Baş nazirin bu tapşırığını çoxları ölkədə sərt senzura tətbiqinə cəhd kimi qəbul edib" />

Ermənistan Milli Təhlükəsizlik Xidməti feyklərlə mübarizə aparır

Baş nazirin bu tapşırığını çoxları ölkədə sərt senzura tətbiqinə cəhd kimi qəbul edib

Ermənistanda Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyanın tapşırığı ilə feyklərlə mübarizəyə başlayıb.

Niyə feyklərlə mübarizə başlayıb?

Baş nazir bəyan edib ki, cinayətkar çevrələr sosial şəbəkələrdə və mediada ictimai fikri manipulyasiya etmək üçün milyonlar xərcləyirlər və bu, milli təhlükəsizlik məsələsidir. Nəticədə o, Milli Təhlükəsizlik Xidmətinə bu problemi həll etmək tapşırığı verib:

“Ümid edirəm ki, sizin xidmət konkret nəticələrlə təmin edəcək. Sosial şəbəkələrdə hətta zorakılığa çağırış edən, o cümlədən də keçmiş hakimiyyətin ünvanına inqilab bayraqları altında hədə yayan feyklər də var. Onlar bunu o məqsədlə eləyirlər ki, guya bizə aidiyyatları olduğunu göstərsinlər. Bu cür manipulyasiyalara qarşı sərt əks-zərbə endirmək lazımdır. Düşünürəm ki, Ermənistan Respublikasının qanunvericiliyi bu cür imkanı verir – əlbəttə ki, söz azadlığı haqqını hec cür şübhə altına qoymadan”.

İlk nəticələr

Feyklərə qarşı mübarizənin ilk nəticələri haqda artıq səhəri gün məlum olub.

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Atrur Vanetsyan bəyan edib ki, baş nazirin tapşırığı yerinə yetirilib. MTX Facebook sosial şəbəkəsində Ermənistan hakimiyyətinin fəaliyyəti haqda yalan informasiya yayan feyk akkaunt aşkarlayıb:

“Facebook-da dezinformasiya yayan çox məşhur feyk var. Söhbət “Hayastan Ruhları Açıq Cəmiyəti” adlı səhifədən gedir. Bu səhifə arxasında gizlənən şəxs… saxlanılıb”.

DTX rəhbəri bildirib ki, səhifə admini haqqında “irqi, dini və milli əlamətlərə görə nifaq yaymaqla bağlı” cinayət işi qaldırılıb.

Ekspertlər senzuradan ehtiyat edir

Ermənistanlı ekspertlər dövlət səviyyəsində feyklərə qarşı başlanan mübarizədən narahat olub. Çoxları bunu senzura tətbiq etmək cəhdi kimi qəbul edib, baxmayaraq ki, mübarizənin “heç bir halda söz azadlığını şübhə altına qoymayacağı” tərzdə həyata keçiriləcəyi bildirilir.

Baş nazirin tapşırığını Milli Təhlükəsizlik Xidmətinin yerinə yetirməsi vəziyyətə xüsusi rəng qatır. “İnformasiya Azadlığı Mərkəzi” ictimai təşkilatının prezidenti Şuşan Doydoyan hesab edir:

“Mövcud şərtlər altında manipulyasiyaya qarşı Milli Təhlükəsizlik Xidmətinin iştirakı ilə mübarizədə subyektiv yanaşmanın hökm sürəcəyi və senzura atmosferi yaradacağı təhlükəsi var ki, bu zaman jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri nəticələrdən ehtiyat edərək hakimiyyətin fəaliyyətinə reaksiya verməyəcək və tənqiddən çəkinəcəklər”.

Söz Azadlığı Komitəsinin sədri Aşot Melikyan əmindir ki, sosial şəbəkələrdə manipulyasiyalarla, hətta qəsdən nifrət, irqçilik və ya diskriminasiya ifadəsi hallarında belə, MTX yox, mətbuat xidmətləri, xüsusi komissiyalar məşğul olmalıdır:

“MTX-nın onsuz da funksiyası çoxdur və öz işləri ilə məşğul olmalıdır, dövlət sistemində isə manipulyasiyanın öhdəsindən gələcək və onlara qarşı tədbirlər görə biləcək çox sayda başqa strukturlar var”.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan əmindir ki, dünyada hələlik feyklərlə və təbliğatla mübarizənin uğurlu təcrübəsi mövcud deyil. Bununla əlaqədar olaraq, o hesab edir ki, Ermənistan hazırda xaricdəki vəziyyəti sadəcə izləsə daha yaxşı olar:

“Əlbəttə, qanunvericiliyə dəyişiklik etmək mümkündür, bu gün bir çox ölkələr bu yolla gedir. Amma bu yaxşı yol deyil, çünki hələ heç kim normal mediaya toxunmadan feykləri və təbliğat mənbələrini boğmağa imkan verən səmərəli qanun hazırlaya bilməyib. Adətən nəticələr pis olur və bütün bunlar söz azadlığına təsir edir”.

MTX rəhbərinin cavabı

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri aprelin 10-da jurnalistlərin feyk səhifələrin istifadəçilərinin məsuliyyətə cəlb olunması haqda suallarına cavab verərkən deyib:

“Anonimlik – insanın haqlarından biridir və heç kimin bunu pozmaq hüququ yoxdur. Amma əgər insan fərqli adla çıxış edərək şəbəkədə və ya cəmiyyətdə cinayət tərkibinə əsaslanan informasiya yaymağa çalışırsa, bu, başqa məsələdir”.


More on JAMnews