya gedir və bir neçə nazirliyi ləğv etməyə hazırlaşır. Müxalifəti isə daha çox baş nazirin həddən artıq geniş səlahiyyətlərinin saxlanılması narahat edir. Zamanında bu səlahiyyətləri keçmiş prezident Serj Sarqsyan özü üçün nəzərdə tutmuşdu. O, iki prezidentlik müddətindən sonra ölkəyə baş nazir qismində rəhbərlik etmək və ən yüksək səviyyədə hakimiyyəti əlində saxlamaq niyyətində idi.

İnqilab lideri və hazırkı baş nazir Nikol Paşinyanı sələfinin özü üçün hazırladığı “super baş nazir” səlahiyyətlərini öz maraqları naminə saxlamaqda günahlandırmağa çalışırlar.

Ermənistanın yeni liderinin hakimiyyətdə 100 günü – Nikol Paşinyan hesabatını meydanda verib

Ümumdünya Bankı Ermənistanda iqtisadi yüksəliş tempinin azalacağını proqnozlaşdırır

 Müxalifət nəyə qarşı çıxır?

Maariflənmiş Ermənistan Partiyasının sədri Edmon Marukyan “Hökumətin strukturu haqda” qanuna dəyişikliklər müzakirə olunarkən bütün dövlət idarəçiliyi sistemini tənqid edib.

Marukyanın sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti keçmiş prezident və baş nazir Serj Sarqsyanın maraqlarına uyğun hazırlanmış strukturu saxlamağa çalışır.

“Məlumdur ki, bu idarəetmə strukturu “Serj Sarqsyanın kostyumu” – “super baş nazir” sistemi adlandırılmışdı. İndi siz bu kostyumu gətirmisiz, qollarından düymələri sökmüsüz və deyirsiz ki, bu, yaxşı kostyumdur. Axı bu, elə həmin Serj Sarqsyanın boyuna biçilmiş kostyumdur… Siz niyə Serj Sarqsyanın kostyumunu geyinmisiz?”, – öz kostyumuna və düymələrinə işarə edərək danışan Edmon Marukyan qəzəbini ifadə edib.

Müxalifətçi deputatı ən çox narahat edən fakt polis və Milli Təhlükəsizlik Xidmətinin birbaşa baş nazirlə təmasda işləməsi və parlamentin nəzarətində olmamasıdır.

Marukyan Paşinyanın Milli Təhlükəsizlik Xidməti və polisin nazirlik olmasının vacibliyi haqda bəyanatını xatırlayıb:

“Bu strukturları hökumətin tərkibinə daxil etmək təşəbbüsü hər ikimizdən gəlirdi, amma əvvəlki hakimiyyət tərəfindən rədd edilmişdi. Sizin təqdim etdiyiniz sistem isə mahiyyət etibarilə elə Serj Sarqsyanın sistemidir. Siz iki düyməni sökmüsüz, amma baş nazir əslində MTX və Dövlət Gəlirləri Komitəsinin rəhbəri olaraq qalıb. Və indi bu strukturlara görə məsuliyyət daşıyacaq orta həlqə yoxdur”.

Maarişlənmiş Ermənistan Partiyasının lideri Marukyan bəyan edib ki, onun fraksiyası qanun layihəsinə qarşı səs verəcək.

“Güc strukturlarının siyasi strukturlara çevrilməsi məqsədə uyğun deyil”

“Mənim addımım” iqtidar fraksiyasının rəhbəri Lilit Makunts hökumətdə struktur yenidənqurması haqda qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, hələlik güc strukturlarını siyasi strukturlara çevirmək “məqsədə uyğun deyil”:

“Özümüzün və başqa ölkələrin təcrübəsindən çıxış edərək, bu strukturların siyasi orqanlar kimi hazırkı mərhələdə doğura biləcəyi qayğıları nəzərə alaraq biz bunu məqsədə uyğun hesab etmirik. Ola bilər ki, gələcəkdə biz bunu müzakirə edək və anlayaq ki, belə bir problem yoxdur”.

 

Hökumətin strukturu necə dəyişir?

Ermənistan hökuməti martın 7-də “Hökumətin strukturu haqda” qanuna dəyişiklik və əlavələri təsdiqlədi. Hazırda sayı 17 olan nazirlikləri 12-ə qədər azaltmaq nəzərdə tutulub.

İxtisara düşən nazirliklər:

  • Mədəniyyət,
  • Kənd təsərrüfatı,
  • Enerji infrastrukturları və təbii ehtiyatlar,
  • Diaspora,
  • Gənclər və idman.

Artıq baş nazirin birinci müavini vəzifəsi olmayacaq, üç müavin əvəzinə ikisi qalacaq.

Ədliyyə naziri Artak Zeynalyanın sözlərinə görə, hökumətin tərkibinin dəyişməsi icra hakimiyyətinin işinin səmərəliliyini artıracaq:

“Təklif olunan düzəlişlərin əsas məqsədi funksional mənada ən optimal hökumət strukturu yaratmaqdır ki, bu da fəaliyyətdə səmərəliliyi yüksəltmək imkanı verəcək…”


More on JAMnews