İlkin tələbat mallarının qiymətləri qalxacaq. İdxal edilən buğda bahalaşdığından çörəyin də qiyməti arta bilər" />

Ermənistan gömrük rüsumlarının qalxması səbəbindən 800 adda malın qiymətlərinin bahalaşmasına hazırlaşır

İlkin tələbat mallarının qiymətləri qalxacaq. İdxal edilən buğda bahalaşdığından çörəyin də qiyməti arta bilər

Ermənistana idxal edilən 800 adda malın gömrük rüsumları 2020-ci ilin yanvar ayının 1-dən yüksələcək. Söhbət Ermənistana Avrasiya İqtisadi Şurasna daxil olmayan ölkələrdən idxal olunan mallardan gedir.

Avrasiya İqtisadi Şurası (AAİŞ) – Rusiyanın nüfuz dairəsi altında fəaliyyət göstərən və Ermənistanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın daxil olduğu beynəlxalq iqtisadi inteqrasiya təşkilatıdır. Təşkilat öz üzvləri üçün işçi qüvvəsinin, malların, xidmətlərin və kapitalın azad hərəkətini təmin edir.

2015-ci ildən Ermnistan AAİŞ-ə qoşulub və avtomatik olaraq bu təşkilatın Gömrük İttifaqının üzvünə çevrilib. Elə həmin 2015-ci ildə qərara alınıb ki, Avrasiya İqtisadi Şurasına daxil olan bütün ölkələrdə gömrük rüsumları bərabərləşdirilsin. Bu prosesin son məqsədi vahid bazarın formalaşdırılması olmalıdır.

Üçüncü ölkələrdən, yəni AAİŞ üzvü olmayan ölkələrdən Ermənistana idxal olunan mallar üçün dəyişikliklərin qüvvəyə minməsi ilə sərhəddə daha yüksək gömrük rüsumları ödəmək lazım gələcək. Beləliklə, AAİŞ-dən idxal edilən mallar rəqabətdə üstünlük qazanacaqlar.

Ermənistanda rüsumların yüksəlməsi hələlik təxirə salınmışdı, yəni bəzi mallar üçün istisnalar edilmişdi. Güman edilirdi ki, 2020-ci ilə qədər Ermənistan hakimiyyəti ölkənin iqtisadiyyatını dəyişikliklərə uyğunlaşdıracaq.

Avropa İttifaqı ölkələrinin azad ticarəti üçün maneələri necə aradan götürməli – Yerevanda görüş

Ermənistanın baş naziri Ermənistan-Rusiya münasibətlərinin inkişafı perspektivlərinə nikbin yanaşır

Hansı mallara rüsumlar artacaq

800 adda mallar arasında ilkin tələbat malları da var. Məsələn, 2020-ci ildə ev heyvanlarının ətinə tətbiq edilən gömrük rüsumları 25 faiz, sonradan isə 80 faiz artırılacaq.

Buğdanın, günəbaxan yağının, südün, kənd təsərrüfatı texnikasının gömrük rüsumları da dəyişikliyə uğrayacaq.

Ən çox bahalaşan minik avtomobilləri olacaq, belə ki, onların gömrükdən keçirilməsi üçün ödəniləcək məbləğ 6 dəfə yüksələcək. Ekspertlərin qiymətləndirmələrinə əsasən, bu, maşınların qiymətlərinin 4 dəfə qalxmasına səbəb olacaq.

 Bu, nəyə gətirib çıxaracaq

Gömrük rüsumlarının yüksəlməsi qaçılmaz olaraq yalnız siyahıda adları çəkilən malların bahalaşmasına səbəb olmayacaq. Multiplikativ effektin işə düşməsi qaçılmazdır ki, bu zaman bir malın bahalaşması digərlərinin də bahalaşmasına gətirib çıxarır – iqtisadçı Vaahn Xaçatryan belə hesab edir.

«Bütün bunlar vətəndaşlarımıza toxunacaq və iqtisadiyyata mənfi təsir göstərəcək. AAİŞ ölkələrində gömrük rüsumları Ermənistandakından orta hesabla 2,7 dəfə yüksəkdir. Həm də qeyd edim ki, ittifaqa daxil olana kimi Ermənistan açıq qapı siyasəti yürüdürdü və rüsumlar 5-10 faizdən yüksək deyildi».

Üçüncü ölkələrdən idxal olunan mallara gömrük rüsumlarının dəyişilməsi ona gətirib çıxaracaq ki, Ermənistan sakinləri üçün seçim imkanları xeyli aşağı düşəcək:

«Biz artıq öyrəşdiyimiz bir çox malları ala bilməyəcəyik, çünki misal üçün, məişət və kənd təsərrüfatı texnikası idxal edən biznes anlayacaq ki, rəqabətə tab gətirə bilmir. Biz Koreyada istehsal olunmuş yox, Rusiyada istehsal olunmuş televizorları alacağıq», – iqtisadçı Vaahn Xaçatryan deyir.

Belə bir vəziyyətin yaranmasına yol verməmək üçün Ermənistan hakimiyyəti AAİŞ-dən olan həmkarları ilə danışıqlara başlamalıdırlar – iqtisadçı Tatul Manaseryan əminliklə bildirir:

«Ola bilsin ki, bəzi adda mallar üçün hazırda mövcud olan faiz dərəcələrinin qüvvədə olma müddətinin uzadılması barədə razılıq əldə olunsun. Çünki bu, yalnız Ermənistanın deyil, ittifaqın digər üzvlərinin də problemidir».

2019-cu ildə Avrasiya İqtisadi Şurasında sədrlik Ermənistana keçib və aprelin 30-da təşkilat üzvlərinin hamısının hökumət başçıları AAİŞ-in hökumətlərarası şurasında iştirak etmək üçün Yerevana gəliblər.

Yerevandakı iclasda müzakirə olunan əsas məsələlərdən biri gömrük rüsumları ilə bağlı vəziyyət idi. Lakin iclasdan sonra Rusiyanın baş naziri Dmitri Medvedev özü bildirib ki, idxal gömrük rüsumları ilə bağlı konkret qərar qəbul etmək hələlik mümkün olmayıb.

Facebook Comments

More on JAMnews