“Mənim üçün təhlükəsizlik orqanlarına qayıtmaq doğma evimə qayıtmaq kimidir”, - Putinin sitatı" />

Düz 20 il əvvəl Vladimir Putin Rusiya təhlükəsizlik xidmətinin başına keçib və hazırkı prezident kürsüsünə qədər yüksəlməyə başlayıb

“Mənim üçün təhlükəsizlik orqanlarına qayıtmaq doğma evimə qayıtmaq kimidir”, - Putinin sitatı

İyirmi il əvvəl 1998-ci ilin iyulunda hazırkı Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə gəlib. Növbəti il yarım ərzində o, sürətli karyera sıçrayışına nail olub, əvvəlcə baş nazir, sonra isə Rusiya prezidenti kürsüsünü tutub.

Azadlıq Radiosuna müsahibəsində “Putinizm” saytının redaktoru Artyom Kruqlov Vladimir Putinin 1980-1990-cı illərdə nə ilə məşğul olduğu haqda danışıb.

1990-ci illərdə Putinin fəaliyyəti

Bu nadir kadrlar 1998-ci ildə çəkilib – o zamankı Rusiya hökumət başçısı Sergey Kiriyenko yeni rəisi tabeliyində olan əməkdaşlara təqdim edir. “Mənim üçün təhlükəsizlik orqanlarına qayıtmaq doğma evimə qayıtmaqdır”, – Putin elan edir.

Putinin “doğma evinə qayıtmaqla” bağlı söylədiyi boş söz deyil. O, uzun müddət DTK-nın (Dövlət Təhlükəsizliyi Komitəsi) beşinci idarəsində, yəni “ideoloji diversiyalarla mübarizə” üzrə ixtisaslaşmış şöbədə çalışıb. Başqa sözlə desək, bu, Sovet İttifaqında fərqli düşüncə ilə mübarizə aparan həmin qurum idi.

“1980-ci illərin sonunda Drezdendə Putin əsasən anket işi ilə məşğul olub. Cəlb etmək üçün uyğun obyektlərin axtarışında müxtəlif insanlara aid minlərlə dosyeni nəzərdən keçirib – Drezdendə oxuyan xarici tələbələr, oraya qohumları ilə gələn qərbi almaniyalılar və başqaları”, – Artyom Kruqlov danışır.

Terrorçularla əməkdaşlıq haqda

Kruqlovun fikrincə, “Putin Sovet İttifaqının beynəlxalq terroru dəsdəklədiyi proqramda iştirak edib”. Gələcək Rusiya prezidenti məsələn, “Qırmızı Ordu Fraksiyası” təşkilatının tərkibində Qərbi Almaniyada terror aktları törədən Ditmar Klodo ilə əməkdaşlıq edib.

Kruqlov hesab edir ki, DTK terrorçuları silah, pul, saxta sənədlə təmin edir, onlara təlim keçir və istiqamətləndirirdi. “Yəni Putin bir növ peşəkar terrorçu tərəfdaşıdır”.

Çeçen cinayətkar qrupu və Putinin Kadırova köhnə əlaqələri haqda

Kruqlov 1980-ci illərdə Moskvada yaranan mütəşəkkil çeçen cinayətkar qruplaşması haqda da danışıb. Bu qruplaşma “Lazan qruplaşması” adlanır və 1990-cı illərin sonlarında – 2000-ci illərin əvvəllərində bir sıra sifarişli qətl və terror aktı törədib.

“Putin “lazanlıların” taleyinə yeni nə gətirdi? Belə başa düşürəm ki, onlardan ikinci Çeçenistan müharibəsi zamanı əməliyyat tədbirlərində tam yararlanıblar. Onlar vasitəsilə Kadırovu tapıblar. Onlar vasitəsilə reportajları ilə Kremlə mane olan Anna Politkovskayanı [Rusiyanın “Novaya qazeta” nəşrinin araşdırmaçı jurnalisti] öldürüblər”.

“Bu uşaqlar çox çirkli işləri görüblər. Lazan qruplaşmasının qalıqları bütün çeçen mütəşəkkil cinayətkarlığını öz əlində cəmləyən Kadırov klanının nəzarəti altına keçib. Bu, Putinə də çox sərf edirdi”.

2000-ci ildə seçki ərəfəsindəki terror aktları haqda

Foto 2004-cü ildə çəkilib. Vladimir Putin (soldan) artıq Rusiya Federasiyasının prezidentidir, ilk prezident Boris Yeltsinlə söhbət edir. REUTERS/Sergey Karpuxin

FTX direktoru vəzifəsində Putin 1999-cu ilin avqustuna, Yeltsin onu baş nazir elan edənə qədər qaldı.

Elə həmin ərəfədə bir neçə faciə baş verdi.

Çeçen silahlıları Dağıstana soxuldular, 1999-cu ilin sentyabrında isə terror aktları silsiləsi baş verdi – Buynaksk, Moskva və Volqodonskda yaşayış binaları partladıldı, üç yüzdən çox insan həlak oldu.

Daha sonra 2000-ci ildə Rusiyada yenə də bir neçə yayayış binası partladıldı və daha iki yüzdən çox insan həyatını itirdi. Bunun ardınca Rusiya məhkəməsi bu cinayətlərdə çeçenləri günahlandırdı. Və bu partlayışlar Çeçenistanda əməliyyatın – “ikinci Çeçenistan müharibəsinin” başladılması üçün əsas arqumentlərdən biri oldu.

Bəzi ekspertlər, o cümlədən də Kruqlov hesab edir ki, həmin partlayışları FTX və şəxsən Vladimir Putin təşkil edib. Əsas arqument – bu partlayışların Çeçenistanda müharibəni yenidən alovlandırmağa, bu isə öz növbəsində Putinə dövlətin ən başında öz yerini möhkəmləndirməyə kömək etdi.

Kruqlov bu versiyanı bu arqumentlə əsaslandırır.

1999-cu il sentyabrın 22-də Rusiyanın Ryazan şəhərində qeyri-adi hadisə baş vermişdi. Yerli sakin tanımadığı insanların onun yaşadığı binanın zirzəmisinə kisələr daşıdığını görüb milisə vəbər vermişdi. Kisələrdə ağ toz və taymer vardı. Onları zərərsizləşdirə bildilər, ekspress analiz isə göstərdi ki, kisələrdə partlayıcı geksogen maddəsi var. Amma iki gündən sonra FTX-dən bildirildi ki, bu, partlayıcı deyil, şəkər tozudur və bütün əməliyyat da xüsusi xidmət orqanlarının təlimləri çərçivəsində keçirilib.

“Necə yəni – FTX-nın üç əməkdaşı yaşayış binasına qaz analizatorunun göstərdiyi kimi geksogen buxarı çıxan “şəkər tozu” qoymaqla necə təlim keçirirmiş? Niyə bu təlimlər haqda heç kimin xəbəri olmayıb? O dərəcədə xəbəri olmayıb ki, yerli Ryazan FTX-ı “Terror” maddəsi ilə cinayət işi qaldırıb. Bu necə təlimdir ki, belə ağır maddə ilə cinayət işi qaldırılır? Buna görə onlarla insan gecəni küçədə keçirib?”, – Artyom Kruqlov sual edir.

Və cavab verir:

“Kisələri aşkarlayan bina sakini onların tərkibini hansısa qranulaların və sarıya çalan “vermişellərin” qarışığı kimi təsvir edirdi. Arayış üçün: şəkərə bənzər toz – geksogenin görünüşü belədir, “sarımtıl vermişel” isə rəndələnmiş trotildir. Səpilən formada trotil. Məhz bu cür trotil-geksogen qarışığı ilə 2000-ci illərdə Rusiya şəhərlərində binalar partladılmışdı”.

Elə həmin 2000-ci ildə Vladimir Putin ilk dəfə Rusiya prezidenti oldu. 2008-2012-ci illərdə baş nazir olduqdan sonra 2018-ci ilin martında o, üçüncü prezidentlik müddətinə başladı.


More on JAMnews