Tərəflərin mövqeyi, Ermənistan və Azərbaycan ekspertlərinin gözləntiləri haqda təfərrüatlar" />

Ermənistan baş nazirinin Azərbaycan prezidenti ilə ilk rəsmi görüşü Vyanada baş tutacaq

Tərəflərin mövqeyi, Ermənistan və Azərbaycan ekspertlərinin gözləntiləri haqda təfərrüatlar

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Vyanada görüşəcəklər. Azərbaycan və Ermənistan tərəfi artıq bu informasiyanı təsdiqləyib. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə baş tutacaq. Mahiyyət etibarilə bu görüş Azərbaycan və Ermənistan arasında dövlət başçıları səviyyəsində iki il əvvəl kəsilmiş danışıqlar prosesinin yenidən başlanması anlamına gələcək.

Ermənistan və Rusiya XİN-ləri bəyan edib: azərbaycanlılar Ermənistana gələ bilər

 Nəzərdə tutulmuş görüş haqda nə məlumdur?

İlham Əliyev və Nikol Paşinyanın mart görüşü dövlət başçılarının ilk rəsmi görüşü olacaq.

İndiyə qədər Əliyev və Paşinyan bir neçə dəfə qeyri-formal şəraitdə görüşüblər. Hərçənd bu planlaşdırılmamış görüşlər zamanı tərəflər təmas xəttində daha sakit vəziyyətin yaradılması ilə bağlı razılığa gəliblər.

Məhz o zaman Azərbaycan və Ermənistan münaqişə tərəflərinin müvafiq qurumları arasında operativ əlaqə yaradılması mexanizminin hazırlanması ilə bağlı razılıq əldə ediblər.

Amma Ermənistanın baş naziri bəyan edib ki, onların Azərbaycan prezidenti ilə indiyə qədərki görüşləri danışıqlar prosesinin başlanğacı sayıla bilməz, onlar sadəcə öz mövqelərini dəqiqləşdiriblər və danışıqların predmetini konkretləşdirməyə çalışıblar.

Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin də bir neçə görüşü baş tutub, bu görüşlərdə ATƏT-in iki ölkə xalqlarının sülhə hazırlanmasının vacibliyi ilə bağlı bəyanatı səslənib.

İlham Əliyev və Nikol Paşinyanın görüşə razılıq verdikləri haqda hələ martın əvvəlində bəlli olub.

Yerevandan informasiya

Ermənistan baş nazirinin yanaşması

Nikol Paşinyan baş nazir olan kimi Qarabağ nizamlaması ilə bağlı öz mövqeyini bəyan edib.

O bildirib ki, Dağlıq Qarabağ danışıqlar masası arxasına qayıtmalıdır. Azərbaycan tərəfi bununla razı deyil, baxmayaraq ki, 1994-cü ildə atəşkəs haqda sənədi Qarabağ tərəfi də imzalayıb və bu da danışıqlar prosesinin ilk mərhələsində onun iştirakını təsdiqləyir.

Danışıqlarda vasitəçi kimi iştirak edən ATƏT-in Minsk Qrupu az əvvəl səsləndirdiyi bəyanatında tərəfləri danışıqlar formatının birtərəfli şəkildə dəyişdirilməsini tələb etməkdən çəkindirib.

Həmsədrlərin bu bəyanatına cavab verərkən Ermənistanın baş naziri yanaşmasının dəyişməzliyini vurğulayıb:

“Biz ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nizamlama prosesində göstərdikləri səyləri yüksək dəyərləndiririk. Amma əsas sual ondadır ki, danışıqlar prosesində Artsax xalqını kim təmsil edir?… Məsələ orasındadır ki, bu gün danışıqlar masasında Artsaxın legitim, səlahiyyətli nümayəndəsi yoxdur. Çünki danışıqlar masası arxasında Qarabağ xalqının seçdiyi subyekt və ya həmkarlarımızın adətən dediyi kimi Qarabağ erməniləri yoxdur.

Dəfələrlə demişəm ki, Ermənistanın baş naziri bu cür səlahiyyətlərə sahib deyil… Və bu naz deyil, ön şərt deyil, legitimlik məsələsidir. Legitimlik isə müasir münasibətlərdə həlledici amildir – yalnız daxili siyasi münasibətlərdə yox, həm də dövlətlərarası, xalqlararası münasibətlərdə. Yeri gəlmişkən, Ermənistan Respublikasının və ya baş nazirinin bu yolla öz üzərindən məsuliyyəti Artsax hakimiyyətinin və ya xalqının üzərinə qoyduğu haqda şərhlər absurddur… Ermənistan Respublikasının dünən, bu gün və sabah Artsaxın təhlükəsizliyinin əsas  qarantı olduğunu və sülh prosesində iştirakımızı davam etdirəcəyimizi qeyd etməyi vacib hesab edirəm”.

Martın 19-da baş tutan sonuncu mətbuat konfransında onun yanaşmasının dövlət başçıları arasında dialoqu dalana dirəməyəckmi, sualına Nikol Paşinyan belə cavab verib:

“Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi çərçivəsində yeni təşəbbüsləri meydan oxuma deyil, dialoqa çağırışdır… Biz dostlarımızla faktlar əsasında müzakirələri davam etdirəcəyik. Tərəfdaşlarımızın bizim mövqeyimizi fövqəladə sərt hesab etdiyi yerdə biz bu mövqeyi yumşalda bilərik, amma eyni şeyi biz tərəfdaşlardan da gözləyirik. Əks halda bu, danışıqlar olmayacaq”.

Amma aydın deyil ki, Ermənistanın baş naziri danışıqlar formatı ilə bağlı hansı güzəştlərə getməyə hazırdır.

Mətbuat konfransında o, həmçinin birbaşa Azərbaycan xalqı ilə danışaraq sülhə hazırlamağa da hazır olduğunu bildirib:

“Düşünmürəm ki, hər prezident yalnız öz cəmiyyətini sülhə hazırlamalıdır. Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin sülhə hazırlanmasında da iştirak etməliyəm və əksinə. Mənim üçün maraqlıdır, Azərbaycan prezidentinin Ermənistan və Artsax xalqına deyəcək sözü varmı? Mənim Azərbaycan xalqına deyəcək sözüm var və mən belə bir imkana çox şad olardım. Amma bu cür yanaşma birtərəfli ola bilməz. Konstruktiv atmosferə ehtiyac var”.

Ermənistan müdafidən hücuma keçməyə hazırdır 

Azərbaycan və Ermənistan rəhbərləri təmas xətində atəşkəsin möhkəmləndirilməsi haqda razılığa gələndən sonra Ermənistanın müdafiə naziri David Tonoyan Qarabağda hərbi əməliyyatlar yenidən başlanarsa, Ermənistanın hücuma keçməyə hazır olduğu haqda bəyanatla çıxış edib.

O həmçinin bildirib ki, strategiya dəyişikliyi ilə əlaqədar olaraq yeni silah növləri də əldə olunur, amma nazir məhz hansı silahlardan söhbət getdiyini aydınlaşdırmaqdan imtina edib. Bu kontekstdə David Tonoyan ancaq Rusiyadan SU-30SM qırıcılarının alındığını və Moskvanın ayırdığı 100 milyon dollarlıq yeni müdafiə kreditini qeyd edib.

“Psixologiya dəyişir, yanaşmalar dəyişir, çünki müdafiə olunan ordular həmişə məğlubiyyətə uğrayır. Biz müdafiə mövqeyində qalmaq niyyətində deyilik”, – həmin vaxt nazir deyib.

Görüşdən əvvəl sərhəddə ənənəvi gərginlik

Ermənistan mediasının xəbərinə görə, Azərbaycan-Ermənistan sərhədində son insident martın 26-da baş verib. Azərbaycanın silahlı qüvvələri Ermənistanın Berdavan kəndi yaxınlığında mühəndis işləri apararaq, öz mövqelərini irəli çəkməyə cəhd göstəriblər.

Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan silahlı qüvvələri Ermənistan mövqeləri istiqamətndə atəş açıb, amma “rəqib cavab atəşilə susdurulub, mühəndis işləri dayandırılıb”.

Ekspertlər nə deyir?

Ermənistanlı ekspertlər gözlənilən görüşlə bağlı yetəri qədər təmkinli münasibət göstəriblər. Əksəriyyət hesab edir ki, tez bir zamanda praktiki nəticələr gözləmək lazım deyil, bu, dövlət başçıları arasında ilk ağır, ciddi dialoq olacaq. Bu da danışıqlar prosesində Dağlıq Qarabağın iştirakı ilə bağlı Bakının qəti narazılığı ilə izah olunur. Bununla belə ekspertlərin özləri ümumilikdə Nikol Paşinyanın bu prinsipini dəstəkləyirlər.

Bir çox ermənistanlı politoloqlar hesab edirlər ki, indi tərəflər kompromisə yox, yalnız öz dövlətinə sərf edən məqsədlərinə nail olmağa köklənib.

Bakıdan informasiya

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri ilə nəzərdə tutulan görüşü ilə bağlı heç bir açıqlama verməyib. Amma Azərbaycan XİN-in mətbuat xidmətinin bəyanatı yayılıb, oradan bəlli olur ki, rəsmi mövqedə əhəmiyyətli bir dəyişiklikdən söhbət getmir.

“…Bununla bağlı olaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatını yenidən qeyd etmək lazımdır, orada onlar birmənalı şəkildə danışıqlar prosesinin formatının dəyişdirilməməsinin tərəfdarı kimi çıxış ediblər. Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də analoji bəyanatlar səsləndiriblər. Dünya birliyinin bu mövqeyi” Ermənistana ciddi mesajdır, həm də Azərbaycanın əsaslı mövqeyinin dəstəklənməsindən xəbər verir”.

Danışıqlar formatının dəyişdirilməsi, yəni Qarabağın üçüncü tərəf kimi danışıqlar prosesinə daxil edilməsi haqda bəyanatda deyilir ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icması “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra keçirilməsi nəzərdə tutulan Minsk konfransına” dəvət oluna bilər.

Deputat Elman Nəsirov deyib ki, Azərbaycan prezidenti bu danışıqlarda üstün mövqedə olacaq, çünki Paşinyan formatı dəyişməyə nail ola bilməyib:

“İlham Əliyev bu məsələdə qətiyyətli və prinsipial mövqe göstərdi, ATƏT-in Minsk Qrupu və Avropa İttifaqı rəhbərliyi də bununla razılaşdı. Yəni Paşinyan görüşə ciddi təzyiq altındaykən gələcək.

Əgər danışıqlar prosesində uzun müddətli fasilə yaranırsa, kövrək atəşkəs rejimi ciddi pozula bilər. Aprel döyüşləri göstərdi ki, hadisələrin ən mürəkkəb ssenari üzrə inkişaf etməsi mümkündür. Paşinyan hərbi əməliyyatların yenidən başlana biləcəyinə görə məsuliyyəti dərk etməlidir və marionet rejimi danışıqlar prosesinin iştirakçısı etmək cəhdlərinin gətirib çıxara biləcəyi nəticələri proqnozlaşdırmalıdır”.

Qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi

Martın 26-da axşam Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Fizuli istiqamətində tərəflər arasında baş verən atışma nəticəsində Azərbaycan ordusunun hərbçisi Əlləz Əlləzov həlak olub.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, atışma Ermənistan tərəfindən təşviq edilib:

“Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin hissələri cəbhənin müxtəlif istiqamətlərində təxribata yol veriblər. Azərbaycan ordusu düşmənin atəş nöqtələrini susdurub”.

Həmçinin nazirlik Azərbaycan tərəfinin öz mövqelərini irəli çəkmək cəhdi ilə bağlı Ermənistan mətbuatında gedən məlumatları da təkzib edib:

“Rəsmi şəkildə bildiririk ki, yayılmış informasiya həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır”.

Azərbaycan müdafiə mövqelərini möhkəmləndirir

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Ermənistanla dövlət sərhədində yerləşən “Qazax” sərhəd dəstəsi hissələrinin hərbi hazırlığını yoxlayıb – bu haqda DSX mətbuat xidmətindən ONA informasiya agentliyinə bildirilib. Ərazilərin qorunması və sərhəd müdafiəsi tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul edilib.

Müdafiə mövqelərinin, istehkam işlərinin möhkəmləndirilməsi ilə bağlı göstərişlər verilib.


More on JAMnews