İnsanlar pis idarəçiliyi hazırkı hakimiyyətin ən böyük uğursuzluğu sayırlar" />

Ermənistan əhalisinin yarısından çoxu hökumətə etibar edir – sorğu nəticəsi

İnsanlar pis idarəçiliyi hazırkı hakimiyyətin ən böyük uğursuzluğu sayırlar

Ermənistanda sorğu olunanların 72 faizi hökumətə etibar edir. Bununla belə 22 faiz pis idarəçiliyi hazırkı hökumətin ən böyük uğursuzluğu sayır. Beynəlxalq Respublika İnstitutunun  İctimai Sorğular Mərkəzinin yeni tədqiqatının nəticələri bəlli olub.

İnqilabdan sonra: yeni Ermənistanda yaşamın ilk ili

Ermənistanda hökumətin sərt senzura tətbiq etmək niyyətindən ehtiyatlanırlar

 Sorğu təfərrüatları rəqəmlərlə

Sorğu nəticələrinə əsasən, Beynəlxalq Respublika İnstitutu bildirir ki, əhalinin əksər hissəsi iqtisadiyyatın tezliklə inkişafı ilə bağlı müəyyən narahatlıqları olsa da, Ermənistanın gələcəyinə dair nikbin əhvaldadır.

Sorğu edilənlərin 72 faizi baş nazir institutuna etibar etdiyini bildirib. Əslində bu, 2018-ci il “məxməri” inqilabından sonra hakimiyyətə gələn hazırkı baş nazir Nikol Paşinyana və onun hökumətinə olan etibar hesab edilə bilər.

Hökumətin işinin dəyərləndirilməsində korrupsiya ilə mübarizə ən mühüm amil olub. Sorğuda iştirak edənlərin 59 faizi hesab edir ki, hökumət korrupsiya ilə mübarizəyə kifayət qədər səy göstərir.

Respondentlərin 60 faizi hesab edir ki, ölkə doğru yolla irəliləyir. Bu, yetərincə yüksək göstərici olsa da, 2018-ci ilin oktyabrı ilə müqayisədə 12 pillə enib.

Rəyi soruşulanların 60 faizi hökumətin iqtisadi və siyasi islahatları tədricən yox, mümkün qədər sürətlə aparmasını istəyir.

“Ermənistan insanlarının ifadə etdiyi azad iradə və əhval hökumətə köklü islahatlar həyata keçirməyə və insanların iqtisadi rifahını yüksəltməyə misilsiz imkan verir… Hökumət islahatlarının həyata keçirilməsi ictimai dəstəyi qorumaq və hökumətin islahat proqramını reallaşdırmaq üçün dönüş əhəmiyyəti kəsb edir”, – Beynəlxalq Respublika İnstitutunun Avrasiya regionu üzrə direktoru Stiven Niks deyib.

 İnsanlar nədən narazıdır?

Hökumətin ən böyük uğursuzluqlarından danışarkən, respondentlər pis idarəçiliyi qeyd ediblər. Bu fikri sorğu edilənlərin 22 faizi bölüşüb.

Bundan başqa, son altı ay ərzində ölkədə qəbul olunan qərarlara təsir edə biləcəyini düşünən insanların sayı 72 faizdən 53 faizə enib.

Respondentlərin fikrincə, yaxın altı ayda hökumət ilk növbədə aşağıdakı problemləri həll etməlidir:

• iş yerlərinin yaradılması (30%),

• sosial-iqtisadi problemlərin həlli (18%),

• əməkhaqlarının artırılması (14%),

• pensiyaların artırılması (12%).

 Sosial sorğu necə aparılıb?

Beynəlxalq Respublika İnstitutu qeyri-kommersiya təşkilatıdır. Qurum elan edir ki, məqsədi “ayrı-ayrı ölkələrə demokratiya quruculuğunda yardım etməkdir”. Direktorlar Şurasının sədri Alyaska Ştatının senatoru Den Sallivandır.

Ermənistanda məlumatların toplanmasını Ermənistan Sosioloji Assosiasiyası həyata keçirib. Məlumatlar bütün ölkə üzrə 2019-cu il mayın 6-dan 31-ə qədər sorğu vasitəsilə respondentlərin evlərində “tet-a-tet” toplanıb.

Respondentlərin seçimi Ermənistanda daimi yaşayan yaşı 18 və daha çox olan 1200 sakin arasında edilib.

Sorğu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilib.


More on JAMnews